İranın “Aysan Pərvaz” turizm şirkətinin təşkilatçılığı ilə Tehranda Azərbaycanın turizm potensialına dair təqdimat keçirilib. Təqdimata İranın 350-dən artıq turizm təşkilatının rəhbəri və nümayəndələri, həmçinin “ATA Airlines” və “Mahan Airlines” hava nəqliyyatı şirkətlərinin rəhbərləri qatılıb.
Tədbirdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə, eyni zamanda, Tacikistanın, Özbəkistanın və Türkmənistanın Tehrandakı səfirləri iştirak ediblər.
Səfir Bünyad Hüseynov çıxış edərək Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycandakı iqtisadi inkişaf və ictimai-siyasi sabitlik turistlər üçün cəlbedicidir. Son illər Bakı beynəlxalq səviyyəli tədbirlərin həyata keçirildiyi məkana çevrilib və bu, şəhərə gələn qonaqlarda xoş təəssürat yaradır.
Azərbaycan Prezidentinin turizm sənayesinin inkişaf etdirilməsi üçün həyata keçirdiyi islahatlardan danışan səfir “ASAN Viza” və “Tax Free” sistemlərinin yaradılması, Bakı Şopinq Festivalının keçirilməsi haqqında ətraflı məlumat verib.
Tədbirdə “ASAN Viza” sisteminin təbliğat videosunun fars dilinə tərcümə edilmiş variantı təqdim olunub.
Diplomat Naftalan və Qalaaltı müalicə kurortları, həmçinin Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi haqqında məlumat verib. Səfir iyun ayında Bakıda Formula-1 yarışlarının növbəti mərhələsinin keçiriləcəyini xatırladaraq tədbir iştirakçılarını bu yarışları izləmək üçün Bakıya dəvət edib.
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bildirib ki, iki ölkənin prezidentlərinin siyasi iradəsi ilə əlaqələrimiz ən yüksək inkişaf mərhələsini yaşayır. Digər sahələrdə olduğu kimi, turizm sahəsində də yaxşı əlaqələr qurulub. Diplomat Azərbaycanda turizm sahəsində böyük işlərin görüldüyünü vurğulayıb. Nəzərə çatdırılıb ki, Bakıda müasir standartlara cavab verən hotellərdə, xidmət və iaşə obyektlərində qonaqlara yüksək səviyyədə xidmət göstərilir. İran ilə Azərbaycan xalqlarının milli xüsusiyyətlərinin oxşar olmasını vurğulayan səfir deyib ki, bu səbəbdən də Bakıya səfər edən iranlı turistlər heç nədən narazı qalmır. Azərbaycanın Gəncə, Qəbələ, Quba kimi gözəl məkanlarının olması da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Konfransda iki ölkənin turizm təmsilçiləri çıxış edərək fikir və təkliflərini bölüşüblər. Azərbaycan istiqamətində turların təşkilində xüsusi fəallıq göstərən İran şirkətlərinin və Azərbaycanda iranlı turistlərin məmnuniyyətini qazanmış hotel və agentliklərin nümayəndələrinə hədiyyələr təqdim olunub.