Azərbaycan

1 iyul 1925 – Ədəbiyyatşünas alim, professor Pənah İmran oğlu Xəlilov (1925-2019) Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. “Azərbaycan sovet ədəbiyyatı tarixi” üçcildliyinin həmmüəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.

1 iyul 1937 – Əməkdar mədəniyyət işçisi, aşıq İsfəndiyar Adil oğlu Rüstəmov (1937 – 9.2.2018) Gədəbəy rayonunun Gərgər kəndində doğulub. Gədəbəydə ilk aşıq ansamblını yaradıb, müxtəlif festivallarda respublikamızı təmsil edib.

 

2 iyul 1892 – Yazıçı, maarif və mədəniyyət xadimi Tağı Abbas oğlu Şahbazi (Simürğ; 1892-1937) Bakıda anadan olub. Respublika Xalq Maarif komissarının müavini, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. “Ağanın kənizi”, “Aldanmış ümid”, “Qayçı” və s. hekayələrin müəllifidir. Repressiya qurbanıdır.

2 iyul 1953 – Əməkdar artist Tofiq Əşrəf oğlu Qаrаyev (1953 – 26.10.2013) Ağdamda doğulub. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

2 iyul 1953 – Əməkdar artist, müğənni Məhəbbət Allahverdi oğlu Kazımov (1953 – 27.1.2014) Laçın rayonunun Çorman kəndində doğulub. “Dan ulduzu” ansamblının solisti olub.

 

3 iyul 1940 – Tanınmış pianoçu, Xalq artisti Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (1940 – 24.5.2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub, Əskişəhər Universitetinin (Türkiyə) Dövlət Konservatoriyasında kafedra müdiri işləyib.

3 iyul 2000 – Aşıq Xaspolad Gülablı (Xaspolad Salman oğlu Mirzalıyev; 1919-2000) vəfat edib.

 

4 iyul 1928 – Tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Kamran Nəbi oğlu Rəhimov (1928 – 4.7.2007) Naxçıvan MR Şərur rayonunun Qarabağlar kəndində doğulub. Maarif naziri (1983-1988), Ali Sovetin deputatı (1990-1995) olub.

 

Dünya

 

1 iyul 1646 - Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz; 1646-1716) anadan olub.

1 iyul 1804 – Fransız yazıçısı Jorj Sand (George Sand (əsl adı: Amandina Avrora Düpen – Amantine-Aurore-Lucile Dupin de Francueil); 1804-1876) anadan olub. Romanları: “Roz və Blanş”, “İndiana”, “Konsuelo” və s.

1 iyul 1902 – Amerika rejissoru Vilyam Vayler (William Wyler; 1902-1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar”a layiq görülüb.

1 iyul 1909 – Gürcü aktyoru, SSRİ Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda doğulub. “Keto və Kote”, “Əsgər atası” və s. filmlərdə çəkilib.

 

2 iyul 1877 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946) Herman Hesse (Hermann Hesse; 1877-1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.

2 iyul 1923 – Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1996) Vislava Şimborska (Wislawa Szymborska; 1923 – 1.2.2012) anadan olub. “Son və əvvəl”, “Yüz ...” və s. kitabların müəllifidir.

 

3 iyul 1883 – Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka; 1883 – 3.6.1924) Praqada doğulub. Əsərləri:  “Bir xanımın xülasəsi”, “İtaətkarla söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi” və s.

3 iyul 1908 – Fransız yazıçısı və ssenaristi Toma Narsejak (Thomas Narcejac, əsl adı Pierre Robert Ayraud; 1908-1998) anadan olub.

 

4 iyul 1676 – İspan dramaturqu Xose Kanisares (1676-1750) anadan olub.

4 iyul 1918 – Rus filosofu, kulturoloq, “Mədəniyyətlərin dialoqu” konsepsiyasının müəllifi Vladimir Bibler (1918-2000) anadan olub.

4 iyul 1927 – Amerika dramaturqu və ssenaristi Nil Saymon (Marvin Neil Simon; 1927-2018) anadan olub. “Qəribə cütlük”, “Parkda ayaqyalın” və s. komediyaları ilə məşhurlaşıb.

Hazırladı:  Vüqar ORXAN