Xalq şairi Məmməd Araz haqqında monoqrafiya
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” monoqrafiyası çapdan çıxıb.
AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə işıq üzü görən tədqiqat əsəri “Məmməd Araz dünyası elmi-ədəbi yaddaş işığında” adlı ön söz, giriş, iki fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Monoqrafiyada Məmməd Arazın çoxcəhətli və zəngin yaradıcılığı Azərbaycan xalqının milli-mənəvi taleyi və dəyərləri, qüdrətli söz ustadının sənətkarlığı kontekstində təhlil obyektinə çevrilib. Nəşrdə şairin bədii irsinin qayəsi, şeirlərinin dil-üslub xüsusiyyətləri kimi məsələlər də araşdırılıb.
Monoqrafiya tələbələr, tədqiqatçılar, geniş oxucu kütləsi, habelə Məmməd Araz yaradıcılığını sevənlər üçün əhəmiyyətli mənbədir.