Yanvarın 25-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Ankaradakı qərargahında türkiyəli şair, tədqiqatçı və tərcüməçi Kənan Çarboğanın “Qorqudnamə” kitabının videokonfrans formatında təqdimat mərasimi keçirildi. Müəllifin “Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında qələmə aldığı kitab “TÜRKSOY kitabxanası” seriyasında nəşr edilib.
TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcının moderatorluğu ilə keçirilən təqdimata Türk Dil Qurumunun başqanı Gürer Gülsevin, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Türkiyə Cümhuriyyəti Prezidenti müşavirinin yardımçısı Kadir Başar, Qazaxıstanın TÜRKSOY-da keçmiş təmsilçisi, Abay Universiteti Nemat Kelimbetov adına Türkologiya Mərkəzinin rəhbəri Asker Turqanbayev, kitabın müəllifi Kənan Çarboğa qoşulmuşdular.
Tədbiri açıq elan edən Bilal Çakıcı nəşr layihəsi haqqında danışmaq üçün sözü öncə TÜRKSOY-un Baş katibi Düsen Kaseinova verdi.
Baş katib iştirakçıları salamlayaraq bu günlərdə Azərbaycana səfərindən, Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlara baş çəkməsindən, orada gördüyü erməni vandalizminin izlərindən bəhs etdi, Prezident İlham Əliyev ilə görüşü barədə məlumat verdi.
TÜRKSOY-un türk dünyasının ortaq ədəbi irsinin təbliği ilə bağlı həyata keçirdiyi layihələrdən və təqdimatı keçirilən nəşrin əhəmiyyətindən danışan Düsen Kaseinov bu kitabın ilk simvolik təqdimatının (17 yanvar – red.) Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərində, dağıdılıb-talan edilmiş tikililərin qalıqları önündə keçirildiyini diqqətə çatdırdı.
Baş katib bildirdi ki, ümumtürk mədəniyyətində önəmli yer tutan “Kitabi-Dədə Qorqud” hekayələri əsasında yazılan kitab ortaq mədəni irsimizin tanıdılması, yaşadılması, gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. D.Kaseinov “Qorqudnamə” kitabının müəllifinə, həmçinin kitabda rəsmləri yer alan türk dünyası rəssamlarına təşəkkürünü bildirdi. Sonra o, TÜRKSOY-un dəstəyi ilə nəşr edilmiş kitabın təqdimatı ilə bağlı simvolik lenti kəsdi.
Türk Dil Qurumunun başqanı Gürer Gülsevin öz çıxışında Kənan Çarboğanın ərsəyə gətirdiyi kitabın əhəmiyyətini qeyd edərək türk dünyası irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması barədə söz açdı: “Mədəniyyət əsərlərimiz gələcək nəsillərə ötürülür. Bu mədəniyyətin adı ümumtürk mədəniyyətidir. Hazırda 250 milyona yaxın türk xalqları dünyada geniş coğrafiyada yaşmaqdadır. Coğrafiyadan asılı olaraq ləhcəmizdə, geyimlərimizdə fərq olsa da, ortaq dəyərlərimiz bizi birləşdirir. Bu ortaqlığı inkişaf etdirən və bunu vəzifəsi olaraq icra edən qurumlardan biri də TÜRKSOY-dur. Bu fəaliyyətlərinə görə quruma təşəkkürümü bildirirəm”.
Onlayn təqdimatda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi şanlı Zəfər əldə edən Azərbaycan xalqının çox fərəhli günlər yaşadığını dedi. Dədə Qorqudun bütün türk dünyasının ortaq mənəvi mirası olduğunu bildirən K.Tahirov bu möhtəşəm mənəvi abidənin xalqlarımızı daha sıx birləşməyə və bir-birinə dayaq olmağa səsləyən varlıq olduğunu vurğuladı.
Türk dünyasının mənəvi dəstəyinin bu 44 günlük savaşda Azərbaycan Ordusuna böyük güc və ruh verdiyini deyən natiq bu mənada Dədə Qorqud kimi ali dəyərlər təcəssümü olan abidənin TÜRKSOY tərəfindən gündəmə gətirilməsinin çox əhəmiyyətli olduğunu bildirdi. 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran K.Tahirov payızda bununla bağlı Milli Kitabxanada nəzərdə tutulan elmi konfrans zamanı türkdilli ölkələrdən alimlərin və müəllifin iştirakı ilə “Qorqudnamə” kitabının təqdimatının keçirilməsini təklif etdi.
Kitabın müəllifi – Sivas Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Kənan Çarboğa çıxış edərək, dastanların millətlər üçün önəmli dəyərlərdən biri olduğunu və dastan deyincə də türk millətinin ağlına ilk olaraq Dədə Qorqudun gəldiyini bildirdi: “Fuad Köprülü deyirdi ki, tərəzinin bir gözünə bütün türk ədəbiyyatını, ikinci gözünə isə “Dədə Qorqud” dastanını qoysanız, ikinci ağır gələr. Dədə Qorqud türk dünyasını ortaq nöqtədə birləşdirən ulu bir varlıqdır”.
Əsəri ərsəyə gətirməsindən danışan Kənan Çarboğa buna qədər bir çox müəlliflərin kitablarını oxuduğunu, dastan yazan millət olduğumuz üçün dastan oxuyan nəsil yetişdirmək lazımdır, qərarına gəldiyini dedi: “Kitaba 13 illik əməyi verməyimə səbəb, Ziya Göyalpın “klassik irs əsərlərinin təkrar düzənlənməsi və yazılması gərəkdir”, sözləri oldu. Mən də “Dədə Qorqud” dastanının oxunaqlı olması üçün təkrar yazılmasını düşündüm. Əsərin orijinalına toxunmamaqla və fərqli heca növlərini istifadə etməklə “Qorqudnamə”ni yazdım. Düşünürəm ki, kitabı oxumaqla bir daha Dədə Qorqudu kəşf edərik”.
Təqdimatın iştirakçılarından Kadir Başar və Asker Turqanbayev də çıxışlarında Dədə Qorqud müdrikliyindən və dastanın dəyərli irsindən bəhs etdilər, TÜRKSOY-un dəstəyi ilə nəşr edilən “Qorqudnamə” əsərinin əhəmiyyətini diqqətə çatdırdılar.
Xatırladaq ki, Kənan Çarboğanın “Qorqudnamə” kitabının təqdimat mərasimi bundan öncə (21 yanvar) Bakıda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ofisində keçirilmişdi. TÜRKSOY-un Baş katibi Düsen Kaseinov da mərasimdə iştirak etmişdi.
Mehparə SULTANOVA
Ankara