Yanvarın 25-də Türkiyənin İstanbul şəhərində Aralıq dənizi regionunun ən böyük turizm tədbiri olan “EMİTT 2018” (The East Mediterranean İnternational Travel and Tourism) sərgisi açılıb.
Beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi də təmsil olunur. Tədbirə nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyəti qatılıb. Heyətdə nazirliklə yanaşı “Zenit Tour Travel”, “Silk Way Travel”, “Rahat Travel”, “Via Caucasus Tour and MICE”, “In Travel Azerbaijan”, “Flame Tour & Travel DMC”, “The Tour”, “Green Apple MICE and Leisure Travel”, “Feniks Travel and Tourism”, “Turizm.az”, “Azera Turizm”, “Millennium Tourism”, “Azerbaijan Travel Agency”, “Meridian Travel”, “Granit AS Travel”, “Improtex Travel”, “Sulh Travel”, “Net Travel” şirkətləri və Azərbaycan Hava Yollarının (AZAL) təmsilçiləri yer alıb.
Sərgidə respublikamızın turizm imkanları 70 kvadratmetr sahədə qurulan milli stenddə nümayiş olunur. Stend sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin edilib.
Qeyd edək ki, 2003-cü ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri “EMİTT” beynəlxalq turizm sərgisində iştirak edir. 1997-ci ildən etibarən hər il keçirilən İstanbul sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur.