“İqdır və Naxçıvan arasında belə bir zona yaradılsa, bütün regionda cazibə mərkəzinə çevriləcək”
   
   Türkiyə hökuməti Naxçıvanla sərhəddə azad ticarət zonası yaratmağı nəzərdən keçirir. Ölkənin iqtisadiyyat naziri Nihat Zeybəkçi də bu günlərdə mətbuata verdiyi açıqlamada bildirib ki, mütəxəssislərdən ibarət nümayəndə heyəti Naxçıvanda olub, layihənin texniki və iqtisadi tərəfləri barədə müzakirələr aparılıb. Bu layihənin reallaşması üçün hələ bir neçə il əvvəl Azərbaycan-Türkiyə Biznes Şurasının iclasında təşəbbüslər irəli sürülüb. Layihənin məqsədi türkiyəli iş adamlarının Naxçıvanla iqtisadi bağlantılarını daha da möhkəmləndirmək, bölgədə çoxşaxəli nəqliyyat infrastrukturunun formalaşdırılmasıdır. Bildirilir ki, Türkiyə hökuməti yanında Azad ticarət zonaları üzrə Baş direktorluq bu məsələni yenidən gündəmə gətirib və Azərbaycanın İqtisadiyyat Nazirliyi ideyanı dəstəkləyib.   
   Türkiyə Böyük Millət Məclisinin İqdır millət vəkili, əslən azərbaycanlı olan Nurəddin Aras bizimlə söhbətində layihənin bir çox sahələrdə əlaqələrə, eləcə də mədəniyyət və turizm sahələrinə müsbət təsir göstərəcəyini söyləyir. 
   
   - Biz onsuz da indiyədək sərhəddə ticarət münasibətləri həyata keçirirdik. Lakin bir az dar çərçivədə idi. İqtisadiyyat nazirimizin açıqlamasında bu sərhəd qapısının daha da genişləndiyini görürük. Düşünürəm ki, əldə olunan anlaşma bölgədə yaşayan insanların da rahatlığını təmin edəcək. Daha öncə Naxçıvandan yerli məhsulların Türkiyəyə gətirilməsində məhdudiyyət var idi. Amma bu bir az aradan qaldırıldı. Son vaxtlarda isə proses bir qədər də genişləndirildi və imkanlar artırıldı. Sözügedən layihə Naxçıvan, İqdır və digər bölgə rayonlarının inkişafı deməkdir. Ancaq Türkiyə dövləti olaraq bizim bölgəyə baxışımız, yanaşmamız bununla bitmir. Belə ki, Türkiyə İqtisadiyyat Nazirliyinin hazırladığı hesabata görə də, İqdır vilayətinin Dilucu şəhərinin azad ticarət bölgəsi elan edilməsi nəzərdə tutulub. Bu mövzuda da fəaliyyətlər var. Çünki sərbəst bölgəyə ən uyğun yer də elə Dilucu nöqtəsidir. Bu məkan dünyanın özəl yerlərindən biridir. Dilucuda 4 dövlət divar-divaradır. Bildiyiniz kimi, Türkiyənin Ermənistanla əlaqəsi yoxdur. Qalan üç ölkə (Türkiyə, Azərbaycan, İran) üçün bura ən uyğun azad ticarət bölgəsi ola bilər.
   - Türkiyənin Naxçıvana hər zaman xüsusi münasibəti olub. Yəqin ki, bu anlaşma həm də xalqlarımızın bir-birinə daha çox qaynayıb-qarışmasına kömək edəcək? 
   - Naxçıvan bizim bir bölgəmiz kimidir. Düşünürəm ki, burada gediş-gəlişi daha da asanlaşdırmaq olar. Məlum olduğu kimi, Türkiyə tərəfdən Azərbaycan vətəndaşlarına viza tətbiq edilmir. Düşünürəm ki, vizanın ikitərəfli olaraq aradan qaldırılması gediş-gəlişi daha da sıxlaşdırar. Bu məsələ bir daha nəzərdən keçirilməlidir. Məsələn, Gürcüstanla biz bunu qarşılıqlı həyata keçirməkdəyik. Əgər bu həyata keçərsə, insanlarımız daha da qaynayıb-qarışacaq. Sosial, mədəni fəaliyyətlərin də sayı artacaq. Ona görə ki, bölgə bir cazibə mərkəzi ola biləcək durumdadır. 
   - İqdır həm də festivalları ilə tanınır ki, bu da turizm baxımından əhəmiyyət kəsb edir. Hazırda bununla bağlı bölgədə vəziyyət necədir? Türkiyədə baş verən terror hadisələri turizm gəliş-gedişlərinə təsir etdimi?
   - Doğru vurğuladınız, bizim İqdırda müxtəlif festivallar olur. Məsələn, onlardan biri “Ərik festivalı”dır. Çünki bölgə əriyi ilə məşhurdur. Eyni ərik növü Naxçıvanda, İranda da yetişir. Bizim sahib olduğumuz digər ən önəmli varlıq Ağrı dağıdır. Bu məkana yönəlik bir sıra festivallar var. İnsanlar həm də ora gələrkən istədikləri yerləri də ziyarət edə bilirlər. Bildiyiniz kimi, Ağrı dağı bir sıra mədəniyyətlərin beşiyi olub. Onun faunası da çox fərqlidir, gözəl yaylaları var. Nuhun gəmisi və Ağrı dağı ilə bağlı dini rəvayətlər dünyanın müxtəlif yerlərində insanların diqqətini çəkməkdədir. Biz xüsusilə bu məkana Avropadan turistlərin gəlmək istədiklərini bilirik. Ancaq təəssüf ki, bölgədə hələ də narahatlıq davam edir. Biz bunu aradan qaldırmaq üçün mübarizə aparırıq. Ümid edirəm ki, bu xoşagəlməz halların qarşısını tezliklə alacağıq və insanlar daha rahat şəkildə, bir-birləri ilə dost münasibətlər içində yaşayacaqlar. 
   - Maraqlıdır, İqdırın turizm imkanlarından daha çox hansı ölkələr yararlanmaq istəyir, yəni haradan daha çox turist axını müşahidə olunur? 
   - Xatırlayıram ki, millət vəkili seçildiyim vaxt bir alman mənə yaxınlaşaraq İqdırda hava limanı və Ağrı dağı arasında hotel tikmək üçün ona yer verilməsində köməklik göstərilməsini xahiş etdi. 20-25 nəfərlik bir hotel tikmək istəyirdi. Oraya Avropadan turistlərin gələcəyini, Ağrı dağının çox önəmli bir yer olduğunu bildirdi. Biz də razılaşdıq, işlər də bəlli bir nöqtəyə çatdırılmışdı. Lakin sonra terror başladı, onlar da işləri yarımçıq qoyub getdilər. Yəni bizim bölgəmiz çox önəmli bir qovşaqda yerləşir. İqdır çox kiçik bir rayon ola bilər, amma strateji baxımdan olduqca əhəmiyyətli bir ərazidir. Həm insanları, həm də tarixi zənginliyi baxımından önəmli bir yerdir. Odur ki, Türkiyə turizmindən İqdırın da pay almasını gözləyirik. Son dönəmlərdə İrandan da İqdıra gələn turistlərin sayının artdığını görürük. Sərhəddə tətbiq edilən qaydaların bir az da asanlaşdırılması lazımdır. Bu, turizmin inkişafına da dəstək vermiş olar. İqdırda qədim Urartu dövləti ilə bağlı tarixi yer - Korhan yaylası var. Ərazini gəzərkən müxtəlif mədəniyyətlərin qalıqlarını görmək olur. XI əsrə aid Qara qala bunlardan biridir. Araşdırmalarda Səlcuqların burada yerləşdikləri bəlli olur. Dədə Qorqud hekayələrində adı çəkilir. Böyük İpək Yolu qovşağında yer alan İqdırın karvansara bölgəsində də vaxtilə insanların istirahət etmələri üçün uyğun bir məkan inşa edilib. Biz həmin tarixi abidəni bərpa etdik və insanların xidmətinə verdik. Bir sözlə, İqdır bölgədə ayrı bir özəlliyə malikdir. 
   - Bildiyiniz kimi, Naxçıvan da böyük turizm potensialına malikdir. Bu imkanları birləşdirmək mümkün olmazmı?
   - Yuxarıda qeyd etdiyim kimi, biz istəyirik ki, İqdırda insanların daha rahat gediş-gəlişi olsun. Əslində, sərhədlər ölkələri bir-birindən ayırır. Amma bəzən də bu sərhədlər sizi birləşdirir. Türkiyə olaraq bizim könül coğrafiyamız, könül sərhədlərimiz var, Azərbaycan da onun içindədir. Azərbaycanı, Qarabağı, Naxçıvanı, Təbrizi, Kərkükü, Fələstini, Balkanlardakı qardaşlarımızı könül coğrafiyamız içində görürük. Arzum budur ki, sərhədləri götürək, Avropa Birliyi kimi bir qayda tətbiq edək və insanlarımız da bir-birinə rahat gedib gələ bilsinlər. Mən hüzurlu toplumun bacara biləcəyi bir işdən bəhs edirəm. Bu toplumun əsasında sevgi dayanır. Bir-birimizə ehtiyacımızın olduğunu düşünərək yolumuza davam etməliyik. Azərbaycan bizim əzəli və əbədi dostumuzdur. Böyük öndər Heydər Əliyev bunu ən gözəl şəkildə ifadə edib: biz bir millət, iki dövlətik. Türklər tarixən yaşadıqları yerlərdə hüzur və istiqrarın, dinclik və anlaşmanın tərəfdarı olublar. Biz bu gün də bunun tərəfdarıyıq. Amma bəzi dairələr buna mane olmaq üçün zaman-zaman bizim önümüzə baryerlər qoyur. Bunun üçün də biz bu yolda qarşımıza qoyulan əngəlləri bir-bir aşmalıyıq.
   
   Mehparə Sultanova
   Ankara