Bugünlərdə Frankfurt şəhərinin “Messe Congress” mərkəzində “Qlobal İşgüzar Həftə” (GBW) çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin sponsorluğu ilə “Azərbaycan - sərmayə ölkəsi” mövzusunda konfrans keçirilib. Tədbirdə ölkəmizin müvafiq qurumlarının təmsilçiləri ilə yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşı Günay Fərədova, AZTA-nın sədri Nahid Bağırov, musiqiçilər heyəti iştirak edib.
Bu barədə məlumat verən G.Fərədovanın sözlərinə görə, konfransda çıxış edən Frankfurtdakı Ticarət-İqtisadiyyat Palatasının sədri Urgen Ratsinger Azərbaycan və Almaniya arasında çoxtərəfli əməkdaşlıq, ölkəmizin sürətli iqtisadi inkişafı haqqında danışıraq bildirib ki, Azərbaycan sərmayə yerləşdirilməsi üçün çox əlverişli ölkədir. Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov energetika sahəsində iki ölkə arasında aparılan əməkdaşlıqla bağlı toplantı iştirakçılarını məlumatlandırıb.
Öz növbəsində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi tərəfindən turizm sahəsində statistik göstəricilər, ölkəmizin iştirak etdiyi beynəlxalq layihələr, Azərbaycanda investisiya mühiti, sərmayəçilərin cəlb edilməsi, Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının məqsədləri, turizm sahəsində iri layihələr barədə ətraflı məlumat verilib.
Sonda çıxış edən Azərbaycan-Alman İqtisadiyyat Forumunun (DAWL) sədri Marko Qraff rəhbərlik etdiyi qurumun fəaliyyəti və məqsədləri, həmçinin Azərbaycanda işgüzar fəaliyyətin müsbət və mənfi cəhətlərindən danışıb.
Həmsöhbətimiz maraqlı bir məlumatı diqqətimizə çatdırdı ki, tədbirdən sonra Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub: «Muğam-caz ifaçıları və Dövlət Rəqs Ansamblının rəqqasları böyük konsert proqramı ilə çıxış etdilər. Bundan əlavə, qonaqlara respublikamızın turizm potensialını təbliğ edən reklam çarxları nümayiş etdirildi».
G.Fərədova onu da bildirdi ki, mayın 17-dən 20-dək ARDNŞ-in lövhəsində Mədəniyyət və Turizm Nazirliyinin banerı və respublikamızın turizm potensialını əks edən reklam çarxları nümayiş etdirilib. Gələn iştirakçılara və ziyarətçilərə reklam-çap məhsulları paylanılıb, ölkəmizin turizm imkanları haqqında məlumatlar verilib.
Fəxriyyə Abdullayeva