Və ya Yeni iliniz mübarək!

Nəhayət, o zaman yetişdi ki, özümüzə qapanıb yazından zövq, yayından ləzzət, payızından həzz almadan, qışında da qaşqabağımız açılmadan, nə zaman bitəcəyini səbirsizliklə gözlədiyimiz 2020-ci il köçünü yığıb gedir.

“Siçan ili”ndə az qala elə onun kimi davrandığımız – yəni gurluqdan, kütlədən qaçdığımız (sosial məsafə) halları, hər şeydən diksindiyimiz (küçədə, nəqliyyatda yan-yörəmizdə biri asqırıb-öskürəndə) məqamları, yaşayış məkanımızı əsasən ərzaq və digər zəruri alış-veriş üçün tərk etdiyimiz uzun bir ili geridə qoyuruq.

2020-ci il təkcə fevral ayı 29 gün sürdüyü üçün uzun olmadı, günlərimizi dolduran təşviş dolu COVİD xəbərləri, pandemiya məlumatları, amansız virusun harada pusquda durduğunun narahatlığı ilə keçən hər günümüzü neqativ (bu sözü oxuyanda diksinməyin) emosiyalarla yüklədi deyə, bu il bizə yaman uzun gəldi.

O da var ki, pandemiyadan əziyyət çəkən digər ölkələrdə daha nələr baş verdiyində işimiz yoxdur, amma bizim Azərbaycan üçün 12 illik Şərq təqvimindəki sıralamaya görə, budəfəki “Siçan ili” tam fərqli, amma çox gözlənilən bir olayla bitdi. Hər Yeni il gələndə bir-birimizə dilədiyimiz ən böyük arzumuz yerinə yetdi. Qarabağ savaşı Qələbəmizlə başa çatdı. İl “Siçan ili” olanda nə olar? Əsas odur ki, siçan xarakterini biz yox, torpaqlarımızı illərdən bəri işğal etmiş bədnam qonşularımız göstərdi. Bütün dünya da  bildi ki, qonşularımızı güclü edən onları bir növ laboratoriya siçanı kimi bəsləyən güclü arxadaşları imiş. Arxadaşlar olmayanda da, ya da bir qədər arxaya çəkiləndə isə qəfəsdə bəslənməyə alışmış məxluq bundan qəfil məhrum qalanda necə zəif olursa, eynilə o cür hərəkət edirlər.

Bəs üzümüzə gələn “Öküz ili” nələr vəd edir və biz necə davranmalıyıq ki, 2021-ci ilin astroloji sahibinin xətrinə dəyməyək. Hər necə olsa, Öküz Siçan deyil və onun istəyinin əksinə getmək də, yumşaq desək, məsləhət deyil. Astroloqlara inansaq, qarşıda bizi qeyri-adi, parlaq və hadisələrin bir-birini sürətlə əvəzlədiyi  “Ağ Metal Öküz ili” gözləyir. Xatırladaq ki, bizim də bir parçası olduğumuz Şərq mədəniyyətində ağ rəng təmizlik, saflıq və ədalət rəmzi sayılır. Saflıq və ədalət prinsiplərini gözü qızanda, əsəbiləşəndə qarşısına keçən hər şeyi dağıdan Öküzün xarakterik cizgiləri ilə tutuşdursaq, çox qeyri-adi mənzərə yarana bilər. Amma nə qədər qəribə görünsə də, Öküz sakitliyi sevən, işdən qorxmayan, öz ərazisini və özününkü olan hər şeyi qan bahasına da olsa, qorumağı bacarandır! Bu səbəbdən də vəd edildiyi kimi, böyük əməllər və hadisələr ili kimi tarixə düşəcək 2021-ci ildə hər kəs çoxdan arzusunda olduğu işləri gerçəkləşdirə bilər. Unutmayaq ki, xətrinə dəyməyəndə Öküz çox nəcib və təmkinli heyvandır. Sadəcə, lazım gələndə o, cəld hərəkət edir və atalar demişkən, sağa-sola baxmadan irəliləyir.

Öküz texnikanın nailiyyətləri kənd təsərrüfatına aid etdiyimiz sahələrə və məişətimizə daxil olanadək insanın əlindən tutub, ayağını, yükünü yerdən qaldırıb. Buna görə də xaraktercə işgüzar insanları çox sevir, onlara hörmətlə yanaşır. Bu səbəbdən də 2021-ci ildə işdən qorxmayan, karyera qurmaq istəyən zəhmətkeş kəslərin yolunda yaşıl işığın yanacağını gözləməyə dəyər. Üstəlik, üzümüzə gələn il ailə dəyərlərini uca tutanların da üzünə güləcək. Yəni ki, ailə qurmaq, övlad arzusunu gerçəkləşdirmək üçün uğurlu il gəlir.

Əgər Öküz ili  ilə dost olmaq, onu hirsləndirməmək istəyirsinizsə, Yeni il axşamı üçün bayram menyusunu mal əti olmadan planlamaq, üstəlik, bayram süfrəsi ətrafına toplaşarkən qırmızı rəngli libas geyinməmək məsləhətdir. Astroloji olanda nə olar? Öküz elə bütün məqamlarda, adının ən yaxşı və ən pis hallandırıldığı anlarda öz xislətinə sadiqdir.

Yeri gəlmişkən, bayram təbrikinə keçməzdən əvvəl yazının başlığına çıxardığımız, Latın Amerikası seriallarının mənfi kişi qəhrəmanlarının adlarını assosiativ olaraq xatırladan “enserro” kəlməsi barədə.

Enserro korrida döyüş-tamaşaları ilə məşhur olan İspaniyada öküzlərin qabağına düşüb qaçmaqdan, yəni hirslənmiş öküzdən canını qurtarmaqdan ibarət olan  xalq oyun-idman ənənəsinin adıdır. Hirsli öküzün qabağına düşüb var gücünlə qaçmaq oyun iştirakçılarının, tamaşaçılarının qanında adrenalini nə qədər qaldırsa da, belə yarışlar heç də həmişə qansız bitmir. Astroloji baxımdan da, 2021-ci ildə Öküzü yersiz əsəbiləşdirib – qan-qadalı düşüncələrə dalıb mənasız arzuların qəlbinizdə belə cücərməsinə imkan verməyin. İmkan verin ki, gələn illə bağlı ən xoş arzularımız yerinə yetsin!

XXI əsrdə ilk dəfə sərhədləri bütöv Azərbaycan Respublikasının Vətəndaşı olaraq qarşıladığımız, Qarabağı bağrımıza basdığımız ilimiz mübarək! 2021-in qədəmləri uğurlu olsun!

Gülcahan MİRMƏMMƏD