Kitab da insan kimidir: ünsiyyət qurursan və bilmirsən bu ünsiyyət müddəti uzunömürlüdür, ya qısaömürlü. Əlbəttə, ilk təəssürat əsas şərtdir, yəni birinci oxunuşundan əlinə götürdüyün kitab bütün ümidlərini alt-üst də edə bilər. Ancaq əgər kitab həqiqi yaradıcılığın bəhrəsidirsə, əzablı gecələrin yadigarıdırsa, özündən asılı olmayaraq, əbədi sirdaşına çevrilər.
   
   Bədii yaradıcılıq istedad tələb edir və bəzən həqiqi istedad sahibi illər boyu yazıb-yaradır, daxilən zənginləşə, püxtələşə-püxtələşə əsərlərini cilalayır.
   Şəxsiyyətinə və bədii zövqünə hörmət bəslədiyim Novruz Nəcəfoğlu xarakterizə eləmək istədiyim bu cür yaradıcı şəxsdir.
   Bu yaxınlarda Novruz Nəcəfoğlunun «Apostrof» Çap Evi tərəfindən nəşr olunan «Bir qış gününün xatirəsi» kitabı əlimə keçdi. Bu toplu iki hissədən ibarətdir: birində müəllifin ürək çırpıntıları - şeirləri, digərində hekayələri toplanıb.
   Filoloq-alim İslam Qəribli kitaba ön sözünə yazır: «Novruz Nəcəfoğlu sözdən ehtiyatla, zərgər dəqiqliyi ilə istifadə edən və sözün üstündə əsim-əsim əsən incə qəlbli, zəkalı şair və lirik-psixoloji hekayələr müəllifidir. Uzun illər yazdıqlarını sənət xiridarlarına təqdim etməkdə tərəddüdlər keçirən müəllif nə yazıbsa ürəyinin hökmü ilə yazıb, şəxsən yaşadıqlarını qələmə alıb və elə ustalıqla qələmə alıb ki, bu əsərlərdə, xüsusilə hekayələrdə oxucu yazıçıdan çox, özü ilə üz-üzə durub həmsöhbət ola bilir».
   Novruz Nəcəfoğlunun şeirləri nə qədər obrazlı təfəkkürün məhsulu olsa da, bu əsərlərdə bir süjet var, hadisənin mahiyyətinə enmək, varmaq bacarığı nəzərə çarpır. Bunu bir-birinə zahirən bənzəyən «Bir qala ziyarəti» və «Bir kaha önündə» nümunələri təsdiq edir. Şübhəsiz, vətən torpağında ucalan hər qala mərdlik, igidlik, qəhrəmanlıq rəmzidir. Müəllifin də ümumi qənaətinə görə, hər kəs tarixdən ibrət dərsi götürməli, bu maddi-mədəniyyət abidələrini qorumalıdır.
   
   Tikilən bu qalalar
   Vətənin rəmzi kimi
   Bu günlərçün tikilib,
   Zəmanələr qocaltmış
   Yadları diz çökdürən
   Bu məğrur qalaların
   Bünövrəsi, özülü
   Ərənlikdən tökülüb.

   
   Lerikdə «Dağlar Qapısı» adlanan yer var. Doğrudur, rayon başdan-başa dağlar diyarıdır və burdan başlanan silsilə dağlar gedib Güney Azərbaycanında Savalana birləşir. Ancaq «Dağlar Qapısı» son dərəcə nadir yerdir və bu ərazidən sanki ən hündür zirvələr, keçilməz qayalıqlar başlanır. Müəllif «Bir kaha önündə» şeirində Dağlar Qapısının təsvirini verir və qədim bir insan məskəninin yerini-yurdunu gözlərimiz qabağında canlandırır.
   
   Bir vaxt insan məskəni olub,
   İçi insan nəfəsi ilə isinib.
   Diqqətlə baxsan,
   Daşlarından insan şəkli asılıb.

   
   Müəllifin başqa şeirləri də əsasən bu qəbildəndir və qayəsinin, əqidəsinin məntiqi davamıdır. «Dünya», «Dəfn elə», «Gedim», «Bilmədim», «Lirik lövhələr», «Olacaq», «Bükün məni qundağıma», «Yollar», «Xeyli vaxtdır», «Yuxum ərşə çəkilib», «Gətirəydin», «Qalmayıb» və s. Bu poetik nümunələrin içində ənənəvi qoşma janrında yazılmış «Dəfn elə» şeiri xüsusilə bənzərsiz, özünə məxsusdur.
   
   Əgər cismim qismət olsa torpağa,
   Apar, haqqım çatan yerdə dəfn elə!
    Xəlvət yerdə darıxıram, elimin-
    Yolu, izi ötən yerdə dəfn elə!
   
    O yerdə ki, iməklədim yeridim,
   O yerdə ki, ayaq tutdum yürüdüm,
   O yerdə ki, əzizləndim, böyüdüm,
    Uşaqlığım itən yerdə dəfn elə!

   
   Məncə, vətəndaşlıq, vətənpərvərlik mövzusunda bundan o yana obrazlı söz demək mümkün deyil. Novruz bu sətirlərlə mövzuya elə möhür vurub ki, onun ifadə vasitələrinə, ifa tərzinə, sözü tapıb məhz yerində işlətmək bacarığına yalnız həsəd aparmaq olar. Şeir məzmunca bitkindir, formaca əlvandır, qafiyələr oynaq və rəvandır. Elə bil bir dağ çayıdır, öz məcrasında min illik yoluyla mənsəbinə doğru axıb gedir.
   Novruz Nəcəfoğlunun şeirləri hekayələrini, hekayələri şeirlərini tamamlayır. «Bir qış gününün xatirəsi», «Yuxu», «Bir ana tanıyırdım», «Zalım oğlunu öldürürdüm», «Səhra gəmisi», «Kövrək pıçıltılar», «Bu evin çoxdankı dostu», «Dünyanın o üzündən» kimi əsərlər olduqca yığcamdır, süjet xətti başlanğıcdan oxucunu dalınca çəkməyi bacarır. Göründüyü kimi müəllif oturub özündən Amerika kəşf eləmir, real hadisələri qələmə alır. Bu hadisələrin xeyli qismi həyatda baş verənlərdir. Deməli, yazıçının təxəyyülü qidasını həyat materialından götürüb. Ona görə təsvir olunan mənzərələr təbii təsir bağışlayır.
   Hekayə ədəbiyyatda ən yığcam, ən çevik janrdır. Əgər ədəbiyyatımızda bu ədəbi kökün Mirzə Cəlil kimi bənzərsiz nümayəndəsi varsa, yaxşı hekayə yazıb ortaya qoymaq cəsarət tələb edir. Ancaq xoşbəxt o sənətkardır ki, böyük nəsrin xofu onu basmır, onu qorxutmur və öz sözünü öz çəkisində deməyi bacarır. Novruz Nəcəfoğlunu da özünəməxsus təhkiyəylə, rəvan dillə xarakterlərini yaradır, ədəbi qəhrəmanlarının obrazlarını canlandırır. Onlar eldən-obadan çıxmış bizim müasirlərimizdir. Hər gün gördüyümüz, həmişə rastlaşdığımız insanlardır.
   Bu yazdıqlarım «Bir qış gününün xatirəsi» kitabı haqqında qısa təəssüratlarımdır. Əlbəttə, kitabda toplanan əsərlərin daha böyük, sanballı təhlilə ehtiyacı var.
   
   Ağacəfər Həsənli







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar