Tahir Əmiraslanov Dünya İslam Kulinariya Birliyinin vitse-prezidenti seçilib
   
   İyunun 2-də “Xanədan” restoranında Azərbaycan kulinarlarının Türkiyə və Qırğızıstanda keçirilən beynəlxalq kulinariya çempionatlarında, eləcə də İranda təşkil olunan “İpək Yolu” festivalında iştirakı ilə bağlı mətbuat konfransı keçirildi.
   Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov çıxış edərək məlumat verdi ki, aprelin 30-dan mayın 5-dək Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən çempionatda kulinarlarımız 1 komanda və 4 fərdi yarışda iştirak ediblər. Komanda yarışında 1 gümüş, fərdi yarışlarda isə 2 gümüş, 2 bürünc medal qazanılıb. Yalnız türk ölkələrinin iştirak etdiyi çempionatda Qırğızıstan nümayəndələri bu ölkədə Azərbaycan milli mətbəxinin təamlarını təqdim edən restoranın açılmasını istəyiblər. 
   Mayın 6-dan 8-dək kulinarlarımız Türkiyənin İzmir şəhərində keçirilən çempionata qatılıb. Bu kulinariya çempionatında Azərbaycanla yanaşı, Türkiyə, Serbiya, Fələstin, Rumıniya, Ukrayna, Almaniya və başqa ölkələr iştirak edib. Kulinarlarımız 3 fərdi siniflərdə 3 qızıl, 1 komanda yarışında isə gümüş medal və yarışların kubokunu qazanıblar.
   Azərbaycanın mətbəx ustaları mayın 8-dən 12-dək İranın Zəncan şəhərində “İpək Yolu” festivalında da uğurla iştirak ediblər. Kulinarlarımız tərəfindən pomidor, badımcan, bibər dolması, çoban salatı, doğramac, qazan kababı, buğlama və tərxun şərbəti hazırlanıb. Təmsilçilərimizə diplom və hədiyyələr təqdim olunub.
   Tahir Əmiraslanov vurğuladı ki, mayın 13-də Türkiyənin İstanbul şəhərində Dünya İslam Kulinariya Birliyinin təsis konfransı keçirilib. Konfransda Azərbaycanla yanaşı 17 ölkə iştirak edib. Dünya İslam Kulinariya Birliyinin 4 rəsmi dili - türk, ərəb, ingilis və rus dilləri qəbul olunub. Birliyin prezidenti Türkiyədən Gökhan Tufan, vitse-prezidenti isə Tahir Əmiraslanov seçilib.
   
   Fariz Hüseynov