Azərbaycan
1 aprel 1905 – Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1905 – 13.11.1983) Tiflisdə doğulub. “Azərbaycanfilm” kinostudiyasında bədii (“Qara daşlar”, “Kölgələr sürünür”) və sənədli (“Bakıdan Göygölədək”, 1947, ilk Azərbaycan rəngli filmi) filmlərin operatoru olub.
1 aprel 1916 – Tanınmış şair Ənvər Əliverdi oğlu Əlibəyli (1916 – 7.5.1968) anadan olub. “Sənin adınla”, “İlk məhəbbət”, “Elə xoşbəxtəm ki!” və s. kitabların müəllifidir. Şeirlərinə mahnılar bəstələnib. Radio və Televiziya Verilişləri Komitəsinin sədri (1964-1968) işləyib.
1 aprel 1921 – Əməkdar mədəniyyət işçisi Əminə Cəfər qızı Cəfərova (1921-2005) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında səs texniki işləyib.
1 aprel 1924 – Xalq artisti, müğənni Abdulla Murtuz oğlu Babayev (1924-2015) Naxçıvan MR Babək rayonunun Tumbul kəndində anadan olub.
1 aprel 1929 – Məşhur xanəndə Ələsgər Baba oğlu Abdullayev (Şəkili Ələsgər; 1866–1929) vəfat edib.
1 aprel 1933 – Yazıçı-ssenarist, filoloq Vitali Abramoviç Kalmanovski (1933 – 16.6.2014) Bakıda anadan olub. “Bir dəfə Bağdadda” operettasının (musiqi: Emin Sabitoğlu) libretto müəllifidir.
1 aprel 1954 – Əməkdar incəsənət xadimi, opera müğənnisi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 5.1.1884 – 1954) vəfat edib.
1 aprel 1980 – Görkəmli aktyor, Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 6.1.1907 – 1980) vəfat edib.
1 aprel 1981 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 19.5.1910 – 1981) vəfat edib. Respublika Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub.
1 aprel 2014 – Xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (Muğanna; 12.6.1928 – 2014) vəfat edib. Tarixi-fəlsəfi romanları (“Məhşər”, “Yanar ürək”, “İdeal” və s.) yazıçıya şöhrət gətirib. “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.
2 aprel 1870 – Şair Azər Məcid oğlu İmaməliyev (Azər Buzovnalı; 1870 – 8.8.1956) Bakının Buzovna kəndində doğulub. Felyetonlar yazıb, fars dilindən ədəbi tərcümələr edib.
2 aprel 1931 – Xalq rəssamı Altay Əmir oğlu Hacıyev (1931 – 12.2.2019) anadan olub. Qrafika nümunələrinin, portretlər silsiləsinin (“Tomris”, “Məhsəti Gəncəvi”, “Sara Xatun”, “Xurşudbanu Natəvan”, “Aşıq Pəri” və s.) və s. əsərlərin müəllifidir.
3 aprel 1908 – Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) İrəvanda doğulub. Fəlsəfi və ədəbi fikir tariximizə dair tədqiqatların müəllifidir. Əsərləri iki dəfə Stalin mükafatına layiq görülsə də, əleyhdarları onu millətçilikdə ittiham edərək əleyhinə kampaniya başladıblar. 1950-ci ilin yayında intihar edib.
3 aprel 1922 – Tanınmış tarixçi və arxeoloq, dünyanın ən qədim insan məskənlərindən olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı Məmmədəli Murad oğlu Hüseynov (1922-1994) Qazax rayonunun Molla Cəfərli kəndində anadan olub.
4 aprel 1898 – Mədəni-maarif xadimi Məryəm Teymur qızı Bayraməlibəyova-Məlik-Yeqanova (1898-1987) Lənkəranda anadan olub. 30-40-cı illərdə repressiyaya məruz qalıb, sürgündə yaşayıb.
4 aprel 1913 – Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 – 4.1.1988) Salyanda doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrında, Akademik Milli Dram Teatrında çalışıb. “Kölgələr sürünür”, “Bir qalanın sirri”, “Həyat bizi sınayır” və s. filmlərdə çəkilib, bir sıra filmlərdə aparıcı rolları səsləndirib.
4 aprel 1931 – Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931 – 22.7.2011) Göyçayda anadan olub.
4 aprel 1935 – Xalq artisti Muxtar Qəmbər oğlu Maniyev (1935 – 22.12.2016) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub. 50-dən çox filmdə (“İnsan məskən salır”, “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Nizami” və s.) maraqlı obrazlar yaradıb.
5 aprel 1909 – Bəstəkar Asəf Zeynalabdin oğlu Zeynallı (1909 – 27.10.1932) Şuşada doğulub. Musiqi tariximizdə yeni janrların yaradıcısı, simfonik, kamera-vokal və instrumental əsərlərin, uşaqlar üçün ilk musiqi əsərinin (“Uşaq süitası”) müəllifidir. Xalq mahnılarını nota köçürüb.
5 aprel 1940 – Şair, nasir, ədəbiyyatşünas Arif Əbdürrəhman oğlu Abdullazadə (1940-2002) Şəkidə anadan olub.
6 aprel 1935 – Əməkdar mədəniyyət işçisi, aşıq Şərbət Fətiyev (1935-2016) Şamaxıda doğulub.
6 aprel 1939 – Xalq artisti, kinorejissor, ssenarist, yazıçı, professor Tofiq Hüseyn oğlu İsmayılov (1939 – 25.3.2016) Bakıda anadan olub. Filmləri: “Gilas ağacı”, “Mən mahnı qoşuram”, “Musiqi müəllimi”, “Əzablı yollar”, “Vulkana doğru” və s.
Dünya
1 aprel 1809 – Rus yazıçı-dramaturqu Nikolay Vasilyeviç Qoqol (Yanovski; 1809 - 4.3.1852) anadan olub. “Ölü canlar” romanı, “Müfəttiş”, “Evlənmə” pyesləri və s. əsərlərin müəllifidir.
1 aprel 1873 – Rus bəstəkarı, pianoçu Sergey Vasilyeviç Raxmaninov (1873-1943) anadan olub. 1917-ci ildə Amerikaya mühacirət edib.
2 aprel 1805 – Danimarkalı yazıçı, dünya şöhrətli nağılbaz Hans Kristian (Christian) Andersen (1805-1875) anadan olub. Andersenin xatirəsinə ehtiram olaraq 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurasının (İBBY) təşəbbüsü ilə 2 aprel “Beynəlxalq Uşaq Kitabı Günü” elan olunub.
2 aprel 1840 – Fransız yazıçısı, naturalizm ədəbi cərəyanının nəzəriyyəçisi Emil Zolya (Emile Zola; 1840 - 29.9.1902) anadan olub. İyirmi romandan ibarət “Ruqonlar və Makkarlar” epopeyasının müəllifidir.
3 aprel 1783 – Amerika yazıçısı, tarixçi Vaşinqton İrvinq (Washington İrving; 1783-1859) anadan olub.
3 aprel 1918 – Ukrayna yazıçısı Oles (Aleksandr) Qonçar (1918-1995) anadan olub.
3 aprel 1924 – Amerika aktyoru Marlon Brando (1924-2004) anadan olub. Filmləri: “Limanda” (“Oskar”, 1954), “Xaç atası” (“Oskar”, 1972), “Parisdə sonuncu tanqo” və s.
4 aprel 1818 – İngilis yazıçısı, macəra romanlarının (“Başsız atlı”) müəllifi Mayn Rid (Thomas Mayne Reid; 1818-1883) anadan olub.
4 aprel 1932 – Rus kinorejissoru və ssenaristi Andrey Tarkovski (1932-1986) anadan olub. “İvanın uşaqlığı”, “Andrey Rublyov”, “Stalker” və s. filmlərin müəllifidir.
5 aprel 1588 – İngilis filosofu Tomas Hobbs (Thomas Hobbes; 1588-1679) anadan olub.
5 aprel 1900 – Amerika aktyoru, “Oskar” mükafatçısı Spenser Treysi (Spencer Tracy; 1900-1967) anadan olub.
5 aprel 1945 – Türk bəstəkarı və müğənnisi, türk rok musiqisinin yaradıcılarından biri Cem (Muxtar) Karaca (1945 – 8.2.2004) anadan olub.
6 aprel 1826 – Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau; 1826-1898) anadan olub. Əsərləri: “Edip və Sfinks”, “Yupiter” və s.
6 aprel 1929 – Alman əsilli Amerika bəstəkarı və dirijoru Andre Previn (Andreas Ludwig Priwin; 1929-2019) anadan olub. Film musiqilərinə görə 4 dəfə “Oskar” mükafatı qazanıb.
Hazırladı: Vüqar ORXAN