Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi irsinin siyahısı hazırlanacaq. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünən keçirdiyi mətbuat konfransında bildirdi. Bu siyahıda ənənələr, musiqi, toy mərasimlərinin keçirilməsi, hətta at üstündə oyunlar da yer alacaq: “Xüsusi bir qeyri-maddi mədəni irs siyahısı hazırlanması ilə bağlı artıq ilkin işlərə başlamışıq. Sözsüz ki, ancaq bu reyestrin hazırlanmasından söhbət getmir. Bizim məqsədimiz Azərbaycanın adət-ənənələrini qoruyub-saxlamaq, gələcək nəsillərə çatdırmaqdır. Bunun da xüsusi bir siyahıda təsdiqini tapması olduqca vacib və zəruridir”.
   Ə. Qarayev onu da vurğuladı ki, qeyri-maddi mədəni irslə paralel olaraq, maddi irsin qorunmasına da xüsusi ehtiyac var: «Tarixi abidələrin qorunması, saxlanması, konservasiyası və bərpasının necə həyata keçirilməsi üzərində də ciddi düşünmək lazımdır. Bu mexanizm yenidən işlənib hazırlanmalıdır”.
   Nazirin sözlərinə görə, bununla əlaqədar xüsusi proqram var. Müxtəlif qurumların təqdimatı əsasında martın 1-nə qədər yeni siyahı hazırlanacaq. Bu siyahı 7 mindən artıq abidəni əhatə edəcək.

   Fəxriyyə ABDULLAYEVA