Azərbaycan
7 aprel 1906 – Azərbaycanın ilk satirik nəşri olan “Molla Nəsrəddin” jurnalının birinci sayı çapdan çıxıb. Böyük ədib Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalda Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, M.S.Ordubadi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.
7 aprel 1930 – Tanınmış jurnalist, mədəniyyət xadimi Azad Ağakərim oğlu Şərifov (1930 – 24.12.2009) anadan olub. Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri, “Azərinform”un (indiki AZƏRTAC) direktoru işləyib.
8 aprel 1888 – Dövlət xadimi, publisist Dadaş Xoca oğlu Bünyadzadə (1888-1938) Bakının Fatmayı kəndində doğulub. 1920-1922-ci illərdə Azərbaycan SSR-in maarif komissarı (1920-1922), 1930–1932-ci illərdə respublika hökumətinin başçısı (Xalq Komissarları Sovetinin sədri) olub. Repressiya qurbanıdır.
8 aprel 1976 – Xalq artisti Antonina Mixaylovna Filippova (1897-1976) vəfat edib. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1935-1950) olub.
9 aprel 1905 – Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 – 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub. Azərbaycan ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğətinin tərtibçisidir.
9 aprel 1931 – Əməkdar incəsənət xadimi, teatrşünas, sənətşünaslıq doktoru, professor Rahib Abuzər oğlu Hüseynov (1931 – 5.5.1994) Bakıda doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun rektoru olub.
9 aprel 1946 – Tanınmış aktyor və rejissor Ceyhun Cəmil oğlu Mirzəyev (1946 – 5.3.1993) Ağdam rayonunun Abdal Gülablı kəndində doğulub. “Ögey ana”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib. “Fəryad” filminin rejissoru və baş rol ifaçısıdır. “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub.
9 aprel 2000 – Bakıda, Şəhidlər xiyabanında 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlmiş və burada şəhid olmuş türk (Osmanlı) əsgərlərinin xatirəsinə ucaldılan abidənin açılışı keçirilib.
Dünya
7 aprel 1883 – İtaliya rəssamı və heykəltəraşı, futurizm cərəyanının banilərindən biri Cino Severini (1883-1966) anadan olub.
7 aprel 1889 – Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1945) laureatı Qabriela Mistral (Gabriela Mistral – əsl adı Lucila Godoy Alcayaga; 1889-1957) anadan olub.
8 aprel 1692 – İtaliya bəstəkarı Cüzeppe Tartini (1692-1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurluq qazanıb.
8 aprel 1859 – Alman filosofu, fenomenologiyanın banisi Edmund Husserl (1859-1938) anadan olub.
8 aprel 1973 – Dünya şöhrətli ispan rəssamı, heykəltəraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 25.10.1881 - 1973) vəfat edib. Kubizm cərəyanının banilərindən biridir. Məşhur əsərləri: “Avinyonlu qızlar”, “Gernika”.
9 aprel 1821 – Fransa şairi və ədəbiyyatşünası Şarl-Pyer Bodler (Charles Pierre Baudelaire; 1821-1867) anadan olub.
9 aprel 1906 – Amerikalı bəstəkar və dirijor Antal Dorati (1906-1988) anadan olub.
Hazırladı: Vüqar ORXAN