“British Council” təşkilatının Azərbaycan nümayəndəliyi Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakıda mehmanxanalarla birgə turizm-xidmət sahəsində kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübəyə əsaslanan pilot proqram həyata keçirib.
İyunun 19-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində proqram üzrə 2016-2017-ci tədris ilinin məzunlarına sertifikatlar təqdim olunub.
Liseyin direktoru Fikrət Nəbiyev çıxış edərək layihənin əhəmiyyətindən danışıb.
Bildirilib ki, layihə aşpaz, hoteldə konsiyerj və təsərrüfat işləri üzrə ixtisasları əhatə edib. Vurğulanıb ki, bu tipli sənaye üzrə təcrübə proqramları turizm sektorunun davamlı inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzə Dövlət Agentliyinin direktoru Famil Mustafayev və “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayt məzunları təbrik edərək peşə təhsilinin əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, dövlət-biznes əməkdaşlığının və iş yerində öyrənmə modelinin bariz nümunəsi olan pilot layihənin məqsədi turizm xidmət sektoru üzrə əmək bazarının ehtiyaclarına uyğun və praktikaya əsaslanan dayanıqlı proqramlar yaradaraq məzunları işlə təmin etməkdən ibarətdir.
Layihə çərçivəsində Birləşmiş Krallığın “People 1st” təşkilatı tərəfindən aşpaz, hoteldə konsiyerj və mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi ixtisasları üzrə yeni kurikulum və tədris materialları hazırlanıb, müvafiq təlimlər keçirilib və proqramın nəticəsi olaraq məzunların 50 faizi Bakı şəhərinin 5 ulduzlu mehmanxanalarında işlə təmin edilib.
“Abşeron Hotellər Qrupu”, “JW Marriott”, “Four Seasons”, “Hyatt Regency”, “Fairmont”, “Hilton”, “Pullman” və “Gilan Turizm” şirkətlər qrupu mehmanxanaları layihəyə cəlb olunub. İşəgötürənlər əmək bazarının öyrənilməsi prosesində və buraxılış imtahanlarında iştirak edib, mehmanxanalardan təlimçilərin ilk peşə-ixtisas təhsili müəssisələrinə cəlb olunmasına mütəxəssis dəstəyi göstərilib.
Çıxışlarda vurğulanıb ki, proqramın nəticəsi olaraq Azərbaycanda aidiyyəti sahə üzrə yüksək motivasiyalı təlimçilər hazırlanıb və proqramı uğurla bitirən məzunlar turizm sahəsində karyera fəaliyyətinə başlayıblar.
Sonda layihədə müvəffəqiyyətlə iştirak edən 5-i hotel əməkdaşı və 35-i liseyin şagirdi olmaqla 40 nəfərə sertifikat və diplomlar təqdim edilib.