Azərbaycan

 

1 sentyabr 1900 – Məşhur sirk pəhləvanı, Xalq artisti Rəşid Əliməmməd oğlu Yusifov (1900-1982) Borçalı mahalının (Gürcüstanın Marneuli rayonu) Gorarxı kəndində anadan olub. Moskva Dövlət Sirkinin truppasında çıxış edib.

1 sentyabr 1920 – Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 – 16.8.2002) Şəkidə doğulub. AMEA-nın Tarix İnstitutunun direktor müavini, 7 cildlik “Azərbaycan tarixi”nin məsul redaktorlarından olub.

1 sentyabr 1924 – Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838-1924) vəfat edib. Tağıyev Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları (“Müsəlman xeyriyyə cəmiyyəti”, “Nəşr və maarif”, “Nicat” və s.) Tağıyevin yardımı sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.

1 sentyabr 1930 – Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930-2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq-gənclər üçün kitabların, səhnə əsərlərinin müəllifidir.

1 sentyabr 1930 – Yazıçı-dramaturq, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə (1930-2012) Füzuli rayonunun Cuvarlı kəndində doğulub.

1 sentyabr 1931 – Tanınmış teatr və kino aktyoru Fazil İdris oğlu Salayev (1931 – 16.6.1978)  Bakıda doğulub. Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb, filmlərdə (“Alma almaya bənzər”, “Rəqiblər”, “Şərikli çörək”) yaddaqalan obrazlar yaradıb.

1 sentyabr 1937 – Əməkdar incəsənət xadimi Siyavuş Məmməd oğlu Şəfiyev (1937 – 24.11.2001) Bakıda anadan olub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. “Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi” və s. filmlərdə çəkilib.

1 sentyabr 1941 – Əməkdar mədəniyyət işçisi, şair, yazıçı-publisist Tofiq Abdin (Tofiq Məhərrəm oğlu Abdinov; 1941 – 24.2.2014) Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub.

1 sentyabr 1945 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Təbriz oğlu Kərim (1945 – 2.10.2013) Zəngəzur mahalının Şəki kəndində doğulub. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatlar aparıb, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim musiqi alətləri ansamblını yaradıb.

1 sentyabr 2009 – Tanınmış təsviri sənət ustası, Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (15.10.1928 – 2009) vəfat edib.

 

2 sentyabr 1909 – Yazıçı-dramaturq, tərcüməçi Rza Nəbi oğlu Şahvələd (1909 – 2.7.1984) Tiflisdə anadan olub.

2 sentyabr 1916 –  Əməkdar incəsənət xadimi, rəssam Əyyub Müseyib oğlu Hüseynov (1916-1998) Naxçıvan MR Kəngərli rayonun Xok kəndində doğulub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin direktoru işləyib. Əsərləri: “Araz sahilində”, “Yağışdan sonra”, “Çobanlar” və s.

2 sentyabr 1930 – Əməkdar rəssam Hüseyn Gülbala oğlu Hüseynov (1930-1987) Bakının Buzovna kəndində doğulub. Azərbaycan dilində rəssamlığa dair ilk dərsliklərin müəllifidir.

2 sentyabr 1949 – Əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoq İsmayıl Soltan oğlu Hacıbəyov (1949 – 25.3.2006) anadan olub. “Firuzə” operası, “Memorial” kantatası, “Naxışlar” fantaziyası və digər əsərlərin müəllifidir.

2 sentyabr 1949 – Tanınmış teatr rejissoru Yusif Məmmədağa oğlu Əkbərov  (1949 – 4.10.2016) Bakıda doğulub. Sumqayıt Dövlət Dram, Musiqili Komediya teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib.

 

3 sentyabr 1931 – Xalq rəssamı, professor Oqtay Yusif oğlu Şıxəliyev (1931 – 31.1.2012) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlər yaradıb, Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir.  Tabloları Fransada, Almaniyada şəxsi kolleksiyalarda saxlanılır.

3 sentyabr 1951 – Görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Məmmədsadıq oğlu Nuri (1951 – 22.11. 2012) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, kinoda (“Yol əhvalatı”, “Tənha narın nağılı”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Qətl günü”) yaddaqalan obrazlar yaradıb.

 

4 sentyabr 2003 – Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə  (29.12.1921 – 2003) vəfat edib. S.Ə.Şirvani, A.Səhhət, Xətai və başqa görkəmli şəxsiyyətlər haqqında tarixi romanların müəllifidir.

 

Dünya

 

1 sentyabr 1854 – Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck; 1854-1921) anadan olub.

1 sentyabr 1875 – Amerika yazıçısı Edqar Berrouz (Edgar Rice Burroughs; 1875-1950) anadan olub. Tarzan haqqında romanların, elmi-fantastik janrda “Marslılar” seriyasından əsərlərin müəllifidir.

 

2 sentyabr 1852 - Fransız yazıçısı Pol Burje (Paul Charles Joseph Bourget; 1852-1935) anadan olub. Psixoloji romanların müəllifidir: “Şagird”, “Qadın ürəyi”, “Paris əxlaqından oçerklər”.

2 sentyabr 1926 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926-1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “ Uğur centlemenləri”, “Mimino”, “ Payız marafonu” və s.

 

3 sentyabr 1883 – Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818 – 1883) vəfat edib. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu” və s.

3 sentyabr 1927 – Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927-1994) anadan olub. Əsərləri: “Partizanlar”, “Xatın povesti”, “Sonuncu məzuniyyət”, “Blokada kitabı” və s.

 

4 sentyabr  973 – Orta əsrlərin ensiklopediyaçı alimi, tarix, coğrafiya, ədəbiyyat, astronomiya, riyaziyyat üzrə əsərlərin müəllifi Biruni (əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 973 – 11.12.1048) Xarəzm vilayətinin Kət şəhərində doğulub.

4 sentyabr 1768 – Avropa ədəbiyyatında romantizmin banilərindən biri Fransua Rene de Şatobrian (François-Rene de Chateaubriand; 1768-1848) anadan olub. “Xristianlığın üzrü”, “Rene və ya ehtirasların nəticəsi” romanlarının müəllifidir.

4 sentyabr 1904 – Fransız kinorejissoru Kristian Jak (Christian-Jaque (Maudet); 1904-1994) anadan olub. Filmləri: “Fanfan-zanbaq” (1952, Kann festivalının qalibi),  “Qara zanbaq”, “Yaşıl saqqal”, “Babetta müharibəyə gedir” və s.

4 sentyabr 1952 – Məşhur hind aktyoru Rişi Kapur (1952 – 30.4.2020) anadan olub. Filmləri: “Bobbi”, “Qisasçı”, “Belə yalançı” və s.

Hazırladı:  Vüqar ORXAN