Aprelin 27-də Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər, 4-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar və 1-ci Ümumrespublika Daxili Turizm sərgilərinin açılışına həsr edilmiş mətbuat konfransı keçirildi.
  
 
   «İteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov bildirdi ki, ötən sərgilərdən fərqli olaraq builki sərgidə iştirakçıların sayı artıb. Bu sərgidə 24 ölkədən 120-dən çox şirkət 33 istiqamət üzrə öz məhsullarını təqdim edəcək: «Azərbaycanda turizm sektoru inkişaf edir, əlaqələr getdikcə genişlənir. Xarici turoperatorların da ölkəmizə marağı ildən-ilə artır».
   F.Məmmədov sərginin keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və ilk vaxtlardan sərginin daimi iştirakçısı olduğuna görə Türkiyə Respublikasına təşəkkür etdi.
   Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev dedi ki, bu il AİTF Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ilə eyni zamanda ilk dəfə olaraq 1-ci Azərbaycan Daxili Turizm Sərgisi də keçiriləcək. Bu sərginin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edildiyini deyən A.İsmiyevin sözlərinə görə, sərgini keçirməkdə əsas məqsəd yerli əhalini və xarici qonaqları Azərbaycanın daxili turizm potensialı ilə yaxından tanış etməkdir: «Hər iki sərgi respublikamız üçün əhəmiyyətlidir. Bu sərgilərdə dünyanın turizm üzrə mütəxəssisləri Bakıya toplaşır, onlar ölkəmizin turizm imkanları ilə tanış olurlar».
   A.İsmiyev onu da bildirdi ki, adıçəkilən sərgilər Dünya Turizm Təşkilatı tərəfindən də dəstəklənir.
   Builki sərgidə Türkiyə Respublikası ilk dəfə olaraq AİTF-nin tərəfdaşı kimi çıxış edir. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Aytəkin Yılmaz bildirdi ki, daxili turizm sərgisinin keçirilməsi Azərbaycan dövləti tərəfindən turizmin inkişafına verilən önəmin göstəricisidir. A.Yılmaz turizm sahəsində yüksək nailiyyətlər əldə edən Türkiyənin öz təcrübəsini Azərbaycanın turizm sənayesində çalışan insanlarla bölüşməyə hazır olduğunu da qeyd etdi.
   
   Fəxriyyə