Mehmet Öz: “1912-ci ildən bu günə qədər baxdıqda Türk Ocaqlarında nəhəng şəxsiyyətləri görürük. Azərbaycandan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə türkçülük cərəyanının qurucularındandır”
   
   Türkçülük ideologiyasına xidmət edən insanları öz ətrafında birləşdirən Türk Ocaqları Dərnəyi Türkiyədə hələ Osmanlı dönəmində, 1912-ci ildə qurulub. Mərkəzi ofisi Ankarada yerləşən təşkilatın qurulmasında və fəaliyyətində türk dünyasının müxtəlif yerlərindən, o cümlədən Azərbaycandan mütəfəkkirlərin, ictimai-siyasi şəxsiyyətlərin də böyük rolu olub. Hətta dərnək Azərbaycanda da, qısa müddət də olsa, fəaliyyət göstərib. Türk Ocaqları Dərnəyi bu il özünün 105 yaşını qeyd edir. Bu münasibətlə qurumun baş direktoru, professor Mehmet Özlə həmsöhbət olduq. Onu da qeyd edək ki, dərnəyin yerləşdiyi bina Ankarada Türk Ocaqları küçəsində yerləşir. 
   
   - 105 yaşı tamam olan Türk Ocaqları zəngin tarixi yol keçib. Amma türkçülüyün ideya, cərəyan olaraq tarixi daha qədimdir. Maraqlıdır, Türk Ocaqlarına qədər türkçülük ideologiyası ilə bağlı qurumlar vardımı?
   - Türk Ocaqları Dərnəyi Osmanlı imperiyasının son dönəmində bir türkçülük cərəyanı qurumu olaraq yaradılıb. Təbii ki, dərnək bu sahədə ilk qurum deyildi. Ondan əvvəl də qurumlar olub. Məsələn, “Türk Yurdu” adlı bir dərgi Türk Ocaqlarından bir il əvvəl Kazan türkü Yusuf Akçura tərəfindən yaradılıb. Azərbaycandan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlər türkçülük cərəyanının qurucularındandır. Türkiyədə türk millətçiliyinin inkişafında onların böyük töhfələri olub. Biz onların hamısını burada böyük hörmətlə anırıq. Ankarada Rəsulzadənin adını daşıyan məktəb də var. Onun “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri bizim düsturumuzdur. Dərnəyin qurulmasında, inkişafında Güney Azərbaycan, Krım, Kazan, Özbəkistan və digər yerlərdən olan türk ziyalıların da töhfələri olub. Təbii ki, Türkiyədə də bu cərəyanın təmsilçiləri var idi. O zaman Rusiya müsəlmanları içərisindən gələn aydınlar Türkiyədə təhsil alır, oxuyur və insanlarla əlaqələr qururdular. Onların da Türkiyədə sözügedən cərəyanın inkişafında çox böyük rolu olub. Xüsusilə, Rusiya müsəlmanları arasında “cədidçilik”, yəni yeniləşmə cərəyanının öndərlərindən biri İsmayıl Qaspıralı Osmanlı dünyası ilə sıx əlaqəli bir insan olub. Nəhayət, bu proseslərin fonunda 1912-ci ildə türkçülük cərəyanının öncülləri bir dərnək qururlar - Türk Ocaqları. 
   - Mehmet bəy, XIX əsrin sonu - XX əsrin əvvəllərində Osmanlı imperiyasında daxili iğtişaşların qarşısını almaq üçün bir neçə fikir cərəyanları - Osmanlıçılıq, İslamçılıq, Qərbçilik və Türkçülük kimi fikir cərəyanları irəli sürülmüşdü. Amma onlardan güclüsü Türkçülük oldu, elə dərnək də bunun əsasında quruldu. Maraqlıdır, niyə məhz Türk Ocaqları?
   - Osmanlı böyük imperiya olduğuna görə, onun içərisində dili, dini fərqli olan xalqlar vardı. XIX əsrdə imperiya içərisində yaşayan bir qisim qeyri-müsəlmanlar ayrılmağa meyl göstərdilər. Təbii ki, sənaye inqilabı kimi hadisələr Osmanlı dövlətinə təsir edirdi. Bu yeni meydan oxumalara qarşı Osmanlı dövlətində bir sıra islahatlar keçirildi. Məsələn, bu ayrılmaların qarşısını almaq üçün Osmanlı “Ünsürlərin birliyi” siyasətini yürüdür. Lakin bu islahatlar təsirsiz oldu, hətta zamanla bu ayrılmalar müsəlmanlar arasında da yayılmağa başlayırdı. Prosesin qarşısını din siyasəti ilə almaq düşüncəsi ilə bu dəfə “İslamçılıq” siyasəti irəli sürüldü. Bu ideologiya Osmanlı ideyasından güclü olsa da, lakin yenə də uğursuz olur. Belə olduqda imperiyanın qurucusu olan türk ulusu, “öncə mədəni anlamda özümüzə baxaq” dedi və özünü yenidən kəşf etdi. Təbii ki, bu sahədə Avropadakı türkologiya fəaliyyətlərinin və Rusiyadakı müsəlmanların da böyük təsiri olub. Bizim bəzi dövlət adamlarımız bunlardan da yararlanaraq türkçülüyün qədim tarixinə yönəldilər. Türkiyədə türkçülüyün bir nömrəli ideoloqu Ziya Göyalp da “Türkləşmək, islamlaşmaq, müasirləşmək” fikirləri ilə çıxış edirdi. Bu fikirlər bizim tariximizə uyğundur. Əli bəy Hüseynzadə də bu fikirləri inkişaf etdirib. O zaman tibb sahəsində təhsil alan bir qrup gənc türkçülərə məktub yazırlar və Türkiyədə türk millətinin yüksəlməsi üçün bir işlər görmələrini xahiş edirlər. Beləliklə, 25 mart 1912-ci ildə Türk Ocaqları Dərnəyi qurulur. 
   Yəni o dövrün hadisələrini göz önünə alsaq, Osmanlı parçalanırdı, türk dünyasında sıxıntılar vardı və bunun qarşısını almaq, türkləri birləşdirmək üçün türkçülük ətrafında birləşən aydınlar belə bir dərnək qururlar. Osmanlının son dönəmində təşkilat xüsusilə təsirə, nüfuza malik olub. I Dünya müharibəsindən sonra İstanbul işğal edildikdə buna ən güclü etirazlar da Türk Ocaqları tərəfindən edilir. İşğal qüvvələrinin də ilk öncə bağlatdırdığı qurumlardan biri Türk Ocaqları olub. 
   Cümhuriyyətin qurulması ilə təşkilat yenidən fəaliyyətə başlayıb. Türkiyənin hər yanında şöbələr açaraq Cümhuriyyətin yerləşməsinə yardım edib. O zaman dərnəyin 270 şöbəsi vardı. Xüsusilə də Cümhuriyyət dönəmində xalqın maariflənməsində, yeni əlifbanın xalqa öyrədilməsində böyük rolu olub. Lakin 1931-ci ildə daxildə meydana çıxan bəzi hadisələr üzündən və Rusiyanın da təsiri ilə dərnək bağlanılır. O zaman Türkiyə savaşdan yeni çıxmışdı. Bütün Qərb ölkələri ilə faktiki olaraq düşmən vəziyyətində idi, yeganə dost olaraq yanında olan Sovet Rusiyası idi. Amma Türk Ocaqları bundan sonra da dövlətə xidmət etdi. Məsələn, dərnəyin öncüllərindən Yusuf Akçura Türk Tarix Qurumuna rəhbərlik etdi. Tarix Qurumu və Türk Dil Qurumu Türk Ocaqlarının nəzdində qurumlar olaraq yaradılmışdı, 1931-ci ildən sonra dövlət təşkilatı olaraq ayrıca fəaliyyət göstərməyə başladılar. 
   - Türk Ocaqları Dərnəyi qurulduqdan bəri ona rəhbərlik edən önəmli şəxsiyyətlərdən kimlərin adını çəkmək olar?
   - Qurumun ilk rəhbəri Mehmet Əmin Yurdakul olub. Lakin ən uzunömürlü rəhbər Həmdullah Sübhi Tanrıövərdi. O hətta cümhuriyyət dönəmində nazir kimi də fəaliyyət göstərib. Atatürk dönəmində dərnək rəhbəri olub, qurum bağlandıqdan sonra Rumıniyaya səfir təyin olunur. Qaqauz yerində yaşayan türklərlə bağlı araşdırmalar aparır, dövlətə məlumatlar təqdim edir. Yeri gəlmişkən, biz də ötən il Moldovada türklərlə bərabər “Həmdullah Sübhi və Qaqauz türkləri” adlı konfrans keçirdik. Türk Ocaqları 1949-cu ildə yenidən açıldıqdan sonra 1966-cı ilə qədər yenə də dərnəyə Həmdullah Sübhi Tanrıövər rəhbərlik edib. Arada başqa sədrlər də oldu. Onu da qeyd edim ki, Türkiyədə hərbi çevrilişlər zamanı dərnəyin fəaliyyəti qısa müddətlik dayandırılıb, amma bağlanmayıb. 1944-cü ildə Türkiyədə Turançılıq hərəkatı baş qaldırıb. Buna görə mühakimə olunanlardan biri də Başqırdıstandan olan tarixçi, professor Zəki Validi Toğan olub. II Dünya müharibəsinin sonuna yaxın bizim hökumət Rusiyanı küsdürməmək üçün içəridəki millətçilərə qarşı belə davrandı. O zaman Nihal Atsız, Alparslan Türkeş də həbs edilmişdi. Ümumiyyətlə, Türk Ocaqları türkün olduğu hər yerlə maraqlanır. Bu, türk millətinin ocağıdır. 
   - Türk Ocaqları indiki türk dünyasını necə görür, əməkdaşlığı, əlaqələri necə qurur?
   - 90-cı illərdə türk dövlətləri öz müstəqilliklərini qazandıqda biz çox sevindik. O zaman türk dünyasından Türkiyəyə tələbələr gəlirdi. Biz onlara sahib çıxdıq, maraqlandıq. Bizim fondumuz da var. Türk dünyası gənclərinin konqreslərini keçirirdik. İki dəfə türk dünyası qadınlar toplantısı keçirdik. Son illərdə isə İpək Yolu ilə bağlı simpoziumlar keçiririk. Türkiyənin müxtəlif şəhərlərində şöbələrimiz var. İpək Yolu ilə bağlı simpoziumun son panelini Türkiyədə təhsil almış türk dünyası gənclərinin iştirakı ilə keçirdik ki, baxaq görək bunlar bizi necə görür? Qısa dönəmdə birliyin yaranması çətindir. Amma İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” şüarı altında birlik qura bilərik. Türk ölkələrinin əməkdaşlıq təşkilatının - Türk Şurasının (Türk Keneşi) qurulması gözəl bir addımdır, amma bunu davam etmək lazımdır. İqtisadiyyatda birlik qursaq, siyasi sahədə həmrəylik içində olacağıq. Hərbi sahədə də işbirliyi qura bilərik. Türk birliyi iş platformalarını zənginləşdirməmiz lazımdır. TÜRKSOY türk dünyasının UNESCO-su olaraq gözəl işlər görür. Amma bunu daha da inkişaf etdirmək lazımdır. Avropa Birliyi kimi Türk Birliyi də barışıq üçün bir şansdır. Türk dünyasının bərabərlik, birlik içində olmasının, əslində, dünyaya önəmli bir qazanc olacağını anlatmağımız lazımdır. 1912-ci ildən bu günə qədər baxdıqda Türk Ocaqlarında nəhəng şəxsiyyətləri görürük. Burada böyük fikirlər, təfəkkür sahibləri ortaya çıxıb və bu böyük tarixdir. Məsələn, Bakıda 1926-cı ildə Türkoloji qurultay keçirilib. Fuad Köprülünün rəhbərliyi ilə Türkiyədən Azərbaycana bir heyət də gedir. Daha sonrakı dönəmlərdə dərnəyin miqyası kiçilsə də, mədəni fəaliyyəti davam edib. O dönəmdə türk dünyasının böyük hissəsi sovetlərin təsiri altında idi. Buna görə də Türk Ocaqları Dərnəyi türk dünyasının xilası, Türkiyədə tanıdılması üçün fəaliyyətlər həyata keçirib. Məsələn, hər il “Əsir türklər həftəsi” adlı tədbir keçirilirdi. 
   1991-ci ildə Sovet İttifaqının süqutu ilə buradakı türk dünyası müstəqilliyinə qovuşdu və o vaxtdan biz də bu münasibətləri inkişaf etdirməyə çalışan bir vətəndaş qurumuyuq. İndi türk dünyası ilə bağlı qurumlar çoxdur. Biz onlarla işbirliyi əsasında bərabərliyimizi genişləndirməyə və eyni zamanda türk dünyası gənclərini yetişdirməyə çalışırıq. 
   
   Mehparə Sultanova
   Ankara