Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı, kamança ifaçısı Cefri Verbok olub. 
   Universitetin “Vernisaj” salonunda musiqiçi ilə təşkil olunan görüşdə Musiqi sənəti fakültəsinin müəllim və tələbə heyəti iştirak edib. Fakültənin dekanı, professor Ceyran Mahmudova qonağı salamlayaraq onu Azərbaycanın dostu, Azərbaycan musiqisinin dünyada böyük təəssübkeşi adlandırıb.
   Görüş konsert şəklində keçib. Bakalavr və magistr tələbələrdən Şərif Şərifov (tar), Səbinə Məmmədli (qanun) H.Rzayevin “Çahargah rapsodiyası”, Afaq İsmiyeva P.Axundovanın “Qəlbimin səsi”, Səxavət Məmmədov “Zabul-segah” muğamı, Rafael İslamov “Gül dəstəsi” xalq rəqsini ifa edib. Məmməd Nəcəfov (xanəndə), Mirhüseyn Əsədullayev (tar), Fərrux Haşımlı (kamança) “Dəli ceyran” xalq mahnısını və qanunçalanlar ansamblı F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın şənliyi”ni səsləndirib. İfaları konsertmeysterlər Gülnar Axundova, Rəbiyə İmamquliyeva, Şəlalə Kərimova müşayiət edib. 
   Kafedranın professoru, Xalq artisti, tarzən Zamiq Əliyev qonaqla bağlı xatirələrini bölüşüb.
   Görüşdə Azərbaycan dilində çıxış edən amerikalı musiqiçi qonaq muğamla ilk tanışlığı, ona heyranlığı, kamança ifaçılığını, muğamlarımızı öyrənməsi haqqında danışıb. Səmimi ab-havada təşkil olunan görüş üçün təşəkkürünü bildirən musiqiçi tələbələrin çıxışından zövq aldığını qeyd edərək, tədbirə öz ifası ilə yekun vurub.