Vədud Müəzzin: “Heykəltəraşlıq İranda rəssamlıqla müqayisədə az inkişaf edib. Bu sahədə Azərbaycan İrandan çox irəlidədir”
Güney Azərbaycandan olan tanınmış rəssam, heykəltəraş və musiqiçi soydaşımız Vədud Müəzzinin özü və yaradıcılığı ilə çoxdan tanışam. O, məşğul olduğu hər üç sahədə böyük uğurlar qazanıb. Novruz günlərində Bakıya gələn soydaşımızla görüşüb söhbət elədik.
- 1960-cı ildə Ərdəbildə anadan olmuşam. Atam Səlim Müəzzinzadə İranın məşhur müəzzini, azan oxuyanı olub. İlk təhsilimi doğulduğum şəhərdə almışam. Ali təhsil almaq üçün Tehrana getmişəm. İran inqilabından (1979) sonra oxuduğum universitet bağlandı. Bundan sonra iki il kino afişaları yazmaqla dolandım. Ardınca ali təhsil almaq üçün Türkiyəyə gedib Memar Sinan Universitetində rəssamlıq üzrə təhsil aldım. Bu müddətdə almanlarla çalışdım. Onlar müxtəlif sifarişlər verir, mən də klassik üslubda natürmort və mənzərələr çəkirdim. İrana qayıtdıqdan sonra yaradıcılığa davam etdim. Dünyanın müxtəlif ölkələrində, İranın ayrı-ayrı şəhərlərində sərgilərim olub. İndiyə qədər rəsm əsərlərimdən ibarət 4 albom-kataloq işıq üzü görüb. İndi həmin albomlardan özəl rəssamlıq məktəblərində geniş istifadə edilir.
- Sizin Bakıda iki sərginiz olub. Yeni sərgi açmağı düşünürsünüzmü?
- Bakıda ilk sərgim 2000-ci ildə Milli İncəsənət Muzeyində, ikinci sərgim isə 2013-cü ildə Muzey Mərkəzində oldu. Hər ikisi çox yaxşı qarşılandı, bir sıra əsərlərim alındı. Bakıda yeni sərgim yəqin ki, bu payız baş tutacaq. Bu dəfə ən azı 50-60 əsər təqdim etməyi düşünürəm.
- Siz həm də heykəltəraşlıqla məşğulsunuz...
- Heykəltəraşlığa həvəsim çoxdan vardı. Öncə özüm üçün işləyirdim. Sonradan fikirləşdim ki, gərək bunu dərindən öyrənim. Ona görə Bakıya gəlib 10 ay burada qaldım, müxtəlif heykəltəraşlarla görüşdüm. Özəlliklə heykəltəraş Azad Əsgərovdan bu sənətin sirlərini öyrəndim. Bundan sonra Ərdəbilə qayıtdım, orada özüm üçün böyük bir emalatxana götürdüm və işləməyə başladım. İndi İranda heykəl sənəti geniş yayılıb. Ölkənin bir sıra dövlət muzeyləri üçün heykəllər işləmişəm. Bunlar əsasən dini, tarixi və ədəbi şəxsiyyətlərin heykəlləridir. Düzəltdiyim heykəllər Ərdəbildə, Təbrizdə, Tehranda və başqa şəhərlərdə qoyulub.
Biz orada heykəlləri başlıca olaraq kompozitdən tökürük. O da davamlı material sayılır, həm də kompozit ucuz başa gəlir. İndiyədək sifariş əsasında 100-ə yaxın heykəl düzəltmişəm. Heykəltəraşlıq İranda rəssamlıqla müqayisədə az inkişaf edib. Bu sahədə Azərbaycan İrandan çox irəlidədir. Bir ara İranda heykələ qadağa vardı, indi yoxdur. Rəssamlıqda tələbələrim çox olub. Heykəl sənətində də bir-iki tələbəm var. İranda universitetdə bu sənət öyrədilir, ancaq əhalinin sayına görə bizdə peşəkar heykəltəraş azdır.
- Gələk musiqiyə. Siz səsi ilə İranda məşhur olan soydansınız...
- İranda Müəzzinzadələr nəsli musiqi ilə sıx bağlıdır. Atam bir neçə ay öncə vəfat edib. O, İranda çox məşhur müəzzin idi. Mənim də səsim nəsildən gəlir. Ata babam Şeyx Kərim soyumuzda ilk azan çəkən olub. Ondan sonra uşaqları və nəvələri müəzzinlik ediblər. İndi də bu sənəti nəslimizdə davam etdirənlər var. Atamın və əmilərimin azanları lentə çox yazılıb, qorunur. Bizim ailədə dinlə bağlı oxumaqlar olub. Ancaq mən meylimi muğamlara saldım. Fars və Azərbaycan-türk muğamlarını dərindən bilirəm. 14 il fars muğamlarını öyrənmişəm. Orada muğamlar çox genişdir.
- Azərbaycan muğamlarını necə öyrəndiniz?
- Uşaqlıqdan radiodan dinləyirdim, bu sayaq öyrənməyə çalışırdım. Sonra dərindən öyrənmək qərarına gəldim. Sovetlərin son illəri idi. Onda belə gediş-gəliş yox idi. Mən ilk dəfə muğam ifaçılarından mərhum Ağaxan Abdullayevlə tanış oldum. O, mənə Azərbaycan muğamlarını öyrətdi, boynumda çox haqqı var. Ağaxan müəllimin səsini həmişə radiodan dinləmişəm. Sonra ailəvi gediş-gəlişimiz yarandı. İndi Güneydə Azərbaycan muğamlarını çox adam bilir.
Mərhum Habil Əliyev o vaxt ilk dəfə İrana gəlmişdi. Onun İranın musiqiçiləri üçün ayrıca konserti keçirildi. Zalda minə yaxın adam var idi. Orada mən ilk dəfə “Rast” muğamını başdan-ayağa oxudum. Bundan sonra muğam oxumağa başladım. O vaxt “Səhənd” ansamblı yaratdıq, Azərbaycan musiqilərindən ibarət konsertlər verdik. 10 il həmin ansamblla çalışdım. Muğam və xalq mahnılarını oxuyurdum. İranda Habil Əliyevlə çoxlu çıxışlarım olub. Çoxlu CD və DVD-lərim çıxıb.
Bir ara mən həm Ərdəbildə, həm də Tehranda tələbələrə Azərbaycan muğamlarını öyrətdim. 4-5 il bu işlə məşğul oldum. İndi bir çox şəhərlərimizdə muğamları bilən yaxşı gənclər ortaya çıxıb.
- Bakıda da konsertiniz olmuşdu...
- 2002-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsertim oldu. Buradan və güneydən olan ifaçıların birgə səyi nəticəsində konsert gözəl keçdi. Sonradan mən Bakıda bir çox tədbirlərə dəvət olundum və muğamlar oxudum. Telekanallarda da çıxışlarım olub.
- Fars və Azərbaycan-türk muğamlarının başlıca fərqini necə açıqlaya bilərsiniz?
- İkisinin də kökü birdir. Bütün dəsgahlar və şöbələrin adları eynidir. Azərbaycanda ritmik muğamlar var, ancaq onlar İranda yoxdur. “Segah”ın burada bir neçə variantı var, İranda o, bir cür oxunur. Orada “Əfşarı”, “Əbu-əta” oxunur, burada həmin muğamlar yoxdur. “Dəşti” orada daha genişdir. Bir fərq də var ki, Azərbaycanda muğam ifasında şeirin rolu çoxdur, İranda şeirə az yer verilir. Azərbaycan muğamlarında hər şöbədə bir qəzəl oxunur. İranda bir dəsgahda bir-iki qəzəl ancaq oxunur. Muğam qabaqlar saray musiqisi olub. Sonradan xalqın içinə yayılıb. Azərbaycanda ənənəvi keçirilən muğam yarışmalarının böyük önəmi var. İranda çox izlənilir, hətta fars dostlarım da baxırlar.
- Güneydə aşıq sənəti muğama baxanda daha fəal görünür.
- Düzdür. Orada aşıq sənəti həmişə xalqın malı olub. Güneydə də Qaradağ, Urmu, Muğan aşıq məktəbləri bir-birindən seçilir. Güneyli aşıq Çingiz Mehdipur saz musiqisini ilk dəfə nota köçürmüşdü. Sonra o, “Dalğa” adında ansambl yaratdı, mən də orada çıxış etdim. Bu ansamblda əsas alətlər saz və balabandır, başqa alətlər də var. Mən musiqi alətlərindən saz, İran tarı, setar, qarmon, qavalda ifa etməyi bilirəm.
- Ailənizdə yolunuzu davam etdirən varmı?
- İki övladım var. Böyük qızım Ayna Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsində təhsil alır. Fotoqrafiyanı, rəssamlığı bilir. Kiçik qızım Dəniz isə hələ məktəblidir.
S.Qaliboğlu