Sentyabrın 15-də Bakı Xoreoqrafiya Akademiyasında yeni dərs ilinin başlanması münasibətilə “Bilik günü” qeyd olundu.
Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev təhsil ocağının fəaliyyəti barədə danışdı. Bildirdi ki, Bakı Xoreoqrafiya Akademiyasının yaradılması Prezident İlham Əliyevin incəsənətin bu sahəsinə göstərdiyi diqqətin nəticəsidir. Ali məktəbin gələcək fəaliyyəti və görəcəyi işlər mədəni ictimaiyyətin marağını da cəlb etməkdədir. Bu il akademiyaya ilk dəfə olaraq qəbul imtahanı keçirilərək 2015-2016-cı tədris ilinə 11 tələbə qəbul olunub. Akademiyanın yaradılması Azərbaycan mədəniyyətinin inkişafı, o cümlədən rəqs sənəti ənənələrinin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımların başlanğıcıdır.
Ötən müddətdə görülən işlərdən danışan Timuçin Əfəndiyev tədris planlarının hazırlanmasında qabaqcıl dünya təcrübəsindən yararlandığını diqqətə çatdırdı, akademiyanın elmi-nəzəri potensialını inkişaf etdirmək üçün yeni konsepsiyaların işlənməsi ilə yanaşı, bu sahədə müvafiq tədqiqat əsərlərinin vacibliyini də vurğuladı.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin 2014-cü il 30 aprel tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyasının yaradıldığını dedi. Bildirdi ki, mədəniyyətin inkişafı hər zaman dövlətin diqqət mərkəzindədir: “Son illər yeni mədəniyyət mərkəzləri, kitabxanalar, muzeylər, bu sahədə təhsil ocaqları yaradılır. Bakı Xoreoqrafiya Akademiyasının yaradılması da bu diqqət və qayğının bariz nümunəsidir”.
Nazir qeyd etdi ki, Azərbaycanda ilk dəfə məhz Bakı Xoreoqrafiya Akademiyasında davamlı təhsilin təşkilinin əsası qoyulub. Bununla yanaşı, tədris ocağında xoreoqrafiya üzrə beynəlxalq təcrübənin mənimsənilməsi və bu sənətin daha da inkişafı üçün zəruri addımların atılacağı qeyd olundu.
Əbülfəs Qarayev ölkə başçısının müvafiq sərəncamı ilə professor Timuçin Əfəndiyevin Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğunu bildirdi və diplomu rektora təqdim etdi.
Sonda tələbə adını qazanmış gənclərə tələbə bileti və müvəffəqiyyət kitabçaları təqdim olundu. Nazir gənclərə dərs ilində uğurlar arzuladı.
Fariz Hüseynov