Zəngin turizm potensialı və qonaqpərvərlik ənənələri ilə seçilən Azərbaycanda turistlərin maraq göstərdiyi məkanlar sırasında tarix-mədəniyyət qoruqları xüsusi yer tutur. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində 21 qoruq fəaliyyət göstərir. Bu baxımdan ölkəmizdə mədəni turizmin inkişafı üçün geniş imkanlar var. Bu məkanlarda bayram günlərində xüsusilə qələbəlik olur. Həmçinin tarix-mədəniyyət qoruqlarında təşkil olunan müxtəlif tədbirlər adi günlərdə də çoxlu ziyarətçi cəlb edir.
   Həm yerli vətəndaşların, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında Qobustan Milli Tarixi-Bədii Qoruğu ön sırada dayanır. Qoruqdan verilən məlumata görə, 2017-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya 80 min 126 turist gəlib. Onların 39 min 561 nəfəri xarici ölkə vətəndaşlarıdır. Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən, o cümlədən Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Qeyd edək ki, 2016-cı ildə qoruğu 65 min nəfərdən çox turist ziyarət etmişdi.
   Turistləri hər zaman cəlb edən məkana son illərdə marağın daha da artmasının səbəblərindən biri burada yaradılan şəraitdir. UNESCO-nun Dünya irs siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə istifadəyə verilən muzey kompleksi ən müasir dünya standartlarına cavab verir. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.
   Qədim tarixin, əski dini inancların yadigarı - “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu da ötən il turistlər üçün cəlbedici məkanlardan olub. Qoruqdan verilən məlumata görə, ərazidə aparılan konservasiya işlərindən sonra turistlərin sayı ildən-ilə artmaqdadır. Ötən il “Atəşgah”ı ziyarət edən turistlərin sayı 30 min 751 nəfər olub. Onların böyük əksəriyyəti, 25 min 346 nəfəri xarici vətəndaşlar olub. “Atəşgah”ı ziyarət edən xarici ölkə vətəndaşlarının çoxunu Rusiya və ərəb ölkələrindən gələn turistlər təşkil edir.
   “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan verilən məlumata görə, hər zaman olduğu kimi, ötən il də bu məkana ziyarətçi marağı böyük olub. İl ərzində buraya gələn 63 min 574 nəfərdən 54 min 717 nəfərini xarici turistlər təşkil edib. Bu məkana da daha çox Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və başqa ölkələrdən turistlər gəlib.
   Ölkəmizin regionlarında fəaliyyət göstərən mədəniyyət qoruqları, tarixi məkanlar da il ərzində çoxlu sayda ziyarətçi qəbul edib. 
   Quba Soyqırımı Memorial Kompleksini ötən il 77 min 856 nəfər, Şəkidəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunu 56 min 742 nəfər ziyarət edib. Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğuna (İsmayıllı) 40 min 182, Kiş Tarixi-Memarlıq Qoruğuna (Şəki) 25 min 850, Zaqatala Tarix-Mədəniyyət Qoruğuna 20 min 700 nəfər baş çəkib.
   Qeyd edək ki, 2016-cı ildə tarix və mədəniyyət qoruqlarını 356 min nəfər ziyarət etmişdisə, 2017-ci ildə bu rəqəm 486 min 273 nəfər olub. Onlardan 166 min 153 nəfəri xarici ölkə vətəndaşlarının payına düşür. 
   2018-ci ildə tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin daha da gücləndirilməsi, yerli vətəndaşların və xarici turistlərin qoruqlara səfərlərinin artırılması üçün maraqlı proqramlar hazırlayıb həyata keçirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Bunun üçün müasir vasitələrdən, dünya təcrübəsindən istifadə, qoruqların turizm məhsulu kimi təbliği işi daha da gücləndirilməlidir. Bu da öz növbəsində mədəni irs nümunələri və tarixi abidələrimizin təbliğini, eləcə də qoruqların öz maliyyə vəziyyətlərini yaxşılaşdırmaq imkanlarını genişləndirmiş olacaq.
   
   Fariz Hüseynov