Azərbaycan ilin bütün fəsillərində turizmin müxtəlif növləri üçün əlverişli şəraitə və müvafiq infrastruktura malikdir. Ölkəmizdə yay turizm mövsümündə də turistlərin istirahəti üçün hər cür şərait var. 
   İyunun 15-də yay turizm mövsümünə start verildi. Yay turizm mövsümü sentyabrın 15-dək davam edəcək. Bununla əlaqədar həm Mədəniyyət və Turizm Nazirliyi, həm də aidiyyəti qurumlar tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Yay mövsümü ilə bağlı turizm şirkətləri də istirahət həvəskarlarına çeşidli istiqamətlərdə turlar təklif edirlər. 
   
   Çimərliklərin təmizliyi və nəqliyyat xidməti diqqət mərkəzindədir
   
   Heç şübhəsiz ki, yay turizm mövsümündə istirahət həvəskarlarının seçdiyi yerlər arasında çimərliklər öndə gəlir. Son vaxtlar ölkəmizdə turizmin bu sahəsinin inkişafı istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər planının icrasının təşkilində əlaqələndirici orqan Mədəniyyət və Turizm Nazirliyi müəyyən olunub, planın icrası ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb. 
   Xəzər dənizi sahilinin Azərbaycana aid hissəsinin 60-70 faizi çimərlik turizmi üçün əlverişli hesab olunur. Bu potensialdan daha səmərəli istifadə edilməsi istiqamətində Bakı, Xaçmaz, Lənkəran və Astarada model çimərliklərin yaradılması nəzərdə tutulub. Çimərlik ərazilərinin təmizlənməsi kimi vacib məsələlərdə hər bir rayon İcra Hakimiyyəti özü məsuliyyət daşıyır.
   Hazırda ölkəmizin Xəzər dənizi sahilində 180-dən çox çimərlik fəaliyyət göstərir. Lakin bu çimərliklərin bəzilərində suyun çirklənməsi yüksək olduğu üçün bu ərazilərdən istifadə tövsiyə olunmur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə mayın 16-dan etibarən keçirdiyi monitorinqinin nəticələrinə görə, Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi bu sıraya aid edilib.
   Çimərlik mövsümünün açılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş gəlişini təmin etməkdir.
   
   Xilasetmə xidməti gücləndirilmiş iş rejiminə keçir
   
   Çimərlik mövsümünün açıq elan olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidməti gücləndirilmiş iş rejiminə keçib. Xidmətin şöbə müdiri Elsevər Həsənov bildirib ki, Bakıda və Abşeronda yerləşən 25 struktur bölməsində, respublikanın rayonlarında fəaliyyət göstərən strukturlarında tədris-metodik toplantılar keçirilib. Toplantılarda həm çimərlik mövsümünə hazırlıq, həm axtarış-xilasetmə işlərinin təşkili, həm də əməkdaşların peşə hazırlığının yüksəldilməsi məsələlərinə diqqət ayrılıb. Bununla paralel olaraq Xidmət əməkdaşlarının fiziki-peşə hazırlıqlarının artırılması məqsədilə Bakıda və rayonlarda üzgüçülük hovuzları icarəyə götürülüb. Onların üzmə qabiliyyətinin formada saxlanılması üçün mütəmadi olaraq məşğələlər keçirilib.
   
   Şahdağ Turizm Mərkəzində yay mövsümündə nələr olacaq?
   
   İyunun 15-dən, digər turizm obyektləri kimi, Şahdağ Turizm Mərkəzi də yay mövsümünü açıq elan edib. Bu il də mərkəzdə turistlərə çoxsaylı yay əyləncələri, maraqlı tədbirlər təqdim olunacaq. Bu ildən etibarən kanat yolları hər gün saat 10:30-dan 19:00-dək fəaliyyətdə olacaq. Daha bir yenilik isə bütün əyləncələrdən istifadə edən hər bir qonağın sığortalanmasıdır. İstənilən halda, turistlər daim bələdçilərin nəzarəti altında olaraq, hər cür təhlükəsizlik ləvazimatları ilə təmin ediləcək. Eyni zamanda kanat yolları 6 yaşdan kiçik uşaqlar, 70 yaşdan yuxarı vətəndaşlar - veteranlar və fiziki məhdudiyyətli insanlar üçün pulsuz fəaliyyət göstərəcək.
   
   Fariz Hüseynov