Britaniyanın nüfuzlu “The Independent” qəzetində Bakıya turist kimi gəlməyin üstünlüklərindən bəhs edən yazı dərc olunub.
   Sintiya Dreşernin müəllifi olduğu məqalədə əvvəlcə Azərbaycana turist kimi gəlmək istəyənlər üçün viza sisteminin sadələşdirildiyindən bəhs edilir. Qeyd edilir ki, “Asan e-visa” sistemi ilə artıq onlayn olaraq qısa müddətdə ölkəmizə viza əldə etmək mümkündür.
   Bakının coğrafi mövqeyindən bəhs edən müəllif şəhərin Xəzərin sahilində, yarımadada yerləşdiyini bildirir. Dəniz boyu uzanan milli park, sərin Bakı küləyi yay vaxtı istirahəti gözəlləşdirən amillər kimi qeyd olunur.
   Daha sonra məqalədə Bakı şəhərinin görməli yerləri haqqında məlumat verilir. Heydər Əliyev Mərkəzi, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Dövlət bayrağı meydanı, Alov qüllələri və s. yerlərin turist olaraq görülməsinin vacib olduğu vurğulanır.
   Məqalədə, həmçinin Azərbaycanın milli yeməklərinin, çayının dadına baxılması məsləhət görülür. Bundan başqa, müəllif Bakı şəhərində turist kimi gəzərkən müasir dizaynda təmir edilmiş Bakı metropolitenindən istifadə etməyi və hədiyyə olaraq dünyada məşhur Azərbaycan xalçalarına üstünlük verilməsini tövsiyə edir.
   * * *
   Pakistanın “The Destination” qəzetində isə “Azərbaycan - turizm məkanı” sərlövhəli məqalə dərc olunub.
   Məqalədə zəngin tarixi və mədəni irsi, gözəl təbiəti olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir, ölkəmizdə turizmin bütün növlərinin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılır.
   Qeyd olunur ki, Azərbaycanın iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycanda turizm sahəsi gündən-günə inkişaf edir və iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilib.
   Müəllif yazır ki, müvafiq dövlət proqramlarının icrası ölkədə turizmin inkişafı və beynəlxalq turizm bazarına inteqrasiyanın təməlinin qoyulması üçün şərait yaradıb. Yazıda, həmçinin dövlət tərəfindən görülən tədbirlər nəticəsində ölkədə müasir mehmanxanaların, xidmət infrastrukturunun yaradıldığı, turizm sənayesi üçün kadrların hazırlandığı, çoxşaxəli turizm agentləri şəbəkəsinin formalaşdığı diqqətə çatdırılır.