«EMİTT-2009» turizm sərgisi bunu bir daha sübut etdi
   
   Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın müxtəlif ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində təmsil edilməsini mütəmadi olaraq təmin edir. Fevralın 11-dən 14-dək İstanbul şəhərində keçirilən «EMİTT-2009» beynəlxalq turizm sərgisində ölkəmizin turizm potensialı geniş şəkildə nümayiş etdirilib.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun aparıcı məsləhətçisi İlahə Hacıyevanın qəzetimizə verdiyi məlumata görə, sərginin açılış mərasimində Türkiyə Respublikasının mədəniyyət və turizm naziri E.Günay və İstanbul şəhərinin valisi M.Gülerlə yanaşı, digər rəsmi şəxslər və turizm təşkilatlarının nümayəndələri də iştirak ediblər: «EMİTT-2009» ənənəvi olaraq hər il keçirilir. Ötən illə müqayisədə builki sərgidə həm ziyarətçilərin, həm də təmsil olunan ölkələrin və şirkətlərin sayı artmışdı. Belə ki, 60 ölkədən 800 turoperator, mehmanxana, aviaşirkət və turizm sahəsinin müxtəlif istiqamətlərində fəaliyyət göstərən şirkətlər öz məhsullarını nümayiş etdirirdilər».
   İ.Hacıyevanın dediyinə görə, Mədəniyyət və Turizm Nazirliyi sərgidə 60 m2 sahədə xüsusi qurulmuş stendlə təmsil olunub: «Stenddə respublikamızın turizm imkanlarını əks etdirən reklam-çap məhsulları ziyarətçilərə paylandı, ölkəmizin turizm potensialı haqqında onlara geniş məlumatlar verildi. Nazirliyin nümayəndə heyəti ilə birgə Azərbaycan Turizm Assosiasiyası, “Bakı-Tur”, “Millennium tourism and congress” və “RG Travel” turizm şirkətlərinin nümayəndələri də sərgidə iştirak edirdilər. Adıçəkilən şirkətlər tərəfindən təklif olunan turlar barədə ziyarətçilərə ətraflı məlumatlar verildi».
   Turizm yetkilisi onu da bildirdi ki, Azərbaycanın stendi Türkiyə və digər ölkələrin KİV-nin diqqət mərkəzində olub. Türkiyə telekanalları, o cümlədən bir çox xarici telekanallar Azərbaycanın stendində çəkilişlər aparıblar: «Sərgi davam edən müddətdə turizm şöbəsinin müdiri Aydın İsmiyev tərəfindən “6 NEWS”, “Kanaltürk”, TRT və TGRT kanallarına respublikamızın zəngin turizm potensialı haqqında geniş məlumat verildi. TGRT kanalının nümayəndələri stendimizə yaxınlaşaraq ölkəmizin turizm bölgələrinin imkanlarını tanıtmaq məqsədilə Azərbaycana səfər etmək niyyətlərini ifadə etdilər».
   Sərgi zamanı həmçinin Aydın İsmiyevlə Suriya Ərəb Respublikasının turizm nazirinin müavini görüşərək iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirilməsi istiqamətində müvafiq fikir mübadiləsi aparıblar. Görüş zamanı nazir müavini bildirib ki, 2010-cu ilin 19-22 oktyabrında Suriya Ərəb Respublikasının Dəməşq şəhərində 8-ci ATB Beynəlxalq Turizm və Səyahət sərgisi keciriləcək. Qeyd olunan sərgiyə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi də dəvət olunub.
    İ.Hacıyevanın sözlərinə görə, sərgi davam edən müddətdə Azərbaycanı təmsil edən nümayəndələr müxtəlif ölkələrin sərgi iştirakçıları ilə görüşlər keçiriblər: «Stendimizə çoxlu sayda adi türk vətəndaşları, turizm şirkətləri, media nümayəndələri və yerli ziyarətçilər yaxınlaşırdılar. Azərbaycana səfər etmək marağında olanlara ölkəmizdə turizm sahəsinin inkişafı və perspektivi haqqında geniş məlumat verdik və turistlərin həmin ölkələrdən respublikamıza cəlb edilməsi istiqamətində bir sıra danışıqlar apardıq. Bundan əlavə, Azərbaycana gəlmək üçün vizanın alınması qaydaları, gediş-gəliş üçün nəqliyyat vasitələri, prioritet sayılan turizm növləri və inkişaf etmiş turizm əraziləri haqqında məlumatları da iştirakçıların nəzərinə çatdırdıq».
   Həmsöhbətimiz belə tədbirlərdə iştirak etməyin vacib olduğunu vurğuladı: «Çünki «EMİTT - 2009» beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialının təqdimatı yüksək səviyyədə keçirildi. Hesab edirəm ki, qeyd olunan sərgidə iştirakımız Azərbaycanın turizm potensialının geniş təbliğ olunması istiqamətində mühüm bir addım oldu».

  Fəxriyyə ABDULAYEV