Barselonada eksperiment konsert təşkil edilib

İspaniyanın Barselona şəhərində pandemiya dövrü üçün qeyri-adi olan eksperiment konsert təşkil edilib. 5 minlik tamaşaçının toplandığı konsertə girişdə hər kəs COVİD -19 üçün ekspress test verib və nəticəsi neqativ çıxanlar artistlərin çıxışını izləyiblər.

Konsertin təşkilatçıları pandemiyada belə insanların əylənə bilməsini və əsas təhlükəsizlik tədbirlərinə riayət olunmasını sübut etmək istəyirlər. Tədbirdən sonra bir ay ərzində ekspress testdən keçmiş 5 min nəfərin səhhəti izləniləcək və nəzarətdə olacaq.

Qeyd edək ki, konserti izləyənlər maskadan istifadə etsələr də, ara məsafəsi qorunmayıb. Eksperiment tədbiri yerli idarəetmə orqanları ilə yanaşı, ölkənin müvafiq səhiyyə qurumları da dəstəkləyib.

İspaniyada 4 nəfər və artıq insanların toplanması qadağan edildiyi bir vaxtda təşkil edilən eksperimentin nəticəsinin necə olacağı maraq doğurur.

2020-ci ilin dekabr ayında eyni eksperimenti 500 nəfərlik izləyici ilə keçirən təşkilatçılar heç bir yoluxma ilə üzləşmədiklərini bildiriblər. Təşkilatçılar bir gerçəkliyi göstərməyə çalışıblar – dünyanın mədəni həyatı əvvəlki kimi təhlükəsizdir. Tamaşaçılar isə bu eksperimenti normal həyata doğru böyük bir addım kimi dəyərləndiriblər.

LALƏ