Qış aylarında turizm obyektlərinin fəaliyyətində çətinlik aradan qalxacaq
Xaçmazın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun Xanoba, Tel və Yaquboba kəndlərinin qazlaşdırılması başa çatdırılıb.
Bununla bağlı keçirilən mərasimdə bildirilib ki, Xaçmazda Nabran qəsəbəsi də daxil olmaqla, turizm zonasına aid 19 yaşayış məntəqəsinin qazlaşdırılması işləri həyata keçirilir. Artıq təbii qazla təmin olunan üç kəndlə yanaşı, Səlimoba və Günəşli kəndlərində də qaz çəkilişi yekunlaşmaq üzrədir.
İstirahət zonasında yerləşən kəndlərin qazlaşdırılması ərazidəki meşələrin qorunması ilə yanaşı, sahibkarların qış aylarında turizm obyektlərinin qızdırılması xərclərini xeyli azaldacaq. Nabran istirahət zonasında təbii qazın olmaması payız-qış mövsümündə istirahət mərkəzlərində əlavə çətinliklər yaradır. Bu səbəbdən soyuq aylarda əksər obyektlərin fəaliyyəti məhdudlaşır. Qazlaşdırma sayəsində bu çətinliklər arxada qalacaq.