Əgər bu ərazilərdən səmərəli istifadə edilsə…
   
   Dünyanın okean və dəniz sahillərində yerləşən ölkələri çimərlik turizmindən böyük gəlirlər götürürlər. Bu baxımdan Xəzərin qumlu sahilləri Azərbaycanda da turizmin bu növünün inkişafı üçün geniş imkanlar yaradır. Qeyd edək ki, ölkəmizin şimalından (Rusiya sərhədi) cənubunadək (İran sərhədi) uzanan sahilboyu zolaq 825 km-dir. Bəs bu təbii imkandan nə dərəcədə yararlana bilirik?
   
   Bu sualla coğrafiya elmləri namizədi, Bakı Dövlət Universitetinin müəllimi Səkinə Zülfüqarovaya müraciət etdik. Həmsöhbətimiz bildirdi ki, Xəzər dənizi sahillərinin ən azı 70-80 faizini 100-130 metr məsafədə çimərlik üçün yararlı hesab etsək, bu, 80 milyon kv. m. ərazi deməkdir. Çimərlikdə istirahət edənlər üçün normativləri hər nəfər üçün 10 kv. m-dən hesablasaq, deməli, Azərbaycanın Xəzər sahillərində təxminən 8 milyon nəfərin istirahəti üçün imkan var: «Amma 2005-2008-ci illərin statitikasına görə, Xəzər çimərliklərindən təxminən 1,5 milyon nəfər insan istifadə edib ki, bu mövcud potensialın beşdə birindən də azdır».
   
   1978-1995-ci illərdə Xəzər sahilində 131 min hektar sahə su altında qalıb
   
   S.Zülfüqarova qeyd edir ki, Xəzər dünyanın ən möcüzəli dənizlərindəndir. Bu dənizdə hər 100 ildə 3-4 dəfə kəskin xarakterli səviyyə tərəddüdləri baş verir: XX əsri götürsək, Xəzər dənizinin səviyyəsi 1900-1930-cu illərdə qalxıb, sonrakı 46 il ərzində kəskin enib, 1978-1995-ci illərdə yenidən dənizin səviyyəsi kəskin qalxıb, hazırda stabilləşərək, aşağı düşür. Çoxillik qalxma-enmə nəticəsində Xəzərin 370 min kv. km sahəsi 30-50 kv. km artır və ya azalır.
   Bu amil digər təsərrüfat sahələri ilə yanaşı, Xəzərin çimərliklərindən və sahil boyu ərazilərindən istifadə nəzərə alınmadığından hər dəfə Xəzərin səviyyəsi kəskin qalxdıqda çimərliklərə məxsus qurğular dəniz suları altında qalır, qumlu ərazilər dəniz dalğaları ilə yuyulur və çimərliklər istifadə üçün tam yararsız hala düşür: «Təkcə onu qeyd edək ki, 1978-1995-ci illərdə Xəzərin səviyyəsinin qalxması nəticəsində dənizin Azərbaycan sahillərində 50 yaşayış məntəqəsini, 250 sənaye müəssisəsini, 60 km avtomobil yolu, 40 min hektar qış otlaq sahəsini, ümumiyyətlə, 131 min hektar ərazini su basmışdı. Bu ərazilərin bir qismini qamış basıb, bataqlıqlaşma baş verib və istifadəyə yararsız hala düşüb. Bu göstəricilər Bakı şəhəri, onun inzibati rayonları və respublikanın digər 9 rayonunun ərazilərində müşahidə edilir. Ən çox subasma Lənkəran, Neftçala, Masallı rayonlarında, Bakı ətrafında müşahidə edilmişdi. Əksinə, Xəzərin səviyyəsi kəskin surətdə aşağı düşdükdə yararlı qumlu çimərlik sahələri dənizdən bir neçə yüz metr aralıda qalır və kəskin çirklənmə müşahidə edilir. Hər belə səviyyə tərəddüdündən sonra çimərliklərə məxsus qurğu və tikililər sökülərək yenidən dənizə yaxın ərazilərdə inşa edilir. Buna görə də Xəzər dənizinin çimərliklərində aparılan hər cür tikinti-quraşdırma işləri yalnız Xəzərin səviyyə tərəddüdləri nəzərə alınaraq həyata keçirilməlidir».
   Mütəxəssis bildirir ki, 2003-cü il 13 yanvar tarixli «Azərbaycan Respublikasının Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair» prezident sərəncamına əsasən, Xəzər sahillərində aparılan hər cür tikinti-quraşdırma işləri yalnız dənizdən 130 metr aralıda aparılmalıdır: «Çox təəssüf ki, göstərilən sərəncama Abşeronda, Şimal-Qərb bölgəsində, Lənkəran rayonu ərazisində tam əməl olunmur. Bəzi yerlərdə Xəzər dənizinin çimərlik ərazilərini daş, çınqıl, qum və s. tullantılarla dolduraraq süni surətdə dənizlə çimərlik arasındakı məsafə 130 metrə çatdırılıb. Belə hallara Abşeronda yerləşən çimərliklərdə daha çox rast gəlinir».
   
   Sahilboyu çimərlik əraziləri dövlətə məxsus olmalıdır
   
   Müsahibimin sözlərinə görə, 2008-ci ilin dekabrında Milli Məclisdə «Torpaq haqqında» qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər nəticəsində sahilboyu zolağın 130 metrdən 25-50 metrədək azaldılmasına qərar verilib: «Bu isə 2003-cü ildə imzalanmış sərəncamın müddəalarına uğyun deyil. Çünki həmin sərəncam uzunmüddətli proqnozlara əsasən Xəzərin səviyyə tərəddüdləri nəzərə alınmaqla hazırlanıb. Əfsuslar olsun ki, Xəzərin sahillərində göstərilən sərəncama tam əməl olunmaması dənizin səviyyəsinin kəskin qalxma ehtimalı olacağı təqdirdə çimərlik sahələrinin yenidən dəniz suları altında qalmasına səbəb olacaq. Dəniz sahillərində yerləşən ölkələrin demək olar ki, heç birində çimərliklər Azərbaycanın Xəzər sahili çimərlikləri kimi özəlləşdirilməyib, hündürlüyü bir neçə metr olan daş hasarlara alınmayıb. Bu, çimərliklərdən əhalinin istifadə işində çox böyük çətinliklər yaradır».
   Mütəxəssis bu yöndə tövsiyələrini də verir: «Xəzər sahili boyu çimərlik əraziləri dövlətə məxsus olmalı, belə ərazilər çimərlik təsərrüfatı üçün uzun müddətə icarəyə verilməlidir. Azərbaycanın hazırda maliyyə imkanlarının artdığı bir dövrdə Xəzərin çimərlikləri dünya turizm standartlarına cavab verən bir səviyyədə yenidən qurulmalıdır. Bunun üçün Xəzər dənizinin çimərlik sahələrinin dəqiq qeydiyyatı aparılmalı, birinci, ikinci, üçüncü növbədə (dövrlərdə) onlardan necə istifadə məsələləri dəqiqləşdirilməli və müvafiq işlər həyata keçirilməlidir».
   
   Yaxın 50-100 ildə möcüzələr gözlənilir
   
   Xəzərşünas alimlər Xəzərin səviyyə tərəddüdlərini dənizə daxil olan suyun gəlir və çıxarı, atmosfer çöküntüləri və buxarlanmanın miqdarının müxtəlif olması, tektonik hadisələr, dənizin dibinin çökməsi, günəş fəaliyyəti, antropogen amillər və s. ilə izah edirlər. Xəzər dənizində qalxma və enmə problemi çoxəsrlik dövr üzrə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın alimləri tərəfindən araşdırılsa da, hələlik Xəzər dənizində səviyyə tərəddüdlərinin sirlərinə tam dəqiq cavab verilməyib.
   Səkinə xanım deyir ki, bu problemin ümumi səbəbləri aydın olsa da, yaxın 50-100 ildə Xəzərin səviyyə tərəddüdləri möcüzələrinin tam qarşısını almaq mümkün olmayacaq. Ona görə də dənizin hər səviyyə tərəddüdlərinin Xəzəryanı ölkələrin iqtisadiyyatına milyardlarla dollar zərər vura biləcəyini nəzərə alaraq, Azərbaycanda sahilboyu ərazilərin mənimsənilməsini 25-50 metrlik məsafədə yox, heç olmasa, 130-150 metrlik məsafədə aparmaqla ola biləcək zərərlərin qarşısını qismən almaq olar.
      
   Fəxriyyə Abdullayeva