Türkiyənin Türk Müzik Birliyi (TMB TV) telekanalının təşkilatçısı olduğu “Türkvizyon” mahnı müsabiqəsi bu il COVİD–19 pandemiyası səbəbindən onlayn formatda keçirilib. Dekabrın 20-də gerçəkləşən müsabiqəyə Türkiyə, Azərbaycan, Rusiya Federasiyanın 8 respublika və bölgəsi, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Albaniya, Serbiya, Rumıniya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk Cümhuriyyəti, Polşa və Almaniyadan ümumilikdə 26 təmsilçi qatılıb.
Müsabiqəni 20-dək telekanal, o cümlədən “Azad Azərbaycan” kanalı canlı yayımlayıb. Qalibləri hər iştirakçının təmsil etdiyi ölkə və diyardan bir nəfər olmaqla 26 nəfərdən ibarət münsiflər heyətinin səsləri müəyyən edib.
Yarışmanın qalibi ukraynalı Natalya Papazoğlu olub. İkinci yeri Rusiya (Saxa-Yakutiya) təmsilçisi, üçüncü yeri Bosniya və Herseqovina nümayəndəsi tutub.
Bundan başqa, müsabiqədə xüsusi “Tamaşaçı rəğbəti” mükafatı nəzərdə tutulub. Bu mükafat iştirakçılar arasında “Sarı gəlin” mahnısının ifasına görə veriləcək. Tamaşaçı səsverməsi www.turkvizyon.tv saytında keçirilir. Səsvermə dekabrın 31-dək davam edəcək.
“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.
Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.