Türkdilli ölkələrin turizm əlaqələri yeni imkan qazanır
   
   Xəbər verdiyimiz kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) may ayından etibarən “Müasir İpək Yolu” turizm paketi layihəsinə start verir. Tur-paketə Türk Şurasının üzvü olan dörd ölkəni əhatə edən - Türkiyədən başlayaraq Azərbaycan, Qazaxıstan və Türkmənistana səfərlər daxildir.
   Aprelin 21-də media mənsubları, Türk Şurası təmsilçiləri və hər ölkədən turizm şirkətlərinin nümayəndələrindən ibarət qrupun ilk sınaq turu başlayıb. Aprelin 27-də Bakıda sınaq paketin təqdimat mərasimi keçirilib.
   
   14 gün ərzində dörd ölkəyə səfər
   
   Mərasimdə çıxış edən Türk Şurasının nümayəndəsi Pelin Musabay bildirib ki, turizm sahəsində əməkdaşlıq razılaşması dörd ölkə başçısının 2014-cü ildə Bodrum görüşündə əldə olunub. Layihə üzərində üç ilə yaxın müddətdə iş aparılıb. İlk sınaq turu mayın 5-də başa çatacaq. Dörd ölkəyə 14 gün ərzində səfər ediləcək və paketin qiymətinin təyyarə xərcləri istisna olmaqla 2600 dollar olması nəzərdə tutulur. Layihə gəlir layihəsindən çox bu ölkələrin dünyaya, bir-birlərinə tanıdılması, İpək Yolu xəttinin təbliği xarakteri daşıyır.
   Həmçinin layihə çərçivəsində turizm və iqtisadiyyat sahəsində əməkdaşlıq artacaq. Tur İstanbuldan başlayır və Qazaxıstanda başa çatır. 2023-cü ilə kimi 1 milyondan çox turistin bu paketdən yararlanması nəzərdə tutulur.
   Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov gələn aylardan bu paketin turistlərə təqdim ediləcəyini bildirib. Qeyd edib ki, layihə mədəni və iqtisadi əlaqələrin inkişafına təkan verəcək.
   “A La Carte Travel” şirkətinin baş direktoru Nəsib Usubov layihənin əhəmiyyətindən danışıb, gələn aydan başlanılacaq bu layihənin türkdilli ölkələr arasında mədəni, turizm və iqtisadiyyat sahələrində əlaqələrin genişlənməsinə töhfə verəcəyini bildirib.
   Mətbuat konfransında, həmçinin Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan iştirakçılar layihənin əhəmiyyətini vurğulayıb, onun uğurla həyata keçiriləcəyinə əminliklərini ifadə ediblər.

   Layihə ümumtürk mədəni irsinin təbliğində əhəmiyyətlidir
   
   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda qurumun prezidenti Günay Əfəndiyeva Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) “Müasir İpək Yolu” layihəsi ilə əlaqədar Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
   Görüşdə G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Böyük İpək Yolu ilə bağlı layihənin həyata keçirilməsindən danışıb, bu layihənin türkdilli xalqların bir-birinə daha da yaxınlaşması, eləcə də ümumtürk mədəni irsinin təbliğ edilməsi baxımından əhəmiyyətinə toxunub.
   Türk Dünyası Jurnalistlər Federasiyasının direktoru Dəmir Menderes, Avrasiya Qəzet, Radio və Televiziya Yayımçılar Dərnəyinin direktoru İsmail Kahraman və digərləri öz növbələrində rəhbərlik etdikləri qurumların fəaliyyəti və layihələri haqqında məlumat verib, gələcəkdə fond ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər.