Tempus proqramı çərçivəsində görüş keçirilib 
   
   Mayın 10-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İspaniyanın Jirona Universitetinin nümayəndələri ilə Avropa İttifaqının Tempus proqramı çərçivəsində görüş keçirilib. Görüş çərçivəsində universitetlər arasında ikili diplom ilə bağlı niyyət protokolu imzalanıb. Qərara alınıb ki, əməkdaşlığın forması iki universitetin müvafiq qurumaları tərəfindən müəyyən edilsin və əsas əməkdaşlıq müqaviləsi hazırlansın. 
   ATMU 2014-cü ildən etibarən bu proqramın “Azərbaycan, Gürcüstan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr-magistr hazırlığı” layihəsində ən fəal üzvlərdən biridir.
   Layihə çərçivəsində Azərbaycan, Gürcüstan, Moldova, Rumıniya, Portuqaliya, Fransa və İspaniyaının turizm sənayesi üzrə ixtisaslaşan müxtəlif təşkilat və ali təhsil müəssisələri əməkdaşlıq edirlər. Layihənin həyata keçirilməsinin əsas məqsədi hotelçilik ixtisası üzrə ali təhsil proqramlarının təkmilləşdirilməsi və hotel menecmenti ixtisası üzrə perspektivli bakalavr və magistr pilləsi üçün proqramların hazırlanmasıdır.