Bakıda incəsənət festivalı keçirilir
   
   YARAT Müasir İncəsənət Məkanının təşəbbüsü ilə “M.A.P.” (Music. Art. Performance) Bakı İncəsənət Festivalı keçirilir.    
   Noyabrın 1-də keçirilən mətbuat konfransında YARAT-ın bədii və strateji direktoru Björn Geldhof layihə barədə məlumat verib. O, bildirib ki, festivalın başlıca hədəfi ilk növbədə gənc nəslə müasir teatr sənətinin mahiyyətini çatdırmaqdan ibarətdir: “Bədii proqramlarla yanaşı, müxtəlif sərgilər vasitəsilə insanlara teatr haqqında məlumat veririk. Bu bizim üçün ilk fürsətdir ki, teatr haqqında ictimaiyyətə daha geniş məlumat çatdıraq. Layihə müxtəlif sənət janrlarını ehtiva edir”.
   Tədbirin təşkilatçılarından olan “Bakcell” şirkətinin baş direktoru Nikolai Beckers festivalın əhəmiyyətindən danışıb.
   Layihənin kuratoru Ülviyyə Axundova bildirib ki, festivalın məqsədi insanları teatra daha yaxın etməkdir: “Yaranmış vəziyyətin köklərini araşdıranlar teatr böhranından, internetin təsirindən və zamanın tələblərindən nə qədər danışsalar belə, teatr bizə hava və su kimi lazımdır. Vaxtilə Azərbaycan teatrını yaradan dahi insanlar sənət vurğunu idilər. Onların teatr ilə bağlı böyük ümidləri hədsiz-hüdudsuz idi. Bu teatr korifeyləri təsəvvür edə bilməzdilər ki, bir vaxt gələcək və xalqın əksər hissəsi teatra tam laqeyd olacaq və onların nəvə-nəticələri sosial şəbəkələrdəki ünsiyyəti sənətdən üstün tutacaqlar. Sözsüz, teatrı yaradan da, yaşadan da bu sənətə vurğun olan insanlardır. Bizim festivalın əsas qəhrəmanları da məhz belə şəxsiyyətlərdir”.
   Sonra festivalın gündəliyi açıqlanıb.
   Festivalın proqramına “Bir əsgərin hekayəti” balet-tamaşası (bəstəkar İqor Stravinski, rejissor Mehdi Məmmədov, dirijor Yalçın Adıgözəlov); “Gülməli adamın yuxusu” - “Pyotr Fomenkonun Emalatxanası” teatrı (Rusiya); “Troya zövcələri” - “Royal District” teatrı (Gürcüstan); “Sovrulanlar” baleti və s. səhnə əsərləri daxildir.
   Həmçinin “Gaga Intensive” müasir rəqs məktəbinin (İsrail) üçgünlük ustad dərsi, Ruslan Malikovun rejissor sənətinə dair ustad dərsi (“Praktika” teatrı, Rusiya), aktyor və rejissor Oleq Lyubimovun mühazirəsi (“Pyotr Fomenkonun Emalatxanası”), səhnə dekoratoru, rəssam Alisa Malikovanın mühazirəsi (“Praktika” teatrı), eləcə də Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (dirijor - Yalçın Adıgözəlov) və almaniyalı solist Roman Yusipeyin iştirakı ilə konsert (Bencamin Britten - “Frenk Bric mövzusuna dair variasiyalar”, Sofiya Qubaydulina - “Fachwerk”) nəzərdə tutulur.