Qəbələdə turizmin inkişafı üçün mövcud olan potensial imkanlardan yerli iş adamları səmərəli istifadə edirlər. Hər il rayonda müasir standartlara uyğun bir neçə yeni turizm obyekti fəaliyyətə başlayır.
   
   Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə, ötən 6 ildə Qəbələdə müasir turizm obyektlərinin sayı 4 dəfə artaraq 16-ya çatıb. Təkcə son bir ildə rayonda 6 yeni turizm obyektinin açılışı olub.
   Yeni istifadəyə verilən "Semerena" istirahət mərkəzi, “Qafqaz park” gənclik istirahət-turizm mərkəzi, “Fitnes” sağlamlıq mərkəzi, "Yengicə istisu” sanatoriyası, “Sahil”, "Karvan" və "Qafqaz Resort" hotelləri ümumilikdə 800-ə yaxın turistə xidmət göstərmək imkanına malikdir.
   Turizm mövsümünün başlanması münasibətilə istirahət mərkəzlərində xidmətlərə görə qiymətlər ötən illə müqayisədə xeyli ucuzlaşdırılıb. Rayonun istirahət mərkəzləri builki turizm mövsümündə hotel xidmətlərinə bir otaq üçün 30-40 manatadək, restoran xidmətlərinə 20-25 faizədək endirim ediblər. Üçotaqlı kottecin bir günlük kirayə haqqı ötən il 100 manat idisə, bu il 80 manat təşkil edir. İstirahət mərkəzlərinin bir neçəsi qonaqlara meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahətlər təşkil edir.

   Fəxriyyə Abdullayeva