Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə böyük Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin 150 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirib.
Konfrans çərçivəsində ədibin özbək dilində çap olunan “Poçt qutusu” kitabının təqdimatı da olub.
Əvvəl iştirakçılar AMM-in təşkil etdiyi sərgiyə baxıblar. Sərgidə Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, AMM-in Daşkənddə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı özbək dilində çap etdirdiyi kitablar nümayiş etdirilib.
Sonda kitablar universitetə hədiyyə olunub.
Tədbirdə universitetin prorektoru Raxima Kərimova Azərbaycan-özbək ədəbi əlaqələrindən danışıb. Professor Həmidulla Baltabayev Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı haqqında məlumat verib.
AMM-in direktoru Samir Abbasov çıxışında diqqətə çatdırıb ki, indiyədək Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə bağlı Daşkənddə özbək dilində 60-dan artıq kitab işıq üzü görüb. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si iki variantda - Alimcon Buriyevin tərcüməsində bir kitabda, Xalq şairi Camal Kamalın tərcüməsində isə ayrı-ayrı kitablarda çap edilib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova Cəlil Məmmədquluzadənin yazıçı, dramaturq, jurnalist, ictimai xadim kimi fəaliyyətindən, ədibin nəşr etdiyi “Molla Nəsrəddin” jurnalının milli mətbuatımızın inkişafında rolundan söz açıb. O, yazıçının mis üzərində döyülmüş portretini və Bakıda “Molla Nəsrəddin” jurnalının latın qrafikası ilə nəfis şəkildə çap olunan birinci və ikinci cildlərini universitetə hədiyyə edib.
Sonda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.