Dekabrın 25-də paytaxtdakı “MegaFun” əyləncə mərkəzində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən "Bacarıqlı əllər" rəsm dərnəyi kollektivinin Yeni ilə həsr olunmuş "Rəngbərəng" adlı sərgisi keçirilib.
Sərgidə "Bacarıqlı əllər" rəsm dərnəyinin müəllimləri Gilan Əzizxanlı və Leyla Dadaşovanın 12 yetirməsinin əl işləri nümayiş olunub.
Çeşidli mövzulara müraciət edən uşaqların müxtəlif janrlarda akvarel, akril, rəngli karandaş və qarışıq texnika ilə çəkdikləri 70 rəsm sərgiyə gələn tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb.
Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva nümayiş olunan rəsmlərin uşaqların yaradıcılıq dünyasını əks etdirdiyini bildirib. Qeyd edib ki, estetik dünyagörüşünün formalaşmasında, istedadın daha tez üzə çıxmasında təsviri sənətin xüsusi rolu var və belə sərgilərin keçirilməsi uşaqlara mənəvi stimul verir.
Filarmoniyadakı Musiqili Uşaq Teatrının bədii rəhbəri Elşad Rəhimzadə, tanınmış rəssam İlqar Əkbərov nümayiş olunan rəsmlər barədə öz fikirlərini söyləyiblər.
Tədbirin sonunda balaca rəssamlara sertifikatlar təqdim edilib.