Hər birimiz hansısa melodiyanın, yaxud mahnının sanki qulağımızda çalındığından, bu halın diqqətimizi cəmləşdirməyə imkan vermədiyindən nə vaxtsa əziyyət çəkmişik.
Demə, bu vəziyyətin elmi adı da varmış: “qulaq qurdu” yaxud “konqinitiv qaşınma” terminləri hər hansı musiqi parçasının aramsız olaraq insanın qulağında səslənməsini ifadə edir. Bu hal belə baş verir: musiqili informasiya qavranılarkən baş beyin qabığının eşitmə zonası aktivləşir. Maraqlıdır ki, eşitmə zonası təkcə musiqini real dinləyən zaman deyil, həm də insan konkret melodiyanın necə səsləndiyini xatırladıqda da aktivləşir.
Aparılan tədqiqatdan məlum olur ki, tanış bir musiqini dinləyərkən melodiya yarımçıq kəsildikdə belə, eşitmə zonasının nahiyələri hələ bir müddət öz aktivliyini saxlayır. Başqa sözlə desək, beyin mahnı kəsildikdən sonra da bir müddət onu zümzümə edir. Bəzən audio obrazların seçimi beyinin neqativ iz buraxmış xatirələri aktivləşdirməsi ilə də bağlı olur.
Belə bir fərziyyə də var ki, beyni hədsiz yüklənməmiş adamlar ilişmiş mahnı sindromuna başqalarına nisbətən daha çox məruz qalırlar. Gündəlik fəaliyyət azlığından şüurda qalan bol boş yer müxtəlif gərəksiz, amma xoşagələn informasiya ilə dolur.
Belə mahnı üçün sadə və xoş motiv, təkrarlanan sözlər və qeyri-adi ritm kifayətdir. Reklamçılar yaymaq istədikləri ideyanı çatdırmaq üçün bu cür melodiya və mətnlərdən bacarıqla istifadə edirlər.
Tədqiqatçılar “qulaq qurdu”ndan qurtulmaq üçün bir mahnını başqası ilə əvəzləməyi, beyini maraqlandıracaq başqa bir məşğuliyyətlə baş qatmağı, limon, ya da darçın kimi kəskin dada və ya qoxuya malik nəsə çeynəməyi məsləhət görürlər.
Psixoloqlar isə “qulaq qurdu”nun beyinin içindən yeriyərək qulaq labirintindən çıxdığını, bu yolla da zəhlənizi tökən mahnıdan canınızın necə qurtardığını təsəvvür etməyi məsləhət görürlər.
GÜLCAHAN