Mayın ilk ongünlüyündə Azərbaycana 15 hədəf ölkə üzrə gələn turist sayı 32 faiz artıb
Aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq Ticarət festivalı (Baku Shopping Festival) təşkil olundu. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu idi.
Mayın 24-də “Bulvar Hotel”də Şopinq festivalının yekunları ilə bağlı mətbuat konfransı keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şopinq festivalı haqqında məlumat verdi. Bildirdi ki, dünyada əsasən xarici turistlər üçün nəzərdə tutulan ticarət festivalları ilk dəfə Azərbaycanda yerli vətəndaşları da əhatə etdi: “Ticarət festivalına həm yerli sakinlərin, həm də şəhərimizin qonaqlarının marağı yüksək olub. Bu festivaldan daha çox yerli vətəndaşlar yararlanıb. Əldə olunan nəticələrə görə deyə bilərik ki, festival kifayət qədər müsbət nəticələrlə yadda qaldı. Festivalın keçirilməsi ilk növbədə iqtisadi amillərlə bağlıdır. Qısa müddətdə hazırlanan festival müvafiq dövlət orqanlarının səyləri nəticəsində yüksək səviyyədə baş tutdu”.
Nazir diqqətə çatdırdı ki, ilin sonunadək ikinci festival gerçəkləşəcək və ənənə halını alacaq. Ölkəmizin turizm sənayesinin inkişafı istiqamətində atılan digər addımlarla yanaşı, Şopinq festivalı da bu sahəyə öz töhfəsini verəcək: “Aparılan rəy sorğularına görə, Bakı Şopinq Festivalında iştirak edənlərin 98 faizi festivaldan məmnun qaldıqlarını bildiriblər. Ümumən festivalın keçirilməsinə cəmi 700 min manat xərclənib. Ümumi büdcə 1 milyon manatı keçməyib. Dövlət büdcəsinə isə 5,6 milyon manat vəsait daxil olub”.
Qeyd olundu ki, aprel ayı ərzində ölkəmizə 187 min 577 turist gəlib. 15 hədəf ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artım var. Mayın ilk on günündə isə Azərbaycana 70 min 776 turist gəlib və 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 32 faiz artım olub.
Nazir festivalın tanıtım tədbirlərinin də uğurla həyata keçirildiyini dedi: “Sevindirici haldır ki, ölkəmizdə gerçəkləşən festival beynəlxalq və yerli medianın geniş müzakirə mövzusuna çevrilib. Bakı Şopinq Festivalının marketinqi, dünya mediasında işıqlandırılması və təbliğatı sahəsində də mühüm işlər görülüb. Ümumilikdə 54 ölkədə TV, radio, onlayn media, sosial şəbəkələr və internet televiziyası vasitəsilə festival haqqında məlumatlar yayılıb. Xüsusi olaraq sosial şəbəkələrdə festival barədə informasiyaları milyonlarla insan izləyib. Bunlardan daha çoxu Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə qeydə alınıb”.
Bildirildi ki, festival çərçivəsində bir sıra mədəni tədbirlər təşkil olunub: “Bir ay müddətində şou-proqramlar, əyləncəli tədbirlər keçirilib. Həmçinin paytaxtın Sabir bağında Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu tərəfindən mədəni tədbirlər təşkil edilib. İlk dəfə keçirdiyimiz bu festival özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngin idi. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də ticarət potensialını əks etdirən festival ilk gündən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb oldu. Festival çərçivəsində ticarət mərkəzlərinin ərazisində, İçərişəhərdə, Sabir bağında və şəhərimizin digər görkəmli yerlərində təşkil edilmiş müxtəlif tədbirlərdə 200 minədək ziyarətçi iştirak edib”.
Nazir sonda Bakı Şopinq Festivalının təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Əlavə etdi ki, növbəti Şopinq festivalı üçün hazırlıqlara başlanacaq.
Vergilər nazirinin müavini Sahib Ələkbərov festivalın əhəmiyyətindən danışaraq qeyd etdi ki, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi yolu ilə həyata keçirilən bu əhəmiyyətli layihə ilk dəfədən ölkəmizdə turizmin inkişafı, ticarətin, habelə pərakəndə satışın genişlənməsi baxımından uğurlu olub. Festivalın yerli sahibkarlığın inkişafı sarıdan effektiv olduğunu söyləyən S.Ələkbərov diqqətə çatdırdı ki, bu müddətdə 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarmaq proqramına qoşulub. “Tax Free” sistemi üzrə 23 min 242 ədəd hesab faktura verilib. Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18 milyon 167 min 892 manat olub və banklar alıcılara 1 milyon 800 min manat məbləğində ƏDV qaytarıb. Festival aylığı ərzində alıcılar 30-70 faiz arası endirimlərdən və satış kompaniyalarından faydalanıblar. Festival iştirakçılarından əldə edilmiş məlumatlara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin aprelində premium geyim və aksesuar mağazalarında 15 faizədək, kütləvi geyim brendlərinin satışını həyata keçirən mağazalarda 46 faizədək, elektronika və məişət avadanlıqlarının satışını həyata keçirən mağazalarda isə 200 faizədək satış həcminin artması qeydə alınıb.
Sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova və Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova çıxış edərək festivalın əhəmiyyətindən, festival çərçivəsində görülən işlərdən danışdılar. Bildirildi ki, gələcək festivallarda bazarı uyğun məhsullarla təmin etməklə yanaşı, alıcıların tələbatının və şopinq vərdişlərinin nəzərə alınması da planlaşdırılır.
Qeyd edək ki, bir ay davam edən festival müddətində ƏDV-lərin qaytarılması üçün Vergilər Nazirliyi ilə birlikdə 6 alış-veriş mərkəzində xüsusi köşklər fəaliyyət göstərib. Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşları aldıqları malın ƏDV-sini (müvafiq xidmət rüsumu çıxılmaqla) geri almaq imkanı əldə ediblər.
Fariz Hüseynov