“Ailə və romantik istirahət yeri”, “Türkiyə və Misirin yeni rəqibi” - Azərbaycan və Bakı haqqında söylənilən bu ifadələr Ukraynanın STB telekanalının məşhur “Zvajeni ta haslivi” (“Özlərini çəkiblər və xoşbəxtdirlər”) teleşousunun finalında səslənib.
Bu teleşou Ukraynada yüksək reytinqli televiziya verilişidir. Layihənin iştirakçıları - artıq çəkisi olan insanlardır. Onlar arıqlamaq və eyni zamanda 250 min qrivna (təxminən 8750 dollar) mükafat uğrunda yarışırlar.
Teleşounun hazırlanması zamanı Bakıda aparılan çəkilişlər Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu və AZAL-ın birgə dəstəyi ilə həyata keçirilib. Milli Turizm Təbliğat Bürosundan verilən məlumata görə, final şousunu bu dəfə 13 milyon tamaşaçı izləyib.
Məlumatda bildirilir ki, Ukrayna Azərbaycana turist cəlbi baxımdan əsas potensial bazarlardan biridir. Milli Turizm Təbliğat Bürosu bu istiqamətdə aktiv fəaliyyət göstərir. Xüsusilə Ukraynanın UIA hava yolları şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirilir, bu ölkədən turizm agentliklərinin nümayəndələri, jurnalistlər və bloqerlərin Azərbaycana səfərləri təşkil edilir. Eyni zamanda Milli Turizm Təbliğat Bürosu tərəfindən Ukraynada tədbirlər təşkil olunur. Son belə görüş paytaxt Kiyevdə keçirilib və tədbirdə Azərbaycanın turizm potensialı haqqında 20-yə yaxın turizm şirkətində təqdimatlar edilib, onlarla yerli turizm şirkətləri arasında əlaqələr formalaşdırılıb.
Məlumata görə, 2017-ci ildə Azərbaycana Ukraynadan 57 min 756 turist səfər edib. Bu göstərici ilə Ukrayna dünyanın digər ölkələri arasında Azərbaycanın ən çox turist qəbul etdiyi 7-ci ölkədir. Aparılan işlər və araşdırmalar göstərir ki, bu rəqəmlər 2018-ci ildə daha da artacaq.
Milli Turizm Təbliğat Bürosu oxşar fəaliyyətləri, ənənəvi turizm bazarlarında olduğu kimi, yeni bazarlarda da həyata keçirir. Bu sıraya ABŞ, Avropa, Çin, Hindistan və başqa ölkələr daxildir. Büro bazarın tələbatına uyğun olaraq müxtəlif ölkələrin turizm şirkətləri və agentlikləri ilə birlikdə yeni xidmət paketləri, marşrutlar, turlar və s. üzrə müzakirələr aparır.