Vamiq Məmmədəliyev: “Tarzən, kamança ifaçısı və xanəndə bir-birindən qidalanır. Yaxşı tarzən muğamı xanəndədən daha gözəl bilməlidir”
   
   “Bir dostun halı yaxşı olanda digər dostun da halı yaxşı olar. Mən də hər gün öz tarımı kökləyib evdən çıxıram. Tarım köklənmiş vəziyyətdə olanda mənim də kefim kök olur...”.
   Bu fikirləri qızmar yay günlərinin birində qonağı olduğumuz tanınmış tarzən, Əməkdar artist Vamiq Məmmədəliyevdən eşitdik. Görüşümüz həm də xoş məqama təsadüf etmişdi. Həmin gün Vamiq müəllim professor elmi adının diplomunu almışdı. 
   
   Göz açıb evlərində tar gördükləri üçün ailədə övladların hər biri musiqiyə, muğama vurğun böyüyüblər. Bu vurğunluğun məslək və peşəyə çevrilmə missiyası isə ailədə məhz Vamiq müəllimin taleyinə yazılıb. Bu da bir qismətdir...
   Ustad tarzənlə söhbətimiz muğam, instrumental ifaçılıq və həyətində yaratdığı sevimli muzeyinin eksponatları haqqında oldu. Sənətkar deyir ki, musiqini kor-koranə sevmək olmaz: “İnsan özünü o zaman sənətə həsr etməlidir ki, buna qəlbən hazır olduğunu hiss etsin. Müasir gənclər bəzən sənəti anlamadan, sevmədən kor-koranə şəkildə seçirlər. Musiqi məktəbi, kollec, konservatoriya. Sadəcə təhsil naminə. Gərək sənəti ruhunla sevəsən. Bu illər ərzində ruhumla, qəlbimlə sevdiyim sənət mənə uğur gətirib. Dövlətim də sənətimi yetərincə qiymətləndirib”. 
   2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyən sənətkar bu gün də təhsil ocağında gənc musiqiçilərin yetişməsi üçün yorulmadan əməyini sərf edir. Heydər Əliyev Fondunun “Azərbaycan muğamları” layihəsində yaxından iştirak edib.
   
   - Bu gün gənc tarzənlərin ifası sizi qane edirmi?
   - Hər dövrün öz tələbi var. Amma muğama xələl gətirmək olmaz. Sənəti, xüsusən də muğamı mənimsəmək üçün gərək mütləq arxaya, səndən öncəki sənətkarlara baxıb öyrənəsən. Mən belə düşünürəm ki, muğam müasirliyi sevmir. İstər xanəndəlikdə, istərsə də sazəndəlikdə. Muğamın daxili ritmləri var. Təkcə barmaqların işləməyi texnika deyil. Tar ifaçılığında etüdlər var ki, bunlar sadəcə barmaqları açmaq üçündür. Bunu muğama gətirmək düzgün deyil. Muğamı duyaraq ifa etmək vacibdir. Onun içində olmağı bacarıb ifa etməlisən. “Şur” sənə nə deyir, “Bayatı-Şiraz”ı hansı əhvalla, hansı hislərlə ifa etməlisən və s. 
   Bu gün tar ifaçılığında gitara, qarmon, saz barmaqlarının (üslubunun) meydana gəldiyini müşahidə edirik. Bu, dinləyicini və özünü aldatmaq deməkdir. Klassikadan bəhrələnmək və bunu gələcək nəslə ötürmək bugünkü gənc tarzənlərin borcudur. Mən tələbəyə dərs keçəndə deyirəm ki, bu üslub Əhməd Bakıxanovun, bu Bəhram Mənsurovun, bunlar da Əhsən Dadaşovun, Sərvər İbrahimovun, Hacı Məmmədovun, Əliağa Quliyevin üslublarıdır. Sonda da öz üslubumu öyrədirəm. Çünki o, bunları mütləq bilməlidir. 
   - Hər dövrün öz tələbi var dediniz. Tar ifaçılığında yaradıcı olmaq, yenilikləri tətbiq etmək sənətin xeyrinə olmazmı?
   - Əhsən Dadaşov yaradıcı tarzən idi. O, ifasına bir xal gətirəndə mütləq böyük məsuliyyətlə sənətkarın fikrini nəzərə alırdı. Qədir Rüstəmov “Sona bülbüllər” oxuyub. Əhsən Dadaşov həmin əsəri xanəndənin oxuduğu kimi ifa edib, amma tarixdə qalıb. Çünki gözəl ifa edib. Tarzən, kamança ifaçısı və xanəndə bir-birindən qidalanır. Yaxşı tarzən muğamı xanəndədən daha gözəl bilməlidir. Bugünkü gənclikdən də məni qane edən ifaçılar az deyil. Səbuhi Cəfərov, Elçin Həşimov, Əliağa Sədiyev, Sahib Paşazadə və digərləri. İfaçı sənəti öyrəndikcə püxtələşib əsl sənətkar olur. 
   - Bu günə qədər unudulmaz xanəndələrlə birgə çalışmısınız. Yəqin ki, maraqlı xatirələriniz var.
   - Bir dəfə Alim Qasımov məndən soruşdu ki, sən Zülfü Adıgözəlovu, Mütəllim Mütəllimovu, Xan Şuşinskini görmüsən? Dedim ki, görmək nədir, mən onları canlı olaraq dinləmişəm. Demək, böyük sənətkarları təkcə görmək deyil, onları dinləmək nəsibim olubsa, bu daha böyük xoşbəxtlikdir. Sonradan Əbülfət Əliyev, Hacıbaba Hüseynov, Şövkət Ələkbərova, Sara Qədimova, Qəndab Quliyeva, Ağaxan Abdullayev və digərlərini müşayiət etmişəm. Bu gün də Simarə İmanova, Bəsti Sevdiyeva, Aygün Bayramova, Teyyub Aslanov kimi sənətkarları müşayiət edirəm. Mənim yetişməyimdə ilk olaraq əvvəldə qeyd etdiyim mərhum sənətkarların böyük əməyi olub. Bəzən ifaçı qorxudan da püxtələşə bilərmiş. Məsəl üçün, Hacının, Bəhramın yanında ifa etmək özü bir ürək tələb edirdi. Uzun müddət ansambllarda görkəmli ifaçılarla çiyin-çiyinə çalışmışam. Hacıbaba Hüseynovun sinfində iki il təmənnasız işlədim. Çünki ondan öyrənirdim. O, çoxlu rənglər və dəramədlər bilirdi. Böyük təcrübə, yaşanan illər və qazanılan dostlar... Bunlar insan hafizəsində yaşayan xatirələrdir. Ustadların adını çəkib onların ruhunu yaşatmağı özümə hər zaman borc bilirəm. Tarzən ustadlarımla yanaşı, bu gün sənətdə olan həmkarlarım Ramiz Quliyev, Firuz Əliyev, Ağasəlim Abdullayev, Möhlət Müslümov və digərləri ilə ənənələri davam etdirərək bir-birimizdən öyrənmişik. 
   - Vamiq müəllim, həyətinizdə yaratdığınız açıq səma altında muzey həm mədəni irsimizə diqqətinizin nümunəsidir, həm də sizin marağınızdan xəbər verir...
   - Gözümü açıb evdə tar gördüm. Milli adət-ənənələrə hörmətlə böyüdüm. Musiqini sevdiyim qədər qədim əşyaları da çox sevirəm. Çünki bu əşyalarda nənələrimizin, babalarımızın izləri yaşayır. Həyətdə özlərinə əbədi məskən salan bu eksponatlara baxanda ötən illər kino lenti kimi gözlərimin önündən keçib gedir. Bu həm də insan ruhuna dinclik gətirir. Evimizdə mis qablar çox idi. Kəndimizə bir avar qalayçı gələrdi və təkcə bizdə iki-üç gün işləməli olardı. Bu əşyalara olan məhəbbətimdən belə qərara gəldim ki, eksponatları yığıb muzey yaradım. Bu əşyaların bir qismi hədiyyədir, bir qismini isə evlərdə görüb xahiş etmişəm ki, muzeyimə versinlər. Qabların üzərindəki naxışlar insanda xoş ovqat yaradır. Bəzən həyətdə oturur, bu əşyalara baxıb hansısa muğamı ifa edirəm. Mis səhənglər, aşsüzənlər, qazanlar, sinilər və mis camlar, həmçinin dulusçuluq sənəti nümunələri olan küplər, lampalar, Bakı bağlarının simvolu olan axur daşları. Hər səhər yuxudan oyanıb bu eksponatları görmək mənə böyük zövq verir. 
   - Həyatda ən böyük sərvətiniz nədir?
   - Ən böyük sərvətim dörd övladımdır. Bir də valideynlərimin mənə miras qoyduğu ailə tərbiyəsi.
   
   Bu il Vamiq müəllimin sənətə gəlişinin 50 ili tamam olur. Ötən il isə 70 illik yubileyi qeyd olunub, Prezident mükafatına layiq görülüb. Sənət ömrünün hər ayını, ilini layiqincə yaşamağa çalışıb: “Bu illər ərzində heç vaxt musiqidən uzaq olmamışam. Muğam sənətimizin təbliği və gənc nəslə düzgün çatdırılması yolunda səylərimi əsirgəməmişəm. Bu gün dövlətimizin mədəniyyətə, incəsənətə diqqəti, xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın muğam sənətimizə və bu sahənin insanlarına qayğısı biz sənətkarları çox sevindirir”.
   
   Lalə Azəri