Oktyabrın 3-də Türkiyənin paytaxtı Ankara şəhərində  Azərbaycan Ordusuna dəstək məqsədilə konsert keçirildi. “Türkiyə-Azərbaycan dostluq konserti” adlandırılan bədii proqram Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Xalq Çalğı        Alətləri Ansamblı tərəfindən təşkil olunmuşdu.

Konsertin bədii rəhbəri Cem Gurdal bildirdi ki, bu tədbirin məqsədi Azərbaycan cəmiyyətində ruh yüksəkliyini, Azərbaycanın müzəffər ordusunu alqışlamaq və uğurlar diləməkdir.

Tədbir ərzində “Bir millət, iki dövlət!” şüarı ilə birlik və həmrəylik çağırışları səsləndi.

Azərbaycanın Xalq artisti, türk dünyasının sevimli müğənnisi Azərin zəfər mahnılarını ifa etdi. Azərbaycan-Türkiyə qardaşlığına, müzəffər Ordumuzun qalibiyyətinə dair şüarlar səsləndi. İfaçının Azərbaycan ordusunun bugünkü qələbəsini – Ağdərə rayonunun Suqovuşan kəndinin alınması xəbərini verməsi böyük coşqu ilə qarşılandı. Konsertdə Azərbaycan və Türkiyə başda olmaqla digər türk xalqlarının da mahnıları, rəqsləri ifa olundu.

Tədbirdə rəsmi şəxslər, diplomatlar, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri də iştirak edirdilər.

Mehparə SULTANOVA
Ankara