“Rus teatr mühiti məni həmişə cəlb edib. Arzulamışam ki, rus teatrlarının birində işləyim”
Bir neçə ay öncə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Eşqin Quliyevin işləmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə getdiyi xəbəri yayıldı. Əlbəttə, bizim sənət sahibinin yaxın-uzaq ölkədə məhz öz seçdiyi sahədə uğur qazanması ürəkaçan hadisədir. Amma məsələ ondadır ki, Eşqin Quliyevə hər hansı layihədə iştirak etmək, yaxud filmə çəkilmək kimi birdəfəlik təklif edilməmişdi.
Gənc aktyor Sankt-Peterburqdakı "Kovçeq" teatrında işləmək təklifi almışdı. Təxminən bir ay əvvəl isə Eşqin sosial şəbəkələrdə artıq bu teatrın yeni tamaşasında rol aldığı xəbərini paylaşdı. Biz də uzaqları yaxın edən virtual aləmin yaratdığı üstünlüklərdən yararlanaraq aktyorla əlaqə saxladıq.
- Eşqin, sizi təbrik edirik. Amma maraqlıdır ki, sənət yolunuzu Sankt-Peterburqa aparan yol haradan və necə başladı?
- Təbrikə görə çox sağ olun. 2015-ci ildə Moskvada keçirilən ənənəvi Beynəlxalq yay teatr məktəbində iştirak etmişdim. Bildiyiniz kimi, bu məktəb görkəmli teatr və kino aktyoru, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyaginin təşəbbüsü ilə yaradılıb və o, bu məktəbə rəhbərlik edir. Yay məktəbində məşğul olarkən "Kovçeq" teatrının bədii rəhbəri Lyudmila Manonina bizimlə tamaşa hazırladı. Onunla da elə bu tamaşanın hazırlıq mərhələsində tanış oldum.
Yay məktəbinin məşğələlərində çox şey öyrəndim, həm də təxminən iki il ərzində Rusiyada keçirilən bir neçə teatr festivalında iştirak etdim. Ötən il isə Rusiyanın Xalq artisti Yevgeni Mironovun rəhbərlik etdiyi XI "Territoriya" festivalında laureat oldum. Bütün bu səfərlər məndə özümə qarşı inam yaratdı və mən, 2015-ci ildə L.Manoninanın etdiyi dəvəti iki ildən sonra dəyərləndirdim.
- Biz sizi həmişə Azərbaycan dilində çıxış edən görmüşük. Dil probleminiz yoxdur ki?.. Hər halda qafqazlı ləhcəsi sizin bir teatr aktyoru kimi imkanlarınızı məhdudlaşdıra bilər...
- Şükür ki, rus dilini elə Bakıdan yaxşı bilirəm. Təbii ki, danışığımda ləhcə bir qədər hiss olunur. Düzdür, L.Manoninanın mənə tapşırdığı rollarda ləhcəm obrazın ifasına bir qədər şirinlik qatıb, amma bilirəm ki, belə davam edə bilməz. Özünüz baxın, bütün kollektiv məzuniyyətə çıxıb, mən isə öz tələffüzüm üzərində işləyirəm, məşq edirəm.
- Hansı tamaşalarda rol almısınız, bilmək olar?
- İyun ayının 22-də Böyük Vətən müharibəsinə həsr olunmuş "Do svidaniya, malçiki" ("Görüşənədək, oğlanlar") tamaşasının premyerası oldu. Bu tamaşada əsas rollardan birini mən oynayıram. İkinci əsər isə görkəmli ziyalımız, yazıçı-dramaturq Kamal Abdullanın "Sən pis oğlansan" pyesidir. Bu tamaşanın cəmi iki iştirakçısı var: Oğlan və Qız. Yeri gəlmişkən, sizə bir sirr açım. Bu tamaşa ilə noyabr ayında "Kovçeq"in Bakıya qastrol səfəri planlaşdırılıb.
- Bəs üçüncü tamaşa hansıdır?
- Bu tamaşa hələlik hazırlıq prosesindədir. Teatr bu barədə açıqlama verməyi hələ məqsədəuyğun hesab etmir. Sadəcə, deyə bilərəm ki, bu tamaşada da əsas rollardan biri mənə həvalə edilib.
- Bütün bunlar çox yaxşı. Rusiyada həmişəlik qalmaq niyyətiniz var, yoxsa özünüzü yad teatr mühitində təsdiq etmək üçün getmisiniz?
- Düzünü deyim ki, bir aktyor kimi heç vaxt dilimdə "özümü təsdiq etmək" ifadəsi olmayıb. Sadəcə, çalışmışam. Amma rus teatr mühiti məni həmişə cəlb edib. Arzulamışam ki, rus teatrlarının birində işləyim. Bu arzu mənim taleyimi Sankt-Peterburq kimi teatral bir şəhərə gətirib çıxarıb. Ola bilər ki, nə vaxtsa qayıdacağam. Hələ ki burada çalışmaq istəyirəm.
Gülcahan Mirməmməd