Şopinq festivalının təşkilində əməyi keçən bir qrup şəxs təltif edildi
Mayın 24-də “Bulvar Hotel”də Bakı Şopinq Festivalının keçirilməsində əməyi olan bir qrup şəxsin mükafatlandırılma mərasimi keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 10 aprel - 10 may tarixlərində reallaşan Bakı Şopinq Festivalının əhəmiyyətindən, paytaxtımızda ilk dəfə təşkil olunan bu tədbirlə bağlı görülən işlərdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən ilk festival uğurlu nəticələrlə yadda qaldı: “Bakı Şopinq Festivalının təşkil olunmasına cəlb edilmiş bütün dövlət qurumları birgə çalışaraq bu festivalın işinə öz töhfəsini verdi. Qısa müddətdə təşkil olunmasına baxmayaraq, festival uğurlu nəticələrlə yekunlaşdı. Bir ay müddətində Bakının əsas ticarət mərkəzlərinin, mağazalarının qoşulduğu bu festivaldan turistlərlə yanaşı, yerli sakinlər də geniş yararlana bildilər”.
Nazir diqqətə çatdırdı ki, dövlət başçısının müvafiq sərəncamına əsasən Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, bu sahədə dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi üçün aidiyyəti qurumların iştirakı ilə Turizm Şurası yaradılıb. Şuranın həyata keçirdiyi ilk mühüm layihə məhz Bakı Şopinq Festivalı oldu. Festivalın təşkilatçılığı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilmişdi.
Nazir festivalın təbliğ olunmasında yerli kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu diqqətə çatdırdı.
Vurğulandı ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan Bakı Şopinq Festivalı paytaxtımızın böyük turizm mərkəzinə çevrilməsində mühüm rol oynayacaq. Növbəti festivala 500-dək ticarət obyektinin qoşulması, “Tax Free” sisteminin tətbiq olunması müddətinin artırılması da nəzərdə tutulur. İkinci festivalın vaxtı, proqramı yaxın günlərdə elan olunacaq.
Daha sonra Şopinq festivalının keçirilməsində əməyi olan şəxslər mükafatlandırıldı. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Türkan Cəfərova, Turizm şöbəsinin əməkdaşı Günel Aslanova, Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova, Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev “Fəxri turizm işçisi”, İncəsənət şöbəsinin əməkdaşı Mənzərxanım Nurəliyeva “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olundular. Bir qrup şəxsə isə nazirliyin fəxri fərmanı təqdim olundu.
Fariz Hüseynov