2021-ci ilin gəlişinə iki ay qalsa da, koronavirus öz toxumlarını yeni ilə də səpməkdə qərarlı görünür. Dünyanın məşhur mədəniyyət ocaqları qapılarını bağlı saxlayır, beynəlxalq mədəni tədbirlər isə qeyri-müəyyən müddətə təxirə salınır.

Virusun gələn il üçün ilk qurbanı 25 fevralda ABŞ-da keçirilməsi nəzərdə tutulan beynəlxalq “Palm Sprinqs” kinofestivalıdır. Təşkilat komitəsi iştirakçıların sağlamlığı və təhlükəsizliyini nəzərə alaraq 31 illik tarixində ilk dəfə olaraq hələlik festivalın keçirilməsini mümkün hesab etmir. Bununla belə, 2021-ci ildə ənənəvi olaraq hər il iyunun sonlarında təşkil edilən qısametrajlı film festivalının isə baş tutacağına ümid var.

ABŞ-da təxirə salınan daha bir kino tədbiri apreldə keçirilməsi planlaşdırılan “Traybeka” film festivalıdır.

Pandemiya səbəbindən qapıları bağlı qalan məşhur mədəniyyət ocaqlarından  biri də Nyu-Yorkun Metropoliten Muzeyidir. Muzey gələn ilin aprelində ziyarətçiləri real qəbul edə bilər.

Dünyanın ən böyük opera teatrlarından olan Metropoliten Opera 2020/2021-ci mövsümü ləğv edib və hələlik açılış günü haqqında məlumat vermir. Parisin Luvr Muzeyi də qeyri-müəyyən müddətə bağlı elan edilib. Brodvey teatrları isə işıqlarını gələn yaya kimi söndürüblər.

Məlum olduğu kimi, Kann kinofestivalı da bu il onlayn keçirildi və əks-sədaya səbəb ola bilmədi. Festival əsas film və qısametrajlı filmlərin bir hissəsini nümayiş etdirərək mükafatlarını təqdim etdi. Festivalın rəqabətli filmləri isə pandemiya səbəbindən digər festivallara səpələnmiş oldu. Təşkilat komitəsi inanır ki, kino mütəxəssisləri üçün gələn ilin may ayı daha əlverişli olacaq.

Avropanın ən böyük kino forumlarından olan 71-ci Berlin festivalının (11-21 fevral tarixinə planlaşdırılır) baş tutub-tutmayacağı hələ də sual altındadır. Hələlik festivalın saytı tədbirin qeyd olunan vaxtda real olaraq keçiriləcəyini bildirir. Qeyd edək ki, festivalın onlayn modeli də hazırlanıb və qarşıdakı həftələrdə Berlinale üçün şərtlər və dəvət olunan filmlərin sayı açıqlanacaq. Lakin 2021-ci il yaxınlaşdıqca və pandemiya səngimədikcə bu festivalın taleyi də bir qədər qaranlıq görünür. Çünki pandemiyanın ikinci dalğası Almaniya üçün o qədər də asan keçmir və ölkədə sərt karantin rejiminin tətbiqinə başlanılıb.

Bu yerdə xatırladaq ki, Berlinale təşkilatçıları gender bərabərliyini qorumaq məqsədilə bundan sonra “ən yaxşı aktyor” və “ən yaxşı aktrisa” kateqoriyasında mükafatlandırmadan da imtina edib. Son vaxtlar kino aləmində gender ayrı-seçkiliyi ilə bağlı baş verən qalmaqalları nəzərə alan festivalın rəhbərliyi ifaçılıq bacarıqlarına görə aktyor və aktrisa bölgüsü etməyəcək. 2021-ci ildən başlayaraq festivalda xüsusi mükafatlar yalnız əsas və ikincidərəcəli rollar üzrə veriləcək.

Qeyd edək ki, film festivallarının gender siyasəti ilə bağlı problemləri və bunların həlli yollarının tapılması ilə bağlı müzakirələr bir neçə ildir davam edir. Bu məsələlərin sonu olaraq Kann və Berlin festivallarının direktorları 2019-cu ilin yayında “Gender bərabərliyinə dair memorandum” imzalayıblar. Sənədin müddəalarına uyğun olaraq, müsabiqə proqramında təmsil olunan kişi və qadınların sayı bərabər olmalıdır.

L.AZƏRİ