Parlaq yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbi prosesinin öncül sıralarında şərəfli yer tutan Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyev həmişə qəlbimizdə yaşayan, unudulmaz ədiblərimizdən biridir. O, bir bahar günündə (26 may 1914-cü il) Füzuli şəhərində anadan olmuşdu. 1996-cı ilin bir payız günündə (3 oktyabr) dünyasını dəyişdi. Əlbəttə, əbədiyaşar əsərlərə imza atan İlyas Əfəndiyev kimi yazıçıların bu dünyaya «əlvida» deməsi ağır, çox ağır kədərdir. Amma bir təsəlli də var ki, belə ustadlar sadəcə dünyalarını dəyişmirlər. Onlar nura qənşər bir ömrün əbədi yolçularına çevrilirlər.
   Ruhun şad olsun böyük insan!
   
   XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İlyas Əfəndiyev haqqında danışanlar həmişə onun fəaliyyətini böyük nasir və dramaturq kimi təhlilə çəkir, yaradıcılığının məziyyətlərindən fərəhlə bəhs edirlər. İlyas Əfəndiyev ötən əsr ədəbiyyatımızın klassikidir. O, bir tərəfdən gözəl romanlar, povestlər, hekayələr müəllifi kimi sevilirdisə, digər tərəfdən də Azərbaycan teatrının repertuar ağırlığını uzun illər çiyinlərində daşıyaraq tamaşaçılara bir-birindən maraqlı əsərlər bəxş etdi. Ədibin yaradıcılığı ilə bütövlükdə maraqlandıqda heyrətə gəlməyə bilmirsən. İlyas Əfəndiyev nasirliyi, dramaturqluğu ilə yanaşı, həm də tənqidçi olub. Yazıçının 2002-ci ildə çapdan çıxmış yeddi cildliyinin sonuncusunda tənqidi yazıları, müsahibələri, esseləri toplanıb.
   Ötən əsrin 40-cı illərindən başlayaraq ömrünün sonuna kimi İlyas Əfəndiyev ədəbi mühitin içində olub. Ədəbiyyat, dramaturgiya, musiqi, teatr, kino, mənəviyyat məsələləri ilə bağlı maraqlı yazılar qələmə alıb. Klassiklərdən tutmuş müasirlərinə qədər İlyas Əfəndiyev bir zox yazıçı, şair, sənətkar, aktyor, rejissor barəsində söz deyib. Ədəbi mühitə münasibətində, ən kəskin tənqidində, yazıçıların qurultaylarındakı məruzələrində, müsahibə və esselərində İlyas Əfəndiyev həmişə səmimi, obyektiv, həyat gerçəkliyinə sadiqliyi ilə seçilən qələm sahibi kimi öz təmkinini, müdrikliyini qoruyub. Bu günün özündə belə yazıçının bu sahədəki fəaliyyəti nümunə çəkilir.
   "Geniş yaradıcılıq üfüqləri" adlı məqaləsində ədəbiyyatımızın böyük ənənələrini təhlilə çəkən yazıçı toxunulmamış, aktual mövzuları, yeni konfliktləri təhlil edərək ədəbiyyatda yeniliklər arzusunda olduğunu bildirərək yazırdı: "Müasirlik ədəbiyyatımızın meyarıdır. Biz sələflərimizin qiymətli irsini öyrənməklə bərabər yeni ənənələr də yaradırıq. Yeni xarakterlər təsvir edirik. Yeni duyğular tərənnüm edirik. Biz öz xalqımızın müasir həyat və mübarizəsini qələmə almaqla gələcək ədəbiyyatın bünövrəsini qoyuruq. Gələcək qərinələrin böyük sənətinə yol açırıq". 1959-cu ildə yazılmış məqalədəki fikirlər bu gün də aktual və gərəklidir. Çünki İlyas Əfəndiyevə görə mücərrədçilərin, formalistlərin özlərini "novator" kimi qələmə vermələri saxtakarlıqdan başqa bir şey deyildir. "Hər dövrün müsbət qəhrəmanı cəmiyyətin mütərəqqi ənənələrini davam etdirməklə bərabər tamamilə yeni bir xarakter kimi meydana çıxır".
   Hər bir əsərini ömrünün bir parçası kimi qiymətləndirib əzizləyən İlyas Əfəndiyevin doğma dilimiz və əlifba ilə bağlı maraqlı fikirləri var. O fəxr edirdi ki, müasirləri ilə birlikdə böyük Nizaminin, Füzulinin, Mirzə Fətəlinin, Sabirin, Mirzə Cəlilin yaratdığı mənəvi aləmin varisidir. Latın əlifbasına keçməyi gözləyən və alqışlayan sənətkarlardan birincisi İlyas Əfəndiyev olub. "Bizim yeni əlifbaya keçməyimiz stalinizmin yaratdığı və bizi saldığı dar qəfəsdən çıxıb dünya mədəniyyətinə qovuşmaq istəyimizin ifadəsidir. Bu mədəniyyətlə ayaqlaşmaq üçün bizim istedadımız da var, potensial gücümüz də".
   Ana dilini varlığı qədər sevən və onun şirin təhkiyəsində möhtəşəm əsərlər yazan İlyas Əfəndiyev öz doğma dilini unudub özgə dildə danışanlara həmişə irad tutaraq birinci növbədə ana dilini öyrənməyi məsləhət görürdü. Çünki hər bir xalqın özünəməxsus milli ruhu, milli koloriti onun ana dilində yaşayır.
   Hələ sovet dövründə təkcə bədii yaradıcılığındakı cəsarəti ilə deyil, tənqidi fikirlərindəki kəskinliyi də diqqət çəkirdi. 1945-ci ildə qələmə aldığı "Yüksək sənət uğrunda" məqaləsində haqlı olaraq yazıçıları qınayırdı ki, bizim nəsrimizdə hələlik iki qəhrəman vardır! “Bunlardan birisi ağıla gələn nöqsanların hamısından uzaq, necə deyərlər, "ağıl" sahibi, digəri isə ağıla gələn nöqsanların hamısına malik cahil və nadandır".
   İlyas Əfəndiyevin qəbul etmədiyi bu hal isə sovet rejiminin ədəbiyyata yönəlmiş ən kəskin diktəsi idi. Azərbaycan yazıçısı isə 37-ci ilin ağır repressiyalarından çıxmış qələm yoldaşlarını bu nöqsanlara qarşı qorxmadan, çəkinmədən mübarizəyə səsləyirdi. Öz fikirlərini də əsaslandırırdı ki, yeni yaranmış ədəbiyyatımızda qəhrəmanların zəif çıxmasına səbəb də məhz bu sağlam olmayan təsirin nəticəsidir.
   Azərbaycan ədəbiyyatındakı sənətkarlıq məsələləri ilə bağlı İlyas Əfəndiyev müntəzəm olaraq dövri mətbuatda öz fikirlərini həm həmkarları, həm də oxucularla bölüşüb. O, klassik nəsr və dram əsərlərindən danışanda duyduğu dərin həyatilikdən, təbiilikdən valeh olduğunu bildirib, müasir ədəbiyyatdakı diqqətçəkən nöqsanları isə ədəbi tənqidimizdəki durğunluqla bağlayıb. Bəzilərinə görə, tənqidçilik bədii yaradıcılıqdan qat-qat asandır. İlyas Əfəndiyev isə böyük nasir olmağına baxmayaraq həmişə bunun əksini düşünərmiş. O, qəti surətdə bu fikirdə olub ki, ədəbi tənqid ədəbiyyatın yol göstərənidir. Heç bir vaxt bədii ədəbiyyat tənqidə sükan ola bilməz. Belə ciddi düşüncənin, təfəkkürün olmasındandır ki, İlyas Əfəndiyev nə yazıbsa, gözəl və mükəmməl alınıb.
   Böyük ədibin incəsənət, musiqi, kino sənəti, səhnə ustaları haqqında maraqlı fikirləri vardır. "Dövrümüzün tələbi" (1960) adlı məqaləsində yazırdı: "Bizim incəsənətimizin gücü bir də orasındadır ki, o öz yeniliyi, yeni mahiyyəti ilə bərabər keçmişin yaxşı ənənələrini davam etdirir..." Təəssüf ki, bu gün istər ədəbiyyatda, istərsə də mətbuatda bu ənənələr pozulmaqdadır. Müasir insanın mənəvi aləmində sanki bir ikiləşmə gedir. Həyatın yeni axarı bir sıra insanları gələcəyə daha açıq gözlə baxmağa səsləyirsə, digər tərəfdə şüurlarda, yaradıcılığa münasibətdə ucuz şöhrətpərəstlik baş almaqdadır. Bunun da nəticəsində meydana zəif kitablar, tamaşalar çıxmaqdadır. Xalqın gözü həmişə açıqdır. Vaxtilə İlyas Əfəndiyevə deyirlər ki, siz ədəbiyyatımızın canlı klassikisiniz. Böyük ədib bu sözləri gileyli təbəssümlə qarşılayaraq belə cavab verib: "Özündən razılıq məğlubiyyətdir. Hər şey zamanın əlindədir. O göstərəcək kim ələyin üstündə qalır, kim keçir. Tələsməyə nə hacət".
   Yeddinci cilddə toplanmış əsərlərin içində mənəviyyatla bağlı bir neçə yazı da diqqət çəkir. O əsərlərin yazılma tarixi ötən əsrin ortalarına təsadüf etsə də, qaldırılan məsələlərin zəruriliyi bu gün də öz aktuallığını saxlamaqdadır. İlyas Əfəndiyev yazırdı: "Yüksək mənəviyyat abstrakt bir ifadə deyil. Yüksək mənəviyyat dedikdə bizim fikrimizcə hər şeydən əvvəl yüksək şüur gəlir. Yüksək şüurlu vətəndaşlığın mənası isə aydın olduğu qədər də dərindir. Onun birinci meyarı Vətən sevgisidir. Vətəni sevmək əlbəttə, onun əzəmətli dağlarına, yarpağı min rəngə çalan meşələrinə, laləli, nərgizli çöllərinə, bülbüllər oxuyan bağlarına heyran olmaqla bitmir... Sadəlövh mədhiyyəçilik heç bir zaman həqiqi sənət nümunəsi olmamış və ola da bilməz. Vətən sevgisi vətəndaşın öz xalqına, doğma torpağına münasibəti zamanı meydana çıxır. Həqiqi vətəndaş yalnız gözəlliklərdən zövq alan bir seyrçi deyil, Vətənin və xalqın rifahı, inkişafı naminə görülən ümumi işin ağırlığının müəyyən hissəsini çiynində daşıyan, bir az da aydın desək, özünün yüksək, vicdani borcunu məhz bunda görən ilhamlı bir fədaidir". Yurdumuzda hər kəsi bu cür fədai görmək doğrudan da xoşbəxtlikdir. Həqiqi vətəndaşın şəxsiyyəti ilə onun mənsub olduğu xalqın ideyaları arasında təzad yaranmamalıdır. İlyas Əfəndiyevin arzusu hər kəsi həqiqi vətəndaş, Vətənini və xalqını varlığından artıq sevən və bu yolda hər şeydən keçməyi bacaran insan görmək idi.
   İlyas Əfəndiyev müsahibələrində də səmimi olardı. Ona verilən sualları düşüncə ilə cavablandırmağı bacarardı. Bir müsahibədə ondan soruşurlar ki, bu günün yazıçısı hansı keyfiyyətləri özündə cəmləşdirməlidir? Ədibin cavabı bu gün üçün də əhəmiyyətlidir: "Yazıçı hər şeydən əvvəl istedadlı olmalıdır, bu bir; yüksək savadı olmalıdır, - yəni dünya ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə etməlidir, bu iki; böyük mədəniyyəti olmalıdır, bu da üç. Bütün bunlarla bərabər, yazıçı geniş ürək və ülvi insanlıq xüsusiyyətlərinə malik olmalıdır. Yalnız bu cür yazıçı insanların vicdanına təsir eləyə bilər. Yazıçı hər şeydən əvvəl öz daxilindəki mənfi emosiyalara qalib gəlməyi bacarmalıdır. Mənə elə gəlir ki, bu keyfiyyətləri özündə birləşdirə bilən yazıçı həmişə ədəbiyyata fayda verə bilər".
   Bu keyfiyyətləri İlyas Əfəndiyevin özü birinci növbədə mənəviyyatında daşıdığı üçün Azərbaycan ədəbiyyatının inkişafında əsl fədakarlıq göstərib. Belə olmasaydı, bugünkü söz meydanında baş alıb gedən qarışıqlığın içində unudulmaz nasirin, dramaturqun, tənqidçinin işıqlı portreti diqqət çəkməzdi. İlyas Əfəndiyevin ədəbiyyatda da, ürəklərdə də öz yeri var!
   
   Flora Xəlilzadə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar