İsrailin Azərbaycandakı səfiri Dan Stav 23-24 may tarixində Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Diplomat muxtar respublikanın təhsil, mədəniyyət və səhiyyə müəssisələri, tarixi və turistik yerləri ilə tanış olub.
“Əshabi-kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksində olan səfirə adı müqəddəs Qurani-Kərimdə keçən mağara barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmalarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-kəhflə bağlı rəvayətlərdə də öz əksini tapır.
Darıdağ arsenli su müalicəxanası ilə tanışlıq zamanı qonağa məlumat verilib ki, 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan bu şəfa ocağı bir çox xəstəliklərin müalicəsində mühüm rola malikdir.
Səfir Culfa rayonunun ərazisindəki Gülüstan türbəsi ilə də tanış olub. Bildirilib ki, Gülüstan türbəsi ölkəmizin tarixi abidələri içərisində memarlıq həllinə və həndəsi ornamentlərinə görə seçilir. Türbənin bərpası zamanı abidənin orijinallığı qorunub saxlanılıb.
Rayonun Xanəgah kəndində, Əlincəçayın sahilində yerləşən Xanəgah abidə kompleksinə gələn qonağa məlumat verilib ki, Naxçıvan memarlıq məktəbinin daha bir nümunəsi olan bu abidə XII-XV əsrlərə aid edilir. Hürufilik təliminin banilərindən olan Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər.
Sonra səfir “Əlincəqala” Tarix-mədəniyyət muzey kompleksi ilə tanış olub. Bildirilib ki, qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub. Qalanın zirvəsinə doğru yol çəkilib, qala ərazisində işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıq salınıb. Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının dövlət bayrağı dalğalanır.