Bugünlərdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki və səfirliyin bir qrup əməkdaşı Azərbaycan Turizm İnstitutunda olublar. 
   ATİ-nin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, görüşdə rektor Cəfər Cəfərov institutun yaranması və fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib. Eyni zamanda qeyd edib ki, bu il rəhbərlik etdiyi ali təhsil ocağının həyatında əlamətdar dövrdür. İlk dəfə olaraq, Azərbaycan Turizm İnstitutunun məzunları ixtisaslı kadr kimi ölkəmizin turizm sənayesində fəaliyyət göstərəcəklər.
   Səfir Masamitsu Oki Azərbaycanın turizm baxımından geniş imkanlara malik olduğunu xüsusi vurğulayıb və cənub bölgəsinin bu sahədə perspektivliyini önə çəkib. Qonaq fikrini belə əsaslandırıb ki, regionun Lənkəran, Masallı kimi rayonları müalicəvi əhəmiyyətli isti su mənbələri ilə zəngindir. Bu da yapon turistlərini daha çox maraqlandıran amillərdəndir. Səfiri dediyinə görə, Yaponiya əhalisinin böyük hissəsi istirahətini ABŞ və Avropanın bir sıra ölkələrində keçirməyə üstünlük verir. Belə ki, hər il 20 milyon insan müxtəlif ölkələrdə olur: «Son vaxtlar Yaponiya vətəndaşları Azərbaycan kimi ölkələrə səfər etməyi daha üstün tuturlar. Səbəb Azərbaycanın zəngin təbiəti, şəfalı, müalicəvi əhəmiyyətli su ehtiyatlarına malik olmasıdır. Bir faktı da nəzərinizə çatdırım ki, bizim ölkəmizlə sizin ölkənizi birləşdirən tellər var. Bu da qədim adət-ənənələrimizə sadiqliyimiz və qonaqpərvərliyimizdir. Günəşli diyarın Azərbaycana marağı sadaladığım və sadalamadığım amillərlə bağlıdır».
   Səfir onu da bildirib ki, Azərbaycanda turizm sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyduğundan beynəlxalq standartlara cavab verən tədbirlərin həyata keçirilməsi də vacibdir.
   Görüşdən sonra səfirliyin əməkdaşları institutla yaxından tanış olublar.

   Fəxriyyə ABDULLAYEVA