Bakıda üçüncü dəfə İndoneziya mədəniyyət festivalı
Sentyabrın 11-dən 16-dək Bakıda İndoneziya mədəniyyət festivalı keçiriləcək. İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Arxipelaqın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında keçiriləcək layihənin bundan öncəki iki festivaldan daha möhtəşəm olacağı gözlənilir.
Səfirlikdən bildirilib ki, festival Heydər Əliyev Sarayında və Fəvvarələr meydanında reallaşacaq.
Festivalın ilk günü Heydər Əliyev Sarayında tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını dinləyəcəklər. Həmçinin Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim edəcəklər.
Tədbirin proqramına İndoneziya və Azərbaycan Pençak-silat federasiyaları tərəfindən təşkil olunan özünümüdafiə sənətinin incəliklərinin nümayiş etdirilməsi də daxildir. İndoneziyanın ənənəvi döyüş sənəti pençak-silat Azərbaycanda gənclər arasında kifayət qədər məşhurdur. Tədbirdə iştirakçılar İndoneziya mədəniyyətinin necə isti qarşılandığının və Azərbaycan gəncləri tərəfindən qəbul edildiyinin şahidi olacaqlar.
Festivalın ikinci və üçüncü günləri isə Fəvvarələr meydanında sərgilər və müxtəlif tədbirlər keçiriləcək. Tədbirlərə qatılanlar İndoneziyanın arxipelaq kulinariyası ilə yaxından tanış olacaq və sərgilər vasitəsilə bu ölkənin mədəni irsini, müxtəlifliyini və gözəlliyini seyr edəcəklər. Festival çərçivəsində yarmarka da təşkil olunacaq ki, burada İndoneziyanın milli geyimləri, suvenirlər, əl işləri olan əşyalar, qəhvə və çaylar, digər məhsullar yer alacaq.
Festivalda indoneziyalı iş adamları ilə yanaşı, ölkənin elm və mədəniyyət xadimləri də iştirak edəcək.