Fevralın 18-də Şahdağ Turizm Mərkəzində ekstremal və şən qış müsabiqəsi - “Red Bull Shakh Carpet” keçiriləcək.
“Xalçaların şahı” müsabiqəsinin ideyasına görə, müxtəlif kostyumlar geyinmiş, dağdan enmək üçün hər cür vasitələrlə təchiz olunmuş iştirakçılar sonda kiçik tramplinin üzərindən hovuza tullanırlar. İştirakçıların xüsusilə müsabiqə üçün yaratdıqları hərəkət vasitələrinin əsas elementi isə xalça olmalıdır.
Üçüncü dəfə təşkil olunacaq müsabiqədə qeydiyyatdan keçmək üçün iştirakçılar əvvəlcədən komandanın kreativ konsepsiyasını fikirləşməli, xalça ilə sürüşmək üçün vasitə düzəltməli, müvafiq şən kostyumlar hazırlamalıdırlar. Komandalar xalça ilə sürüşmək üçün konstruksiyaların qurulmasında xizəkdən, snouborddan, altı buz bağlamış yeşiklərdən və ya qar üzərində hərəkət üçün digər hərəkət vasitələrindən istifadə edə bilərlər. Hazırda 15 komanda qeydiyyatdan keçib. Komandaların hər biri iki-üç iştirakçıdan ibarət olacaq. Qaliblər ən yaxşı tullanma, ən kreativ kostyum və çıxış, tamaşaçı simpatiyası kateqoriyalarında müəyyənləşəcəklər.
Fariz Hüseynov