Nikolay Tsiskaridzeyə BXA-nın fəxri professoru diplomu təqdim edilib
   
   Sankt-Peterburqdakı A.Y.Vaqanova adına Rus Baleti Akademiyasının rektoru, Rusiya Federasiyasının Xalq artisti, dünya şöhrətli balet artisti Nikolay Tsiskaridze bu günlərdə Azərbaycana səfəri çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub.
   Öncə qonağı Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev qəbul edib. Professor T.Əfəndiyev xatırladıb ki, keçən il Bakı Xoreoqrafiya Akademiyası ilə Rus Baleti Akademiyası arasında imzalanan müqaviləyə əsasən tədris ocaqlarının müəllimlərinin qarşılıqlı təcrübə mübadiləsində iştirak ediblər. Bundan əlavə, BXA-nın kitabxanasına N.Tsiskaridzenin imzası ilə çoxlu sayda kitab, dərs vəsaitləri və tədris proqramları hədiyyə edilib. Həmçinin, məşhur balet artisti BXA-da ustad dərsi keçmək arzusunu bildirib.
   T.Əfəndiyev qeyd edib ki, bütün bunlar nəzərə alınaraq akademiyanın Elmi şurasının qərarı ilə N.Tsiskaridze BXA-nın fəxri professoru adına layiq görülüb. Rektor fəxri professor diplomunu qonağa təqdim edib. 
   N.Tsiskaridze minnətdarlığını bildirərək, bu fəxri adın onun üçün böyük şərəf olduğunu deyib. Qeyd edib ki, Azərbaycan xoreoqrafiya sənəti ənənələri ona çox yaxşı məlumdur və Azərbaycan xoreoqrafiya məktəbinin yetirmələri bu gün xoreoqrafiya üzrə dünyanın aparıcı təhsil ocaqlarında və səhnələrində uğurla çalışırlar. O, vurğulayıb ki, Rusiyada Azərbaycan əsilli və Bakı Xoreoqrafiya Akademiyasının məzunu olan balet artistləri çoxdur. N.Tsiskaridze onu da diqqətə çatdırıb ki, Rus Baleti Akademiyası 2018-ci ildə Bakı Xoreoqrafiya Akademiyası tərəfindən keçiriləcək Qəmər Almaszadə adına II Beynəlxalq Rəqs Müsabiqəsində yaxından iştirak edəcək.
   Görüşdə akademiyalararası əməkdaşlığın genişləndirilməsinin zəruriliyi, müəllim-tələbə və təcrübə mübadiləsinin vacibliyi vurğulanaraq, birgə elm, təhsil və yaradıcılıq layihələrinin həyata keçiriləcəyi barədə razılıq əldə edilib. 
   Professor T.Əfəndiyev BXA tərəfindən nəşr edilən və fəxri qonağın redaksiya heyətində yer aldığı “Sənət akademiyası” elmi-nəzəri jurnalını N.Tsiskaridzeyə təqdim edib.
   Rəsmi görüşdən sonra BXA-nın prorektorları, müəllim və tələbə heyəti ilə görüşən N.Tsiskaridze akademiyanın müxtəlif təhsil pillələrində təhsil alan tələbələrin iştirakı ilə ustad dərsi keçib. Dərs zamanı qonaq klassik rəqs və balet sənətinin sirləri barədə danışıb, hərəkətlər, qamət, duruş, mövqe və digər vacib elementlərlə bağlı tövsiyələrini verib. Ustad dərsinin sonunda qonaq bu cür görüşlərin mütəmadi olacağına ümidvarlığını bildirərək, rəhbərlik etdiyi Rus Baleti Akademiyasının aparıcı müəllimlərinin Bakı Xoreoqrafiya Akademiyasına təcrübi və metodik köməklik göstərəcəyini deyib.