Azərbaycan
6 mart 1931 – Əməkdar incəsənət xadimi, ədəbiyyatşünas, yazıçı Fərman Allahverdi oğlu Eyvazov (1931-1996) anadan olub.
6 mart 1955 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884 – 1955) Ankarada vəfat edib. Xalq Cümhuriyyətinin süqutundan (1920) sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı” və s. əsərlərin müəllifidir.
7 mart 1908 – Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908-1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s.
7 mart 1926 – Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) vəfat edib. 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. 1918-ci ildə qaçqınlıq taleyi yaşayıb, ömrünün sonuna yaxın doğulduğu kəndə qayıdıb və orada dünyasını dəyişib.
7 mart 1926 – Şərqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Böyükağa Murtuza oğlu Hüseynov (1926-1983) Bakıda anadan olub.
7 mart 1945 – Xalq artisti Xuraman Abdulla qızı Hacıyeva (1945 – 15.2.2005) anadan olub. “Arşın mal alan” (1965), “Lətifə” və s. filmlərdə çəkilib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.
8 mart 1338 – Azərbaycanın mütəfəkkir şairi Marağalı Əvhədi (Rüknəddin; 1274-1338) vəfat edib. Sufilik fəlsəfəsinə əsaslanan poetik əsərlərin, şeir və poemaların (“Cami-cəm”) müəllifidir.
8 mart 1911 – Xalq artisti Ağadadaş Gülməmməd oğlu Qurbanov (1911 – 25.6.1965) anadan olub. Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çıxış edib. “Koroğlu”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Arşın mal alan” (1965, Soltan bəy) və s. filmlərdə çəkilib.
8 mart 1923 – Ədəbiyyatşünas, teatrşünas Ədilə Əlihüseyn qızı Əliyeva (1923-1984) Bakıda anadan olub.
8 mart 1940 – Kinooperator Ramiz Əlirza oğlu Babayev (1940-1994) Bakının Əmircan qəsəbəsində doğulub. 1957-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.
8 mart 1947 – Şair, publisist Ağamalı Sadiq Əfəndi (Ağamalı Əhməd oğlu Əfəndiyev; 1947-1995) Qazax rayonunun Qaymaqlı kəndində doğulub. Kitabları: “Əyil, səndən keçim, dünya”, “Vətən üçün yaşanmış əfəndi ömrü” və s.
8 mart 2006 – Xalq artisti, tanınmış teatr və kino aktyoru, Dövlət mükafatı laureatı Əliabbas Gülabbas oğlu Qədirov (15.2.1946 – 2006) vəfat edib. Akademik Milli Dram Teatrının direktoru (2002-2006) olub.
9 mart 1893 (bəzi mənbələrdə 12 dekabr) – Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1893 – 16.11.1938) Şamaxıda anadan olub. Azərbaycan milli teatr tarixində müstəsna xidmətlər göstərib, dram və opera tamaşalarına quruluş verib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya olunub və güllələnib.
9 mart 1915 – Xalq rəssamı Kamil Əli Abbas oğlu Xanlarov (1915-1996) anadan olub. Füsunkar təbiət lövhələrini kətana köçürüb: “Zaqatala dağları”, “Şuşa”, “Araz sahilində”, “Ordubadda qış” və s. Filmlərdə (“Kəndlilər”, “Fətəli xan”) geyim rəssamı işləyib.
9 mart 1929 – Tanınmış diktor, Əməkdar artist Gültəkin Əjdər qızı Cabbarlı (1929 – 15.10.1996) anadan olub. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.
9 mart 1952 – Əməkdar incəsənət xadimi, aktyor, rejissor Əhməd Haşım oğlu Qəmərli (Məlikov; 1880-1952) vəfat edib. Bakı Azad Tənqid-Təbliğ Teatrında çalışıb. “İsmət” (1934), “Almaz” (1936) və s. filmlərdə çəkilib. Kiçik pyeslər yazıb.
Dünya
6 mart 1475 – İtalyan rəssamı, Avropa İntibahının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Lodovico Buonarroti Simoni; 1475 – 18.2.1564) anadan olub. Rəssamlıqla yanaşı, heykəltəraş, memar, şair kimi də tanınıb.
6 mart 1909 – Polyak satirik yazıçısı, şair, filosof Stanislav Yeji Les (Stanislaw Jerzy Lec; 1909-1966) anadan olub.
6 mart 1928 – Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez; 1928 – 17.4.2014) anadan olub. Əsərləri: “Polkovnikə heç kim yazmır”, “Yüz il tənhalıqda”, “Patriarxın payızı” və s.
7 mart 1875 – Fransız impressionist bəstəkarı, XX əsr musiqisinin islahatçılarından Moris Ravel (Joseph Maurice Ravel; 1875-1937) anadan olub.
7 mart 1924 - Yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924-1993) anadan olub.
7 mart 1941 – Rusiyanın Xalq artisti Andrey Mironov (Menaker; 1941-1987) anadan olub.
8 mart 1575 – Alman filosofu Yakob Böme (Jakob Böhme; 1575-1624) anadan olub.
8 mart 1851 – Maarifçi, mütəfəkkir, naşir İsmayıl Qaspıralı (Qasprinski; 1851 - 24.9.1914) Krımın Qaspıra şəhərində doğulub.
9 mart 1814 – Ukrayna şairi, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko (1814 - 10.3.1861) anadan olub.
9 mart 1934 – Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Volontir (1934 – 15.9.2015) anadan olub. Azərbaycanda “Tütək səsi” filmində çəkilib.
Hazırladı: Vüqar ORXAN