İstirahət məkanlarımızda qiymətlər yalnız imkanlı adamların cibinə uyğundur
   
   Yeni ilin gəlişinə artıq bir neçə gün qalıb. Bayramqabağı hər kəsi bayramı harada və necə keçirmək düşündürür. Kimi Yeni ili öz evində, kimi ölkəmizdə fəaliyyət göstərən istirahət məkanlarında, bəziləri isə xarici ölkələrdə qarşılamaq niyyətindədir. Bir sözlə, bayramın keçirilməsi hər kəsin şəxsi büdcəsi ilə bağlıdır. 
      
   Bununla bağlı eksklüziv araşdırma apardıq. Sözün düzü, məqsədimiz ölkəmizdə və xaricdəki xidmət qiymətlərini müəyyənləşdirmək idi.
   Əvvəlcədən qeyd edək ki, zəng etdiyimiz ünvanlarda dəstəyi qaldıran xanımlar suallarımızı nəzakət və səbirlə sona qədər cavablandırdılar. Necə deyərlər, bu xanımların səsindən əsl bayram əhval-ruhiyyəsi duyulurdu.
   Novxanıda yerləşən AF Hotel Aqua Parkda qiymətlər daha imkanlı ailələrin büdcəsinə uyğundur. Belə ki, burada 1 otağın qiyməti 1 gecə üçün 60 manat, 3 otağın qiyməti isə 120 manatdır. İstirahət mərkəzinin ofis meneceri Kəmalə xanımın dediyinə görə, bu qiymətə 2 yataq otağı, 2 hamam, 1 qonaq otağı və səhər yeməyi daxildir. Qeyd edək ki, Yeni il münasibətilə AF Hotel Aqua Parkın qiymətlərində 10-20 manat arasında artım olacaq. Dekabrın 31-də istirahət mərkəzinin restoranında tanınmış müğənnilərdən Natəvan, Mənzurə, Arzu Mələk, «Azəristar» iştirakçıları, «Sevən ürəklər» qrupunun iştirakı ilə şou-proqram da təşkil ediləcək. Restoranda adambaşına stolun qiyməti 150 manatdır. Əgər ailədəki uşaqlar beş yaşından yuxarıdırsa, onda vəziyyət bir qədər də qəlizdir. Çünki onda hər bir uşaq üçün də 150 manat ödəmək lazımdır.
   Sonda Kəmalə xanım bayram münasibətilə yerlərin məhdud ola biləcəyinə görə indidən yer sifariş verməyimizi də məsləhət bildi. Qiymətləri ilə maraqlandığımız ikinci məkan Nabranda yerləşən «Atlant» istirahət mərkəzi oldu. Öncədən qeyd edək ki, burada qiymətlər nisbətən aşağı idi. Bu da yəqin ki, Nabranın Bakıdan uzaqda yerləşməsi ilə əlaqədar idi.
   İstirahət mərkəzinin əməkdaşı Elvina xanımın dediyinə görə, burada 1 otağın qiyməti 40 manat, 2 otaqlı kotteclər 80 manat, 3 otaqlılar isə 100 manatdır. 2 otaqlılarda 4 nəfər, 3 otaqlılarda 6 nəfərlik ailə yerləşə bilər. Qeyd edək ki, bu qiymətə yemək daxil deyil. Bayram münasibətilə «Atlant»ın qiymətlərində artım nəzərdə tutulmayıb. Dekabrın 31-də şou-proqramın olacağı da planlaşdırılır.
   Xızıdakı «Altıağac» istirahət mərkəzindən aldığımız məlumata görə, Yeni il gecəsi kotteclərdə qiymət adambaşına 150 manat olacaq. Bu məbləğ digər günlərdən fərqli olaraq azaldılıb. Belə ki, adi günlərdə kotteclərin qiyməti 200 manat olur. Qeyd edək ki, bu qiymətə bayram günü səhər və axşam yeməyi, sabahısı isə yalnız səhər yeməyi daxildir.
   Xarici ölkələrdə yerləşən istirahət məkanlarının qiymətləri ilə maraqlandıq. Öyrəndik ki, Misir Ərəb Respublikasının ən məşhur şəhərlərindən olan Şarm əl Şeyxdəki hotellərdə qiymətlər çox münasibdir. Belə ki, burada «Palermo Sharm Hotel», «La Perla», «Tropicana Rosseta», «Sharm Elysses» 3 ulduzlu hotellərdə dekabrın 30-dan yanvarın 6-dək dincəlmək üçün orta hesabla bir adam 880-1355 manat xərcləməlidir. Bu qiymətlərə yol xərci, səhər və axşam yeməkləri, bəzilərində isə nahar da daxildir. «Golden Sharm Resort», «Tropikan Jasmin Club», «Park İnn Resort», «Sonesta Club» və başqa 4 ulduzlu hotellərdə otaqların sayına müvafiq olaraq 1500-1550 manatla 1 həftə gəzib-dolanmaq olar. 3 ulduzlulardan fərqli olaraq, bu qiymətə gediş-gəliş haqqından başqa, gündə 5 dəfə yemək, yerli içkilərdən istifadə etmək də daxildir.
   Turizm sahəsindən yüksək gəlir əldə edən digər ölkələrdə olduğu kimi, Misirin 5 ulduzlu hotelləri də qonaqlarına yüksək xidmət təklif edir. Bu xidmətin müqabilində Şarm əl Şeyxin 5 ulduzlu mehmanxanalarının qiymətləri olduqca münasibdir. Burada 5 ulduzlu «Millenium Oyoun Resort» mehmanxanasında bir həftə qalmaq bayram günlərində bir nəfərə cəmi 1450 manata başa gələcək. Buraya nəqliyyat xərcləri, gündə 5 dəfə yemək, yerli və xarici markalı içkilərdən istifadə də daxildir. «LTİ Tropikan Grand Azure», «Radisson SAS», «Sonesta Beach Resort», «Savoy» və başqa 5 ulduzlularda isə qiymətlər 1500-2500 manat civarındadır. Bu qiymətlər də otaqların sayına müvafiq olaraq dəyişir. Eyni zamanda yol xərci, gündə 5 dəfə yemək, müxtəlif növ içkilərdən istifadə də bu məbləğin içərisindədir. Üstəlik, yuxarıda göstərdiyimiz qiymətlərə Yeni il karnavallarında, şou-proqramlarda iştirak etmək də daxildir.
   Onu da qeyd edək ki, Şarm əl Şeyxə Bakıdan birbaşa çarter reysləri gedir. Bu ilin sonuncu reysi dekabrın 30-nda olacaq. Turizm şirkətlərindən aldığımız məlumata görə, artıq həmin günə nəzərdə tutulan uçuş üçün biletlərin hamısı satılıb.
   İstanbulun məşhur «Ceylan İnterkontinental», «Elite World», «Hilton» hotellərində də qiymətlər heç də bizdəkindən baha deyil. 160-240 avro 1 otağın, 180-260 avro isə 2 otağın qiymətidir.
   Antalya şəhərindəki «Porto Bello» hoteli il boyu, həmçinin Yeni il bayramı qonaqlarını 90 manatdan yerləşdirir. Bu qiymətə bütün günü müxtəlif çeşidlərdə yeməklər, şirniyyatlar, içkilər və hotelin ərazisində yerləşən bütün əyləncə və sağlamlıq xidmətlərindən faydalanmaq imkanı daxildir. Amma yol xərci bu qiymətə daxil deyil. Onu da əlavə edək ki, bayram günlərində hotel müştərilərinin imkanını nəzərə alaraq qiymətlərdə endirimlər də edir.
   Hər bir kəs Yeni ili harada qarşılamaq məsələsində sərbəstdir. Bizim də bu kiçik araşdırmanı aparmaqda məqsədimiz vətəndaşlarımıza gedəcəkləri yeri təyin etməkdə köməklik göstərməkdir ki, seçimlərində yanılmasınlar. 
  

 Fəxriyyə ABDULLAYEVA